Qanın laxtalanması ilə bağlı elmi təsəvvürlər dəyişə bilər
Beynəlxalq alimlər qrupu qanın laxtalanması prosesinin onilliklər ərzində qəbul edilən təsəvvürlərdən fərqli şəkildə baş verdiyini müəyyən edib. Araşdırmanın nəticələri qan laxtalanması pozuntularının müalicəsinə yanaşmaları dəyişə bilər.
Crossmedia.az xəbər verir ki, Financial Times bu barədə məlumat yayıb.
Böyük Britaniya, İsveç və Fransadan olan tədqiqatçılar Qrenoblda yerləşən Laue-Langevin İnstitutunda qanın laxtalanmasında əsas rol oynayan fibrinogen zülalının davranışını araşdırıblar.
Əvvəllər hesab olunurdu ki, fibrinogen molekulları hava ilə təmas zamanı bir maili təbəqə şəklində düzülür. Lakin təcrübələr göstərib ki, molekullar üfüqi istiqamətdə bir neçə təbəqə halında yerləşir. Alimlər bu quruluşu kağız vərəqlərinin üst-üstə yığılmasına bənzədiblər.
Əldə olunan nəticələr hemofiliyanın müalicəsində, həmçinin diabet xəstələri üçün daha effektiv qlükoza monitorinq vasitələrinin hazırlanmasında tətbiq oluna bilər.
Kəşf xüsusilə kəskin respirator distress sindromunun müalicəsi baxımından əhəmiyyətlidir. Bu xəstəlik zamanı ağciyərlərdə yaranan iltihab nəticəsində fibrinogen alveollara daxil olaraq trombların əmələ gəlməsinə və tənəffüs çatışmazlığına səbəb ola bilər.
Tədqiqatın müəllifləri əldə etdikləri nəticələrin bu təhlükəli xəstəliyin müalicəsi üçün yeni üsulların hazırlanmasına kömək edəcəyinə ümid edirlər.
11:14 20.08.2026
Oxunuş sayı: 56