Deputat: Ermənistan mülki əhalini hədəfə almaqla beynəlxalq hüququ pozdu
44 günlük Vətən müharibəsinin ən ağır səhifələrindən biri Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə, o cümlədən Gəncə şəhərinə raket hücumları təşkil etməsi oldu. Döyüş bölgəsindən uzaqda yerləşən Gəncənin atəşə tutulması nəticəsində mülki şəxslər həlak oldu, yaralandı və şəhərin yaşayış infrastrukturu zərər gördü. Hücumlar Ermənistanın hərbi əməliyyatlar zamanı yalnız cəbhə xəttini deyil, Azərbaycanın dinc əhalisini də hədəfə aldığını göstərən hadisələr sırasında yer aldı. Müharibə dövründə Gəncə ilə yanaşı, Bərdə, Tərtər və digər yaşayış məntəqələrinin də atəşə tutulması beynəlxalq humanitar hüququn mülki əhalinin müdafiəsi ilə bağlı prinsiplərini yenidən gündəmə gətirdi. 1949-cu il Cenevrə konvensiyaları və 1977-ci il əlavə protokolları müharibə zamanı mülki şəxslərin və mülki obyektlərin qorunmasını nəzərdə tutur. Buna baxmayaraq, müasir dövrdə də yaşayış məntəqələrinin məqsədli şəkildə atəşə tutulması halları baş verir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib ki, Ermənistanın İkinci Qarabağ müharibəsi zamanı Gəncə və digər Azərbaycan şəhərlərini atəşə tutması onun işğalçılıq siyasətini bir daha nümayiş etdirib:
"Müasir dövrdə şəhərlərin bombalanmasının və mülki insanlara qarşı qətliamların artıq keçmişdə qaldığı düşünülürdü. İkinci Dünya müharibəsindən sonra bombalanan, dağıdılan şəhərlərə edilən hücumlar dünyanı, bəşəriyyəti elə bir lərzəyə salmışdı ki, 1949-cu ildə Cenevrə konvensiyaları, sonradan 1970-ci illərdə, 1977-ci ildə isə Cenevrə konvensiyasına əlavə protokollar qəbul edilmişdi. Yəni bəşəriyyət, ümumiyyətlə, hərbi cinayətlərin törədilməsinə, dinc sakinlərə və şəhərlərin bombalanmasına qarşı çıxış edərək müvafiq qanunlar qəbul etmişdi. Bəşəriyyət bu kabusun İkinci Dünya müharibəsindən sonra bir daha baş verməyəcəyini düşünürdü.
Ancaq biz müasir dövrdə də belə qətliamların, azğın cinayətlərin davam etdiyinin şahidi olduq. Hətta Birinci Qarabağ müharibəsi vaxtı Xocalı soyqırımı kimi böyük bir bəşəriyyət əleyhinə cinayət törədən Ermənistanın yenidən eyni taktikaya əl atması onun işğalçılıq siyasətini və iç üzünü bütün dünyaya açıq-aşkar göstərdi.
Ermənistan Birinci Qarabağ müharibəsində olduğu kimi, 44 günlük Vətən müharibəsi dövründə də əsasən mülki hədəfləri, vətəndaşlarımızı və mülki obyektləri hədəfə alırdı. Döyüş meydanında, savaşda uduzan Ermənistan qəsdən Azərbaycan şəhərlərini, mülki obyektləri və insanlarımızı hədəfə alırdı ki, öz məğlubiyyətinin, kapitulyasiyaya gedən yolun müddətini bəlkə də uzatsın. Lakin, təbii ki, buna nail ola bilmədi.
İkinci Dünya müharibəsindən sonra şəhərlərin ilk dəfə bombardman edilməsi göstərdi ki, müharibə hərbi silah texnologiyasının inkişafı ilə daha mənfi istiqamətlərdə irəliləyib. Birinci Dünya müharibəsi zamanı adətən döyüşlər şəhərlərdən kənar, boş sahələrdə və insan məskəni olmayan yerlərdə aparılırdı. Məsələn, Birinci Dünya müharibəsində Almaniya, Fransa və Antanta qüvvələri arasında Belçika və Fransa ərazisindən keçən 700 kilometrlik Qərb cəbhəsi var idi və səngər müharibəsi gedirdi. Yəni heç kim şəhərləri bombalamırdı; ordular müəyyən bir sahəyə yığışır, orada savaşıb haqq-hesab çürüdürdülər. İkinci Dünya müharibəsində isə şəhərlər bombalandı. Şəxsən özüm də İkinci Dünya müharibəsində yer üzündən silinən Drezden, Rotterdam, Berlin kimi şəhərlərdə olmuşam.
Lakin bu, bəşəriyyətə dərs olmadı. Biz 90-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsində Xocalı soyqırımının, Şuşa və Laçın kimi şəhərlərimizin yer üzündən silinməsinin şahidi olduq. Ermənistan İkinci Qarabağ müharibəsində də bunu davam etdirdi. Təəssüf ki, bu siyahını uzatmaq da olar. 90-cı illərin əvvəllərində, 1992–1997-ci illərdə baş vermiş Bosniya və Yuqoslaviya müharibələrində də şəhərlər yer üzündən silindi, dağıdıldı. Şəxsi təcrübəmdən bildiyim Sarayevo şəhəri də Xocalı və Gəncə kimi atəşə tutulan, dağıdılan şəhərlərdən biridir”.
Deputat qeyd edib ki, Azərbaycan Ordusunun müharibə zamanı mülki əhalinin qorunmasına diqqət yetirməsi ilə Ermənistanın davranışı arasında ciddi fərq olub:
“Azərbaycan ordusunu və Azərbaycan dövlətini Ermənistandan fərqləndirən əsas məqam o idi ki, bizim beynəlxalq hüquqla tanınan tam haqqımız var idi ki, Qarabağın istənilən nöqtəsini vurub yer üzündən silək. Buna baxmayaraq, biz yalnız Qarabağda yerləşən erməni hərbi obyektlərini hədəfə alırdıq. Mülki obyektlərə, qanunsuz məskunlaşan erməni sakinlərinə toxunmurduq. Müharibə vaxtı bir nəfər də olsun erməni mülki şəxsinin burnu belə qanamamışdı.
Ermənistan isə əksinə, Azərbaycanın böyük şəhərlərini — Gəncəni, Bərdəni, Tərtəri və digər yaşayış məntəqələrimizi atəşə tutur, vətəndaşları qorxuya salır, qətliamlar törədirdi. Məğlub olmaqda olan Ermənistan belə hərəkətlər etməklə bəlkə də Azərbaycanı da qarşılıq verməyə təhrik etməyi planlaşdırırdı ki, biz də cavab olaraq Ermənistandakı şəhərləri və mülki obyektləri bombalayaq. Ancaq təbii ki, ermənilər böyük bir yanlışlığa yol verirdilər; çünki Azərbaycan heç vaxt mülki obyektlərə əl qaldırmayıb və gələcəkdə də qaldırmayacaq.
Beynəlxalq hüquq təəssüf ki, bunları görməzlikdən gəldi. Heç bir beynəlxalq təşkilat Ermənistanın bu əməllərini qınamadı və beləliklə, cəzasızlıq mühitindən istifadə edən Ermənistanı daha da həvəsləndirdilər.
Təbii ki, Azərbaycan Ordusu yenə də öz sözünü döyüş meydanında dedi. Biz mülki insanlara toxunmadıq, Ermənistan ordusunu məhv etdik və onları sülhə məcbur elədik. Bizim böyüklüyümüz və müdrikliyimiz ondan ibarətdir ki, müdrik siyasət apararaq sülh təklifini və sülh müqaviləsinin layihəsini məhz biz təqdim etdik. Beləliklə, BMT-nin qəbul etdiyi sənədlərin tələblərini və beynəlxalq hüququ yerinə yetirmiş olduq. Buna görə də Ermənistan da daxil olmaqla, bütün beynəlxalq ictimaiyyət Azərbaycana təşəkkür etməlidir”.
Zeynəb Həsən
18:00 05.10.2026
Oxunuş sayı: 53