Azərbaycanın nəqliyyat sisteminin müasir vəziyyətinin kompleks təhlili
I yazı
Giriş
Müasir dövrdə nəqliyyat sistemi ölkənin
sosial-iqtisadi inkişafını, ərazi və regional inteqrasiyanı, daxili bazarın aktivliyini
və beynəlxalq iqtisadi əlaqələrin səmərəliliyini müəyyən edən əsas
infrastruktur sahələrindən biri kimi çıxış edir. Nəqliyyatın inkişaf səviyyəsi,
yalnız sərnişin və yüklərin bir məntəqədən digərinə daşınması imkanları ilə
məhdudlaşmır, eyni zamanda nəqliyyat multiplikativ təsirə malik sahə kimi,
həm də istehsal, ticarət, xidmət, logistika, turizm və investisiya
proseslərinin qarşılıqlı əlaqəsini təmin edən kompleks iqtisadi mexanizmdir. Bu
baxımdan nəqliyyat sisteminin vəziyyətinin qiymətləndirilməsi ölkənin iqtisadi
potensialının, tranzit imkanlarının və gələcək inkişaf istiqamətlərinin
müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Məlumdur ki, Azərbaycan Respublikası
əlverişli coğrafi mövqeyi, Xəzər dənizinə çıxışı və Avropa ilə Asiyanı
birləşdirən mühüm nəqliyyat marşrutlarının üzərində yerləşməsi ilə regional
nəqliyyat-logistika sistemində xüsusi mövqeyə malikdir. Son illərdə ölkədə
avtomobil və dəmir yollarının, dəniz limanlarının, hava limanlarının, logistika
mərkəzlərinin və digər nəqliyyat infrastrukturu obyektlərinin inkişafına
yönəlmiş genişmiqyaslı dövlət proqram və layihələri həyata keçirilməkdədir.
Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, Şimal–Cənub
və Şərq–Qərb nəqliyyat dəhlizləri, eləcə də Orta Dəhlizin inkişafı, Zəngəzur
dəhlizinin açılması istiqamətində atılan addımlar Azərbaycanın nəqliyyat
sisteminin milli əhəmiyyətlə yanaşı, beynəlxalq tranzit funksiyasını da
gücləndirmişdir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni avtomobil
və dəmir yolu xətlərinin yaradılması isə ölkənin nəqliyyat məkanının yenidən
formalaşmasına əlavə imkanlar yaradır. Bununla belə, nəqliyyat sisteminin
inkişafı yeni imkanlarla yanaşı, bir sıra struktur və institusional problemləri
də aktuallaşdırır. Avtomobil nəqliyyatının yük və sərnişin daşımalarında
üstün mövqeyi, avtomobilləşmə səviyyəsinin sürətli artması, şəhərlərdə
nəqliyyat sıxlığının yüksəlməsi, yol hərəkətinin təhlükəsizliyi, ekoloji yükün
artması və nəqliyyat infrastrukturunun artan tələbatla uzlaşdırılması bu
problemlərin əsas istiqamətlərini təşkil edir. Digər tərəfdən, dəmir
yolu və dəniz nəqliyyatının tranzit potensialının tam reallaşdırılması,
multimodal daşımaların genişləndirilməsi, logistika xidmətlərinin
təkmilləşdirilməsi və nəqliyyat növləri arasında inteqrasiyanın gücləndirilməsi
strateji prioritetlər kimi çıxış edir.
Müasir nəqliyyat sistemində rəqabət
üstünlüyü artıq yalnız yolun, dəmir yolunun və ya limanın mövcudluğu ilə deyil,
həmin infrastrukturun nə dərəcədə səmərəli idarə olunması, rəqəmsal
platformalarla inteqrasiyası, logistika zəncirinin çevikliyi və xidmət keyfiyyəti
ilə müəyyən edilir. Buna görə də Azərbaycanın nəqliyyat siyasətində fiziki
infrastrukturun genişləndirilməsi ilə yanaşı, ağıllı, rəqəmsal, yaşıl və
multimodal nəqliyyat modelinin formalaşdırılması da diqqət mərkəzində olmalıdır.
Aparılan təhlil və araşdırmanın da əsas məqsədi Azərbaycanın nəqliyyat
sisteminin müasir vəziyyətini kompleks şəkildə qiymətləndirmək, 2021–2025-ci
illərdə sektorun əsas makroiqtisadi göstəricilərinin, yük və sərnişin
daşımalarının, nəqliyyat növləri üzrə gəlirlərin, tranzit daşımalarının və
infrastruktur təminatının dinamikasını təhlil etməkdir. Təhlilin yekununda
nəqliyyat sisteminin güclü və zəif tərəfləri, mövcud imkanları və potensial
təhdidləri SWOT yanaşması əsasında qiymətlən-dirilərək onun daha səmərəli,
rəqabətqabiliyyətli və davamlı inkişafına xidmət edən strateji istiqamətlər
müəyyən edilir. Bu yanaşma Azərbaycanın nəqliyyat sisteminin, ayrı-ayrı
nəqliyyat növlərinin məcmusu kimi deyil, avtomobil yolu–dəmir
yolu–liman–hava limanı–logistika mərkəzi–gömrük–rəqəmsal platforma
elementlərini birləşdirən vahid nəqliyyat-logistika ekosistemi kimi
qiymətləndirilməsinə imkan verir.

Nəqliyyatın ölkə iqtisadiyyatında əlavə dəyər üzrə
xüsusi çəkisi də 2021-ci ildəki 6.9%-dən 2025-ci ildə 7.1%-ə yüksəlibdir.
2024-2025-ci illərdə isə 0.1% artım qeydə alınıb.

Bu artım nəqliyyatın sadəcə xidmət sektoru kimi
deyil, iqtisadi artımı dəstəkləyən strateji sektor kimi mövqeyinin
möhkəmləndiyini göstərir.
Araşdırmalar göstərir ki, nəqliyyat sektorunda
çalışanların sayı 2021-ci ildə 147 min
nəfər olduğu halda, 2025-ci ildə 185.2
min nəfərə çatmışdır ki, bu da, təxminən 26.0% artım deməkdir.

Bu nəticələrə görə, nəqliyyat sektorunun ölkə üzrə məşğulluqda payı da 8.6%-dən 10.2%-ə yüksəlmişdir. Deməli, nəqliyyat sisteminin inkişafı Azərbaycanda həm ÜDM-in formalaşmasına, həm məşğulluğa, həm də xidmətlər sektorunun genişlənməsinə və ümumilikdə iqtisadi tərəqqiyə təsir göstərir.
Nəqliyyat sektorunda əldə edilən ümumi mənfəətə gəldikdə 2021-2025-ci illərdə 2.2 milyard və ya 44.1% artım əldə edilibdir. Konkret olaraq, 2024-2025-ci illərdə isə 0.4 milyard manat artım təmin edilib.

Baxılan
dövrdə ölkə üzrə ümumi mənfəətdə nəqliyyat sektorunun xüsusi çəkisi, 2021-ci ildə 7.8%-dən 2025-ci ildə 8,9%-ə qədər artmışdır. O cümlədən, 2024-2025-ci illərdə də müsbət dinamika
saxlanıb və 0.5% artım əldə olub.
2025-ci
ildə əldə olunan xalis mənfəətə gəldikdə
isə, ölkə üzrə ümumi göstəricidə 7.3%-lik
paya malik olan nəqliyyat sektorunda 5.2
milyard manat xalis mənfəət əldə edilib.

Ümumilikdə, nəqliyyat sektorunda xalis mənfəət 2021-2025-ci illərdə 1119 milyon manat və
ya 27.6% artsa da, 2024-2025-ci illərdə
bu göstərici üzrə 91 milyon manat azalma
müşahidə edilib.

2021-2025-ci
illərdə əsas kapitala investisiyalarda
nəqliyyat sektorunun payı, ümumi ölkə üzrə göstəricinin, 2021-ci ildə 17.0%-ni, 2024-cü ildə 26.5%, 2025-ci ildə isə 22.0%-ni
təşkil edibdir. Baxılan dövrdə ən böyük investisiya həcmi 5863 milyon manatla
2024-cü ilə aiddir. Ümumilikdə isə, nəqliyyat sektoruna qoyulan investisiyalar,
əvvəlki illə müqayisədə, 2022-ci ildə 1756 milyon manat, 2023-cü ildə 804
milyon manat, 2024-cü ildə 446 milyon manat çox, 2025-ci ildə isə 1076 milyon
manat az olmuşdur.
2025-ci
ildə nəqliyyat sektorunda 24310 milyon manatlıq
əsas fond olmuşdur ki, bu da 2021-ci ilə nisbətən 7049 milyon manat və ya 40.8%, 2024-cü ilə nisbətən isə 564 milyon manat və ya 2.4% çox deməkdir.
Əsas fondlar üzrə nəqliyyat sektorunun xüsusi çəkisi, 2021-ci ildə 6.7%, 2024-cü ildə 7.9%, 2025-ci ildə isə 7.8%
təşkil edibdir.
2024-2025-ci illər ərzində qoyulan investisiyalarda
azalma müşahidə edilsə də, əsas fondlar dinamik olaraq artmışdır. Belə ki, əsas
fondlar, əvvəlki ilə nizbətən, 2022-ci ildə 1.6 milyard manat, 2023-cü ildə 2.3
milyard manat, 2024-cü ildə 2.6
milyard manat, 2025-ci ildə isə 0.5 milyard
manat artmışdır.Azərbaycanın yükdaşıma sistemi çoxnövlü xarakter
daşısa da, struktur baxımından avtomobil və boru kəməri nəqliyyatının
üstünlüyü diqqəti cəlb edir. 2025-ci ildə ölkə üzrə nəqliyyat sektorunda
ümumilikdə 243.3 milyon ton yük daşınmışdır ki, bu da ötən illə
müqayisədə 1.8 faiz artım deməkdir.
Yüklərin 151.7
milyon tonu və ya 62.4%-i avtomobil
nəqliyyatı, 65.3 milyon tonu və ya 26.8%-i boru kəmərləri, 16.8 milyon tonu və ya 6.9%-i dəmir yolu, 9.1 milyon tonu və ya 3.7%-i
dəniz, 0.4 milyon tonu və ya 0.2%-i hava nəqliyyatının payına düşüb.
2024-2025-ci illərdə avtomobil nəqliyyatı ilə yük daşımaları
5.7%, dəniz nəqliyyatında 5.4% artıb, dəmir yolu nəqliyyatında 9.4%, hava nəqliyyatında 5.3%, boru kəmərində 3.7% azalma müşahidə edilib. Qeyd
edilən rəqəmlər belə nəticəyə gəlməyə əsas verir ki, daxili yükdaşımalarda
avtomobil nəqliyyatı dominant mövqedədir.

Ümumilikdə, 2021–2025-ci illərdə avtomobil
nəqliyyatı ilə yükdaşımaların həcmi 112.5
milyon tondan 151.7 milyon tona
yüksəlmişdir ki, bu da, orta hesabla, 34.8% artım deməkdir. O cümlədən, yük daşımalarında ikinci yeri boru kəməri
nəqliyyatı tutur. 2025-ci
ildə boru kəməri nəqliyyatının fəaliyyətinə
gəldikdə, magistral neft kəmərləri
ilə 36.3 mln. ton neft nəql
edilmişdir. Daşınan neftin 74.9 %-i və
ya 27.2 mln. tonu
Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə ötürülmüşdür. Bu müddətdə BTC kəməri
ilə nəql edilmiş neftin 84.8 %-ni Azərbaycan,
15.2 %-ni və ya 4.1 mln. tonunu isə
Türkmənistan və Qazaxıstan nefti təşkil etmişdir.
Baxılan
dövrdə magistral qaz kəmərləri ilə 40235.6
milyon kub-metr qaz nəql edilmişdir ki, bu da əvvəlki ilə nisbətən 0.3 % azalma deməkdir. Bu müddətdə 23143.9 milyon kub-metr qaz və ya ümumi
həcmin 57.5 %-i Bakı-Tbilisi-Ərzurum
Cənubi Qafqaz boru kəməri vasitəsilə ötürülmüşdür. Göründüyü
kimi, bu nəqliyyat növü hələ də Azərbaycanın yük dövriyyəsinin mühüm hissəsini
formalaşdırır. Lakin burada əsas fərq ondan ibarətdir ki, boru kəmərləri yüksək
ton-kilometr göstəricisi yaratsa da, onun fəaliyyəti, daşıma obyekti baxımından
məhduddur, əsasən enerji resurslarının (neft-qaz) daşınması ilə bağlıdır. Bu
səbəbdən Azərbaycanın gələcək nəqliyyat
siyasətində karbohidrogen
daşımalarından asılı olmayan diversifikasiya edilmiş logistika modeli
xüsusilə diqqəti cəlb edir.
Yük daşımalarının həcmi ilə yanaşı, yük
dövriyyəsi də nəqliyyat sisteminin real iqtisadi və logistika fəaliyyətini
qiymətləndirmək üçün əhəmiyyətli göstəricilərdən biridir. 2021–2025-ci illərdə
Azərbaycanda ümumi yük dövriyyəsi 78.7 mlrd. ton-km-dən 101.9 mlrd. ton-km-ə qədər artmışdır ki, bu da,
təxminən 29.6% artım deməkdir. Təhlillər göstərir ki, nəqliyyat növləri
arasında bu göstərici üzrə də ciddi fərqlər mövcuddur:

Ötən ilə nisbətən 4.1% azalma olsa da, 61.3%-lə ən böyük paya boru-kəməri nəqliyyatı malikdir. Avtomobil nəqliyyatında ötən illə müqayisədə yük dövriyyəsi 7.0% artıb və yük dövriyyəsinə görə ikinci yerdə qərarlaşan dəniz nəqliyyatının yüksəlişi, xüsusilə diqqəti cəlb edir. Dəniz nəqliyyatında yük dövriyyəsi 2021-ci ildə 3.1 mlrd. ton-km olduğu halda 2025-ci ildə 15.7 mlrd. ton-km-ə çatmışdır ki, bu da beş il ərzində, təqribən, 5.1 dəfə, yalnız 2024-2025-ci illərdə isə 2.3 dəfə artım deməkdir. Dəniz nəqliyyatı ilə 2025-ci ildə daşınmış yüklərin həcmi, 47.5 %-i neft yükləri olmaqla, ümumilikdə 9089,6 min ton təşkil etmişdir ki, bu da əvvəlki ilə nisbətən 5.4 % artım deməkdir. Dəniz limanları tərəfindən 12959.5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 10246.3 min tonunu və ya 79.1%-ni tranzit yüklər təşkil etmişdir. Bütün bunlar Azərbaycanın Xəzər hövzəsində tranzit-logistika mövqeyinin güclənməsi baxımından mühüm siqnaldır.
Onu da qeyd edək ki, baxılan dövrdə, qeyri-dövlət sektoruna məxsus nəqliyyat
vasitələri ilə daşınmış yüklərin həcmi 3.2%
artmış, yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 80.4% təşkil etmişdir ki, bu da nəqliyyat sektorunda
dövlət-özəl tərəfdaşlığının və nəqliyyat sektorunun bazar münasibətlərinə uyğun
inkişafının bariz nümunəsi kimi dəyərləndirilə bilər.
Yekun olaraq, təhlillərdən aydın olur ki,
2021–2025-ci illərdə Azərbaycanın yükdaşıma sistemində müsbət artım və
struktur dəyişiklikləri müşahidə edilmişdir. 2025-ci ildə ölkə üzrə 243.3
milyon ton yük daşınmasında avtomobil nəqliyyatı 62.4%-lə dominant
mövqeyini qoruyur. Boru kəməri nəqliyyatı 26.8%-lə ikinci yerdə
qərarlaşsa da, onun əsasən neft-qaz daşımalarından asılılığı yükdaşıma
strukturunun diversifikasiyası zərurətini artırır. 2021–2025-ci illərdə ümumi
yük dövriyyəsinin 78.7 mlrd. ton-km-dən 101.9 mlrd. ton-km-ə yüksəlməsi
nəqliyyat sektorunun fəaliyyətinin genişləndiyini göstərir. Xüsusilə, dəniz
nəqliyyatında yük dövriyyəsinin 5 dəfədən çox artması Azərbaycanın Xəzər
dənizi üzərindən tranzit-logistika imkanlarının güclənməsi və beynəlxalq
nəqliyyat dəhlizlərində rolunun artması kimi dəyərləndirilə bilər. Qeyri-dövlət
sektorunun yükdaşımaların 80,4%-ni təşkil etməsi isə sektorun özəl
sahibkarlıq və bazar mexanizmləri əsasında inkişaf etdiyini göstərir.
Beləliklə, Azərbaycanın yükdaşıma sistemində avtomobil nəqliyyatının daxili daşımalar üzrə üstünlüyü, boru kəmərlərinin enerji daşımalarında aparıcı rolu və dəniz nəqliyyatının tranzit potensialının sürətli genişlənməsi əsas tendensiyalar kimi qiymətləndirilə bilər. Gələcəkdə nəqliyyat strukturunun daha da diversifikasiya edilməsi, dəmir yolu və dəniz daşımalarının inkişafı, tranzit yük axınlarının artırılması və multimodal logistika imkanlarının genişləndirilməsi Azərbaycanın regional nəqliyyat-logistika mərkəzi kimi mövqeyinin daha da möhkəmləndirilməsinə təkan verə bilər.
|
|
2021 |
2022 |
2023 |
2024 |
2025 |
|
Cəmi |
1214153 |
1621129 |
1923 677 |
2088615 |
2215060 |
|
Dəmir yolu |
2826 |
5137 |
7185 |
8530 |
10267 |
|
Dəniz |
18 |
21 |
24 |
28 |
26 |
|
Hava |
1133 |
2254 |
2912 |
4045 |
4162 |
|
Metro |
90232 |
208696 |
219452 |
230003 |
226800 |
|
Avtomobil |
1 119 944 |
1 405 021 |
1 694 104 |
1 846 009 |
1
973 805 |
Baxılan dövrdə dəmir
yolu nəqliyyatında da əhəmiyyətli artım baş vermişdir. Nəqliyyatın bu
növü ilə daşınan sərnişinlərin sayı 2021-ci ildə 2.83 mln. olduğu halda,
2025-ci ildə 10.27 milyona çatmışdır ki, bu da 3.6 dəfə artım
deməkdir. Dəmir yolunun sərnişin daşımalarında artım tempi yüksək olsa da,
ümumi sərnişin daşımalarında payı hələ də aşağı olaraq qalır. Hava
nəqliyyatında sərnişin sayı 2021-ci ildə 1.11 mln., 2025-ci ildə isə
4.16 mln. olmuşdur. Bu isə beş il ərzində hava nəqliyyatı ilə sərnişin
daşımalarının 3.7 dəfə artması deməkdir. Xüsusilə 2023–2024-cü illərdə yüksək
artım nəzərəçarpmışdır ki, bu da beynəlxalq və daxili aviasiya əlaqələrinin
bərpası və genişlənməsi baxımından müsbət hesab oluna bilər. Sərnişin
daşımalarında dəniz nəqliyyatı ən aşağı göstəriciyə malikdir. Sərnişin
sayı 2021-ci ildə 18 min, 2024-cü ildə 28 min olmuş, 2025-ci ildə
isə 26 minə qədər azalmışdır. Buna görə dəniz nəqliyyatının sərnişin
daşımalarında rolu digər nəqliyyat növləri ilə müqayisədə çox məhduddur və bu
da, əsasən quru sərhədlərin bağlılığı ilə izah edilə bilər.
Beləliklə, aparılan təhlillər göstərir ki, 2021–2025-ci
illərdə sərnişin daşımalarının ümumi həcmi təxminən 82.5% artmışdır.
Artımda əsas aparıcı mövqe avtomobil nəqliyyatına məxsus olsa da, dəmir yolu
və hava nəqliyyatında daha yüksək templə artım qeydə alınmışdır. Bu
isə Azərbaycanın nəqliyyat sistemində sərnişin mobilliyinin bərpası ilə yanaşı,
müxtəlif nəqliyyat növlərinin inkişaf göstəricisi kimi dəyərləndirilə bilər.
Konkret olaraq, 2025-ci ildə ümumi 2 215,1
milyon sərnişinin təxminən 89,1%-i avtomobil, 10,2%-i metro,
qalan hissəsi isə dəmir yolu, hava və dəniz nəqliyyatının payına düşür. Deməli,
sərnişin daşımalarında avtomobil nəqliyyatından yüksək asılılıq hələ də
qalmaqdadır. Eyni zamanda, dəmir yolu və hava nəqliyyatının sürətli inkişafı
gələcəkdə sərnişin daşımalarının daha şaxələndirilmiş və multimodal
strukturunun formalaşmasına imkan yarada bilər.
Konkret olaraq, 2025-ci ilin nəticələrinə baxsaq, yalnız
2025-ci ildə daşıyıcılar tərəfindən 2215.1 milyon sərnişinə xidmət göstərilmişdir.
Sərnişinlərin 89.1 %-i avtomobil nəqliyyatı,
10.2 %-i metro, qalan hissəsi isə
digər nəqliyyat növləri ilə daşınmışdır.
Bu isə o deməkdir ki, sərnişin daşımalarında da avtomobil nəqliyyatı daha böyük paya malikdir və həlledici mövqedədir.

Ayrı-ayrı
nəqliyyat növləri üzrə təhlillər apardıqda aydın olur ki, 2024-cü ilə nisbətən
2025-ci ildə avtomobil nəqliyyatı ilə
sərnişin daşınması 127.8 mln. sərnişin,
sərnişin dövriyyəsi 2639.8 mln. sərnişin-km,
dəmir yolunda sərnişin daşınması 1.8
mln. sərnişin, sərnişin dövriyyəsi 80.0
mln. sərnişin-km, hava nəqliyyatında daşınan sərnişinlərin sayı 117 min, sərnişin dövriyyəsi 467 milyon sərnişin-km artıb.
Bununla belə, ictimai
nəqliyyatın mühüm tərkib hissəsi olan metroda
2025-ci ildə, 2024-cü ilə nisbətən, daşınan sərnişinlərin sayı 3.2 milyon sərnişin, sərnişin dövriyyəsi
isə 43.2 mln. sərnişin-km, dəniz nəqliyyatında
sərnişinlərin sayı 2.9 min nəfər, sərnişin
dövriyyəsi 1.6 mln. sərnişin-km azalıb.
Beləliklə, 2025-ci ildə Azərbaycanda sərnişin
daşımalarının strukturu ilə tanışlıqdan aydın olur ki, avtomobil nəqliyyatı
açıq üstünlüyə malikdir. İl ərzində 2215.1 milyon sərnişinə xidmət
göstərilmişdir ki, onların da 89.1%-i avtomobil nəqliyyatı, 10.2%-i isə metro vasitəsilə
daşınmışdır. Avtomobil nəqliyyatında avtobus daşımalarının yüksək paya malik
olması ictimai nəqliyyatın inkişafı istiqamətində atılan addımların nəticəsi
kimi sərnişin daşımalarında avtomobil nəqliyyatının aparıcı rolunu təsdiq edir.
2025-ci ildə, əvvəlki illə müqayisədə, avtomobil, dəmir yolu və hava
nəqliyyatında sərnişin daşımalarının və sərnişin dövriyyəsinin artması sərnişin
mobilliyinin və nəqliyyat xidmətlərinə tələbin artdığını göstərir. Digər
tərəfdən, metro nəqliyyatında müəyyən azalmaların müşahidə olunması bu
nəqliyyat növünün fəaliyyətinin və xidmət keyfiyyətinin davamlı şəkildə
təkmilləşdirilməsinə ehtiyac olduğunu ifadə edir. Dəniz nəqliyyatında azalma
isə quru sərhədlərin bağlılığı ilə əlaqəlidir.
Ümumilikdə, sərnişin daşımalarının mövcud strukturu
Azərbaycanda avtomobil nəqliyyatından yüksək asılılığın davam etdiyini
göstərir. Bu baxımdan gələcək nəqliyyat siyasətində ictimai nəqliyyatın,
xüsusilə metro və dəmir yolunun inkişaf etdirilməsi, multimodal sərnişin
daşımalarının genişləndirilməsi və şəhər mobilliyinin rəqəmsal və dayanıqlı
həllər əsasında təkmilləşdirilməsi əsas prioritetlər kimi qəbul edilə
bilər.
17:40 05.10.2026
Oxunuş sayı: 56