Almaniya Ukraynayla eyni cəbhədə - Rusiya sıxışdırılır
Ukrayna və Almaniya arasında müdafiə və hərbi sənaye sahəsində yeni əməkdaşlıq sazişlərinin imzalanması Berlinin Kiyevə hərbi dəstəyinin əsas istiqamətlərini genişləndirdiyini göstərir. Oktyabrın 4-də imzalanan razılaşmalar hava hücumundan müdafiə sistemləri, IRIS-T raketləri, radar avadanlığı, sursat və pilotsuz uçuş aparatlarının istehsalı ilə yanaşı, Rusiyanın reaktiv dronlarına qarşı yeni vasitələrin hazırlanmasını da əhatə edir. Bununla yanaşı, Almaniya Ukraynaya 1 milyard avro həcmində hərbi yardım və enerji infrastrukturunun bərpası üçün 350 milyon avro ayıracağını açıqlayıb. Tərəflərin imzaladığı sənədlərin ümumi dəyərinin 8,5 milyard avrodan çox olduğu bildirilir. Maraqlıdır Almaniya nə üçün Ukraynaya bu qədər yardım edir? Avropada müharibəni bitirib sülhü təmin etmək üçün ya rusiyanı məğlubiyyətə uğratmaq üçün?
Crossmedia.az-a açıqlamasında politoloq Rəşad Bayramov Almaniyanın Ukraynaya hərbi və enerji dəstəyini genişləndirməsinin Berlinin Rusiya-Ukrayna müharibəsinə yanaşmasının uzunmüddətli strateji xarakter aldığını göstərdiyini bildirib.

O qeyd edib ki, Kiyevdə keçirilən görüşlər zamanı Almaniya 1,3 milyard avrodan çox yeni müdafiə və enerji yardım paketi açıqlayıb, Almaniya şirkətləri ilə Ukrayna arasında isə ümumi dəyəri 8,5 milyard avronu aşan 15 saziş imzalanıb. Sazişlər hava hücumundan müdafiə sistemləri, radarlar, dronlar, sursat, birgə müdafiə istehsalı və enerji infrastrukturunun bərpasını əhatə edir.
Politoloqun sözlərinə görə, Berlin bununla Ukraynanın müdafiə imkanlarını uzunmüddətli əsasda gücləndirməklə yanaşı, Avropanın təhlükəsizlik imkanlarının artırılmasını da hədəfləyir. Eyni zamanda enerji dəstəyi Ukraynanın kritik infrastrukturunun və enerji sisteminin dayanıqlığının gücləndirilməsinə yönəlib:
“Almaniyanın son addımları yalnız Ukraynaya yardım paketinin böyüdülməsi deyil, Rusiyaya qarşı uzunmüddətli çəkindirmə strategiyasının formalaşdırılması kimi də qiymətləndirilə bilər”, - deyə Rəşad Bayramov vurğulayıb.
Nigar Xəlilli
16:45 05.10.2026
Oxunuş sayı: 61