Ev heyvanlarının insan sağlamlığına bilinməyən faydaları
İş, təhsil, gündəlik qayğılar və sosial münasibətlər insanın emosional vəziyyətinə təsir edən əsas amillər sırasındadır. Bəzən isə insanın gün ərzində topladığı gərginliyin azalmasında böyük dəyişikliklərə deyil, gündəlik həyatdakı sadə ünsiyyətlərə ehtiyac olur. Ev heyvanları ilə vaxt keçirmək də məhz belə təsirlərdən biri kimi qiymətləndirilir. Onları sığallamaq, oynamaq və yanında olmaq bir çox insan üçün sakitləşdirici və emosional baxımdan rahatladıcı təcrübəyə çevrilə bilər. Ev heyvanı ilə münasibətin insan psixologiyasına təsiri yalnız xoş emosiyalarla məhdudlaşmır. Heyvana qulluq etmək gündəlik rejim yaradır, məsuliyyət hissini gücləndirir, bəzi hallarda fiziki aktivliyi artırır və insanın sosial əlaqələr qurmasına da şərait yaradır. Xüsusilə tək yaşayan və ya sosial əlaqələri məhdud olan insanlar üçün evdə başqa bir canlının olması emosional dəstək mənbəyinə çevrilə bilər. Bəs heyvanlarla gündəlik ünsiyyət insanın stress və tənhalıq hissinə necə təsir edir?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən psixoloq Mətanət Əliyeva bildirib ki, ev heyvanları ilə gündəlik ünsiyyətin insanın psixoloji rifahına müsbət təsiri bir neçə mexanizmlə izah oluna bilər. İlk növbədə, heyvanla təmas insanda emosional təhlükəsizlik və qəbul olunma hissi yarada bilər. İnsanlararası münasibətlərdən fərqli olaraq, ev heyvanı ilə ünsiyyətdə qiymətləndirilmək, tənqid olunmaq və ya sosial gözləntilərə cavab vermək təzyiqi daha az olur:

"Bu səbəbdən insan onun yanında özünü daha rahat və emosional baxımdan təhlükəsiz hiss edə bilər. Heyvanı sığallamaq, onunla oynamaq və sadəcə yanında olmaq bədənin stress reaksiyasının azalmasına kömək edə bilər. Belə qarşılıqlı əlaqə insanın diqqətini narahatlıq yaradan düşüncələrdən indiki ana yönəldir. Psixoloji baxımdan bu, müəyyən mənada “grounding”, yəni insanın diqqətini hazırkı məqama qaytaran bir təsir yaradır. Xüsusilə gün ərzində yüksək stress yaşayan insan üçün evə gəldikdə onu qarşılayan bir heyvan emosional keçidi asanlaşdıra bilər. Digər mühüm mexanizm bağlılıq hissidir. İnsan ev heyvanı ilə zaman keçirdikcə ona emosional bağ yaradır və qarşılıqlı münasibət formalaşdırır. Tənhalıq yaşayan insan üçün evdə başqa bir canlı varlığın olması “tək deyiləm” hissini gücləndirə bilər. Təbii ki, heyvan insan münasibətlərini tam əvəz etmir, lakin xüsusilə sosial əlaqələri məhdud olan şəxslər üçün müəyyən emosional dəstək mənbəyinə çevrilə bilər".
Psixoloq qeyd edib ki, ev heyvanına qulluq etmək həm də insanın gündəlik həyatına struktur və məsuliyyət gətirir. Onu müəyyən saatlarda yemləmək, gəzdirmək, qayğısına qalmaq insanın gündəlik rejimini təşkil edir. Psixoloji çətinlik yaşayan bəzi insanlarda motivasiya və gündəlik fəaliyyətə qoşulmaq azala bilər. Bu zaman başqa bir canlının insana ehtiyac duyması ona məqsəd və faydalılıq hissi verə bilər. Xüsusilə itlərlə gəzinti fiziki aktivliyi də artırır. Fiziki hərəkətin özünün stress və narahatlığın azalmasına müsbət təsiri olduğu üçün burada heyvanla ünsiyyət və aktiv həyat tərzi bir-birini tamamlayır. Bundan əlavə, heyvanlar sosial əlaqələrin qurulmasını da asanlaşdıra bilər. Məsələn, heyvanını gəzdirən insanlar digər insanlarla daha çox ünsiyyət qurur və bu da sosial təcridin azalmasına kömək edə bilər. Ancaq burada bir məsələni də vurğulamaq vacibdir: ev heyvanı saxlamaq hər kəs üçün avtomatik olaraq stressi azaldan faktor deyil. Heyvana qulluq etmək maddi, fiziki və emosional məsuliyyət tələb edir. Əgər insan buna hazır deyilsə, həmin məsuliyyət əksinə əlavə stress mənbəyinə çevrilə bilər. Buna görə heyvan sahiblənmək yalnız psixoloji rahatlama vasitəsi kimi deyil, uzunmüddətli məsuliyyət kimi düşünülməlidir. Ümumilikdə, ev heyvanlarının psixoloji təsirini yalnız “insanı xoşbəxt edir” kimi izah etmək kifayət deyil. Burada emosional bağlılıq, təhlükəsizlik hissi, gündəlik rutin, məsuliyyət, fiziki təmas və sosial əlaqə kimi bir neçə mexanizm eyni anda işləyə bilər. Məhz buna görə uyğun şəraitdə ev heyvanı insanın stresslə mübarizə aparmasına və tənhalıq hissinin azalmasına əhəmiyyətli emosional dəstək verə bilər.
Zeynəb Həsən
19:00 05.10.2026
Oxunuş sayı: 51