Putin Myanma ilə əməkdaşlığın genişləndiriləcəyini açıqladı
Rusiya Prezidenti Vladimir Putin Myanma lideri Min Aun Hlaynla danışıqların yekunlarına dair açıqlamasında iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndiriləcəyini bildirib.
Crossmedia.az ˝TASS˝-a istinadən xəbər verir.
Putin qeyd edib ki, Rusiya şirkətləri Myanmanın dəniz şelfində geoloji kəşfiyyat işlərinə və karbohidrogen hasilatına qoşulmağa hazırdır.
Rusiya lideri Min Aun Hlaynın Rusiyaya səfərinin uğurlu olacağına və Moskva ilə Naypyidaw arasında əməkdaşlığın gələcəkdə uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
Putin, həmçinin Rusiya və Myanma arasında kosmos və pilotlu kosmonavtika sahəsində əməkdaşlığın qurulduğunu bildirib.
Bundan əlavə, Myanmanın Yanqon şəhərində Rus Pravoslav Kilsəsinə məxsus məbədin inşa ediləcəyi açıqlanıb. Putin Myanma vətəndaşlarının rus dilini öyrənməyə göstərdiyi marağı da alqışlayıb.
Qeyd edək ki, daha əvvəl Rusiya və Myanma sanksiyalara qarşı mübarizə, radioelektron sənaye və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq barədə memorandumlar imzalayıb.
20:46 18.08.2026
Oxunuş sayı: 48