Dizel bahalaşdı, G7 ölkələri təcili hərəkətə keçdi
“Böyük yeddilik” (G7) ölkələri yanacaq qiymətlərinin artması fonunda strateji ehtiyatlarından 100 milyon barel neft və neft məhsulunu bazara çıxarmaq barədə razılığa gəlib.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” bu barədə məlumat yayıb. G7-nin qərarına əsasən, ehtiyatların buraxılması Beynəlxalq Enerji Agentliyi (IEA) vasitəsilə həyata keçiriləcək və proses dörd ay davam edəcək.
Planın əsas hissəsi dizel ehtiyatlarının bazara çıxarılmasına yönəlib. G7 ölkələri və tərəfdaşları ilk 20 gün ərzində əhəmiyyətli həcmdə dizel ehtiyatı buraxmağı planlaşdırır.
Qərar qlobal enerji bazarlarında qiymətlərin kəskin artdığı bir vaxtda qəbul edilib. G7 həmçinin enerji və neft məhsullarının üzv ölkələr arasında ixracına məhdudiyyət qoymamaq öhdəliyini təsdiqləyib.
G7 ölkələri neft emalı zavodlarında texniki xidmət qrafiklərinin əlaqələndirilməsi və mümkün olduqda istehsal güclərinin artırılması barədə də razılığa gəlib. Məqsəd xüsusilə dizel bazarında təchizatın sabitləşdirilməsidir.
Bundan əlavə, G7 Beynəlxalq Enerji Agentliyindən görülən tədbirlərin bazara təsirini izləməyi və 20 gün ərzində növbəti hesabat hazırlamağı istəyib.
Qərar fonunda neft qiymətlərində də eniş qeydə alınıb. “Reuters”in məlumatına görə, G7-nin ehtiyatları bazara çıxarmaq qərarından sonra Brent neftinin qiyməti 1,1 faiz azalaraq 101,23 dollara, ABŞ-ın WTI markalı nefti isə 2,3 faiz ucuzlaşaraq 90,70 dollara düşüb.
06:30 03.10.2026
Oxunuş sayı: 59