Qəzzadakı aclıqla bağlı etiraz etdi, işindən oldu
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) keçmiş yüksək vəzifəli əməkdaşı Benjamin Davis Qəzzada aclıqla bağlı mövqeyinə görə işdən çıxarıldığını bildirərək qərardan apellyasiya şikayəti verib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
62 yaşlı ispaniyalı-amerikalı Benjamin Davis FAO-da direktor vəzifəsində çalışıb. Sənədlərə əsasən, onun əmək müqaviləsinə FAO-nun baş direktoru Qu Donqyu-nun tələbi ilə sentyabrın 30-da xitam verilib.
Sənədlərdə Davisin beynəlxalq dövlət qulluğu standartlarını pozduğu və bu qaydaların əməkdaşlardan bitərəf davranmağı tələb etdiyi qeyd olunub. Davis isə bu ittihamı rədd edib.
O, “Reuters”ə açıqlamasında qərarı ədalətsiz hesab etdiyini bildirib. Davis qeyd edib ki, FAO-nun fəaliyyət istiqamətinin əsasını təşkil edən ərzaq hüququ və Qəzzada aclıq məsələsi ilə bağlı mövqeyini ifadə etdiyinə görə lazımi hüquqi prosedur olmadan cəzalandırılıb.
Davis işdən çıxarılmasına etiraz olaraq apellyasiya şikayəti verdiyini deyib.
Keçmiş FAO direktoru təşkilatda 26 il ərzində yenilənən müqavilə əsasında çalışdığını bildirib. Onun sözlərinə görə, işdən çıxarılması Qəzza müharibəsi ilə bağlı əməkdaşların fəallığı ilə əlaqəlidir.
FAO isə Davisin ittihamlarına və işdən çıxarılmasının səbəbləri ilə bağlı suallara dərhal cavab verməyib.
Davis Qəzzada aclıqla bağlı həmkarları ilə birlikdə etiraz aksiyalarında iştirak etdiyini və bir neçə dəfə bölgədəki vəziyyətlə bağlı mövqeyini ifadə etdiyini bildirib.
03:40 03.10.2026
Oxunuş sayı: 48