Dizelin bahalaşması ABŞ-də yükdaşıma sektorunu sarsıdır
ABŞ-də dizel yanacağının qiymətinin rekord həddə çatması yük maşını sürücülərinə ciddi maliyyə təzyiqi yaradıb. Bəzi sürücülər yanacaq doldurmağa 1000 dollardan çox pul xərcləyir, digərləri isə artan xərclər səbəbindən yük maşınlarını park etməyə məcbur qalırlar.
Crossmedia.az xəbər verir ki, “The New York Times” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, dizel qiymətlərinin kəskin artması xüsusilə fərdi yükdaşıma şirkətləri və müstəqil sürücülər üçün ciddi problemə çevrilib. Yanacaq xərclərinin yüksəlməsi onların gəlirlərini azaldır və bəzi sürücülər daha uzun müddət yollarda qalaraq xərcləri kompensasiya etməyə çalışırlar.
ABŞ-də dizelin orta qiyməti son həftələrdə rekord səviyyəyə yüksəlib. Mövcud vəziyyət kənd təsərrüfatı, yükdaşıma və digər sahələrdə də xərclərin artmasına səbəb olur. Dizel nəqliyyat vasitələrinin, kənd təsərrüfatı texnikasının və müxtəlif yükdaşıma proseslərinin əsas yanacaq mənbələrindən biridir.
Yanacağın bahalaşması fonunda ABŞ hakimiyyəti dizel ixracının məhdudlaşdırılması imkanını da nəzərdən keçirib. Prezident Donald Tramp belə bir qadağanın tətbiqini dəstəklədiyini bildirib. Lakin enerji mütəxəssisləri bunun yanacaq bazarına əlavə təzyiq göstərə və uzunmüddətli perspektivdə qiymətləri daha da yüksəldə biləcəyini bildirirlər.
Dizel bazarındakı problemlərin əsas səbəbləri arasında Yaxın Şərqdəki münaqişə, Rusiya neft emalı zavodlarına hücumlar və qlobal yanacaq təchizatında yaranan fasilələr göstərilir.
Hazırda G7 ölkələri yüksək yanacaq qiymətlərini azaltmaq məqsədilə strateji ehtiyatlardan 100 milyon barelədək dizel və xam neft buraxılması barədə razılığa gəlib.
05:10 03.10.2026
Oxunuş sayı: 40