Rusiya Azərbaycanı təsiri altına almaq istəyir – Rəy
Azərbaycan Baş Prokurorluğu 3 rusiyalı jurnalist barəsində həbs qərarı çıxarıldığını açıqladı. Bunlar Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayevdir. Azərbaycan əleyhinə zorakı çağırışlar və terrorçuluğa açıq çağırışlarda şübhəli bilindikləri üçün onlar barəsində cinayət işi başlanıb, axtarış elan olunub və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Baş Prokurorluq bildirib ki, şəxslərin Azərbaycana gətirilməsi və beynəlxalq axtarışının təşkili istiqamətində tədbirlər görülür. Maraqlıdır ki, Rusiya yenidən münasibətlərin korlanması üçün bütün addımları atır. Nəzərə alsaq ki, dünən də Azərbaycanın Moskvadakı diaspor rəhbəri deportasiya olunub, bu gün Rusiya mediasında yayılan saxta məlumatlar Rusiyanın yenidən öz qərəzli siyasətini ifşa edir.
Mövzu ilə bağlı Azərbaycan Jurnalistlər Birliyi (AJB) sədri Elçin Şıxlı Crossmedia.az-a açıqlamasında bildirib ki, Rusiya Cənubi Qafqazı itirib, yaxud itirməkdədir: “Cənubi Qafqazın əsas sahibi Azərbaycandır. Gürcüstanı bir yolla gətirib, salıblar ayaqlarının altına. Ermənistan da Rusiyadan aralanmaqdadır. Azərbaycan indi kommunikasiya nöqteyi-nəzərindən, qazın və digər neft məhsullarının Avropaya alternativ yollarla ötürülməsində əsas tərəfdaşlardan biridir. Rusiya da alternativ tərəfdaş olduğu üçün Azərbaycanla açıq şəkildə kəllə-kəlləyə gəlir. Dünən Moskvadakı Azərbaycan diasporasının rəhbəri Rusiyadan deportasiya edildi. Ondan əvvəlki diaspor rəhbərimizə yalançı ittihamlarla 24 il, oğluna isə 8 il iş verdilər. Bütün bunların hamısı Azərbaycana təsir etmək və Azərbaycanı Rusiyadan asılı vəziyyətə salmaq cəhdləridir”.

E.Şıxlı əlavə edib ki, bu cəhdlər alınmayacaq: “Ona görə də zaman-zaman provokativ, alçaq addımlara əl atırlar. Yəni Azərbaycan artıq Rusiyanın təsirindən çıxıb, Cənubi Qafqaz da çıxmaqdadır və Azərbaycan Cənubi Qafqazda söz sahibidir. Ona görə də Rusiya çalışır ki, Azərbaycanı özünə tabe eləsin. Bu isə alınmır və alınmayacaq”.
Ayhan
14:00 18.08.2026
Oxunuş sayı: 56