Viktor Yuşşenkonun Bakıya səfərinin əsas məqsədi açıqlandı
Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenkonun Bakıya səfəri Azərbaycan-Ukrayna münasibətləri fonunda diqqət çəkib. 2005–2010-cu illərdə Ukraynaya rəhbərlik edən Yuşşenko səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Görüşdə iki ölkə arasındakı əlaqələrin möhkəmləndirilməsi istiqamətində görülən işlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
İlham Əliyev bildirib ki, Yuşşenko ilə 20 ildən artıq davam edən tanışlıq çərçivəsində birgə fəaliyyət və Azərbaycan-Ukrayna münasibətlərinin inkişafı ilə bağlı xatirələr bölüşülüb. Görüş zamanı Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev tərəfindən Prezident İlham Əliyevə İrpin şəhərinin fəxri vətəndaşı vəsiqəsinin təqdim edilməsi də diqqət çəkən məqam olub.
Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Viktor Yuşşenkonun Azərbaycana növbəti səfərinin iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsinin göstəricisi olduğunu bildirib. O, keçmiş Ukrayna prezidentinin Azərbaycana əvvəlki səfərlərini xatırladıb, həmçinin siyastçinin Bakıda Taras Şevçenkonun heykəlinin açılışında iştirak etdiyini qeyd edib:
“Viktor Yuşşenkonun Azərbaycana təkrar səfəri ölkələrimiz, dövlətlərimiz və xalqlarımız arasında yüksək səviyyəli münasibətlərin təzahürüdür. Prezident Yuşşenko prezidentliyi dövründə də Azərbaycana səfərlər etmişdi. Mən bir məqamı xüsusi qeyd edərdim ki, mənim seçki dairəmdə o, Ukraynanın dahi şairi Taras Şevçenkonun heykəlinin açılışını etmişdi. Bakıda ucaldılan bu heykəl əslində xalqlarımız arasında dostluğun, inamın və qardaşlığın rəmzidir”.

A.Mollazadə bildirib ki, səfərin əsas məqsədlərindən biri Azərbaycan-Ukrayna münasibətlərinin ənənəvi yüksək səviyyəsini davam etdirməkdir. Onun sözlərinə görə, Ukrayna rəhbərliyi Azərbaycanın göstərdiyi humanitar dəstəyi dəfələrlə yüksək qiymətləndirib:
“Ukraynadan dəfələrlə Prezident Zelenski və ölkənin digər rəhbərliyi tərəfindən Azərbaycana minnətdarlıq ifadə olunub. Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstək, o cümlədən İrpin şəhərində həyata keçirdiyi bərpa işləri bunun bariz nümunəsidir. Bildiyiniz kimi, artıq İrpin şəhəri Azərbaycan Prezidentini fəxri vətəndaş kimi tanıyıb və bununla bağlı səfir tərəfindən Prezidentə xüsusi sənədlər təqdim edilib”.
Deputat Azərbaycan və Ukrayna arasında tarixi dostluq və qarşılıqlı etimadın bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib:
“Azərbaycanla Ukrayna arasında yüksək səviyyəli qardaşlıq, qarşılıqlı inam və əməkdaşlıq münasibətləri olub və bundan sonra da olacaq. Əminəm ki, Yuşşenkonun səfəri də bu münasibətlərin yüksək səviyyəsinin növbəti təzahürüdür”.
Nigar Xəlilli
13:30 18.08.2026
Oxunuş sayı: 71