Amerika

ABŞ prezidenti Co Bayden, Rusiya ərazisinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirilməsinə icazə verib. “The New York Times”ın məlumatına görə, bu qərar, Vaşinqtonda hakimiyyət dəyişikliyinə cəmi iki ay qalmış qəbul edilib və ABŞ siyasətində ciddi dəyişikliklərə işarə edir. Nəşrin məlumatına görə, prezidentin müşavirləri arasında bu qərarın tətbiqi ilə bağlı fikir ayrılığı mövcuddur. ATACMS raketlərinin Kursk vilayətində, Ukrayna Silahlı Qüvvələrinin Rusiya və Şimali Koreya hərbçilərinə qarşı müdafiəsi məqsədilə istifadə ediləcəyi ehtimal olunur.

Bu qərarın ABŞ-də yaxınlaşan hakimiyyət dəyişikliyi fonunda verilmiş olması, xüsusilə keçmiş prezident Donald Trampın hakimiyyətə qayıtma ehtimalı ilə əlaqədar siyasi müzakirələrə səbəb olub. Baydenin bu addımı, həm də qərb dövlətlərinin münaqişə gedişatına müdaxilə edərək, gələcəkdə Trampın daha çətin bir vəziyyətlə üzləşməsinə səbəb ola biləcəyi fikrini ortaya qoyur.

Siyasi şərhçi Əziz Əlibəylinin Crossmedia.az-a verdiyi açıqlamada, problemin, Tramp hakimiyyətə gələnə qədər Ukrayna-Rusiya cəbhəsində qarşıdurmaların başlanması ehtimalı ilə bağlı olduğu bildirilir. Əlibəylinin sözlərinə görə, bu müddət ərzində Rusiya və ya Ukrayna müəyyən dərəcədə üstünlük qazana bilər, amma Tramp hakimiyyətə gəldikdən sonra vəziyyət dəyişə bilər. Baydenin bu qərarının Trampa yönəldilmiş bir siyasi manevr olduğunu vurğulayan ekspert, qərbin üç böyük paytaxtının, o cümlədən Vaşinqtonun, dərhal taktiki və ballistik raketlərə icazə verərək, gələcəkdə Trampı daha çətin bir vəziyyətlə qarşı-qarşıya qoymağı hədəflədiyini qeyd edib.

Lakin, bu qərarın nə qədər təsirli olacağı hələlik tam aydın deyil. Əlibəylinin sözlərinə görə, gələcəkdə bu məsələnin gedişatı, bir çox faktorun təsirinə bağlı olaraq dəyişə bilər. Bəzi hadisələr o qədər dəyişə bilər ki, Tramp, bambaşka bir siyasi senarini nəzərdən keçirə bilər. Aydın olan odur ki, Ukraynanın vəziyyəti dəyişdikcə, ABŞ-nin bu qərarı necə tətbiq edəcəyinə və Trampın bu məsələyə necə yanaşacağına dair daha çox sual ortaya çıxacaq.

Bu addımlar, yalnız ABŞ-nin daxili siyasətini deyil, eyni zamanda beynəlxalq münasibətləri də formalaşdıran bir sıra suallar doğurur. Baydenin qərarı və onun Trampa olan siyasi təsiri, gələcəkdə daha geniş miqyasda təhlil ediləcək.

 

Maral Şahverdili

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il