Arzu çox vaxt hədəf ilə qarışdırılır. Arzunun hədəfə çevrilməsi üçün hərəkətə keçmək lazımdır. Hərəkətə keçmək üçün isə insana motivasiya lazımdır. Motivasiya bizi hərəkətə keçirən gücdür. Motivasiya və hədəf bir-birləri ilə sıx bağlıdır.
Bəs insanların hədəflərinə çatması üçün daxili motivasiya və xarici faktorların rolu nələrdir? Uğur əldə etməkdə motivasiyanın əhəmiyyəti necə qiymətləndirilir?
Mövzu ilə bağlı psixoloq Vüsalə Əmiraslanova Crossmedia.az-a açıqlamasında bildirib:
“İnsanların nələrəsə nail olması üçün daxili motivasiyasının olması vacibdir. Həmçinin xarici motivasiyaya da bəzən ehtiyac olur. Daxili motivasiya insanın özgüvəninə bağlıdır. İnsan özgüvənlidirsə, onun daxili motivasiyası yüksək səviyyədə olur. Ancaq xarici motivasiya ilə hərəkət edən insanların motivasiyası müvəqqəti motivasiya sayılır və bunun başa düşülməsi üçün 5-6 gün kifayət edir”.
Buna görə də psixoloq insanın daxili motivasiyasının artırılması mövzusuna xüsusi toxunub:
“Daxili motivasiyanı formalaşdırmaq üçün hər bir insana məxsus xüsusi texnikalar var. Bu texnikalardan daha çox psixoloqlar istifadə edir. İnsanın müsbət tərəflərini özünə göstərərək onun özgüvənini artırmaq lazımdır, qarşısına müəyyən hədəflər, məqsədlər qoyulmalıdır və uğurlu şəxs olmaq üçün atılmalı olan addımlar birgə işlənməlidir”.
Vüsalə Əmiraslanova hədəfə çatmağın yollarından da söz açıb:
“Hədəfə çatmaq üçün nə istədiyimizi bilməliyik. Hədəfimiz real hədəf olmalıdır və ona gedən yolları tapmalıyıq. Çalışmalıyıq ki, hədəfimiz başqasınınki ilə eyni olmasın və özümüzə məxsus olsun. Buna çatmaq üçün daxili motivasiyamız yerində olmalıdır”.
Psixoloq uğur qazanmaqda xarici faktorların rolundan danışaraq bildirib ki, insanlar bizə motivasiyanı düzgün verdikləri halda, bizim həm daxili motivasiyamız yüksək olacaq, həm də hədəfimizə daha tez çatmaq mümkün olacaq. Bu halda biz daha uğurlu insan ola bilərik.
Bahar Musayeva