Səhiyyə

"Tərbiyə etmək" adı altında balacalar döyülür, fiziki cəzalara məruz qalırlar. Küçədə, avtobusda, metroda, yaxud da evdə, uşağını döyməklə düzgün tərbiyə etdiyini düşünən minlərlə valideyn var. Təkcə valideynlər deyil, tərbiyəçilər, müəllimlər də uşaqların səhv hərəkətini, bilmədiyi şeyləri ona döymək üsulu ilə öyrədirlər.

Uşaqların döyülərək tərbiyə edilməsi mövzusunda psixoloq Nizami Orucov Crossmedia.az-a açıqlama verib. Psixoloq "tərbiyə etmək" adı ilə uşaqların döyülməsini  zorakılıq adlandırır:

"Döymək tərbiyə üsulu deyil. Zəifin, ünsiyyət problemi yaşayan tərəfin qarşı tərəfə tətbiq etdiyi zorakılıqdır. Tərbiyə insanı inkşaf etdirən, həvəsləndirici, bərpa edən üsulları özündə ehtiva edir. Şiddət özündə qorxu, təhdid, əskiklik, yetərsizlik, gələcək münasibətlərdə problem təhlükəsini yaradır. Bu halda şiddətə, döyməyə tərbiyə üsulu demək olmaz. Şiddətlə "tərbiyə" edilən uşaq böyüyüb gördüyünü tətbiq edə bilər. Bu da təhlükəli vəziyyət yaradır".

Psixoloq qeyd edib ki, şiddət ilə tərbiyə olunan uşaqda həm psixoloji, həm də fiziki travmalar yarana bilər:

"Döyülən uşağın beynində öncə valideyn təsəvvürü təhdidkar, qorxulu bir təsəvvürə çevrilir. Aradakı münasibət sevgi, hörmətdən yox, qorxu, təhdid, şərtsiz tabelilikdən qaynaqlanmağa başlayır. Bu da o deməkdir ki, münasibət qurma modeli artıq uşaq üçün qeyri - sağlam şəkildə inkşaf edir. Təkcə psixoloji təsirlər yox, fiziki travmalara da səbəb ola bilər".

"Ciddi sağlamlıq problemlərinə yol açacaq qədər təhlükəli metod olan bu "tərbiyə" üsulu valideynlər üçün daha asan və əlçatan, zəhmət tələb etməyəndir. Öz beyinlərini işlətmək yerinə, müəyyən çaba göstərmək yerinə, uşaqda şərtsiz tabeçilik, qorxu yaratmaq daha asan gəlir. Düzgün tərbiyə ünsiyyət və səbrdən keçir. Tərbiyə prosesi elə prosesdir ki, burada valideyn empatiya qurmağı bacarmalıdır. Özünün də bir vaxtlar uşaq, yeniyetmə, gənc olduğunu xatırlamalı və anlayışla övladına yanaşmalıdır. Gözünün qarşısında  sıfırdan bir həyat yaranır və formalaşır. Buna şahid olmağın və bunun iştirakçısı olmağın fərqinə varmalı, ləzzətini hiss etməlidir. Və mütləq tərbiyənin təsirli olması üçün, valideynlər anlamalıdır ki, uşaq özlərinə deyiləndən çox, gördüklərini edir. Yəni, ana - atalar qaydalar oxumaq əvəzinə o qaydaların iştirakçısı və tətbiq edəni olmalıdırlar ki, uşaq da etsin. Çünki uşaq ailədə görmədiyi şeyi edə bilməz".

Zeynəb Mustafazadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il