Son günlər “Politico” nəşrində Azərbaycanın qaz ixracı ilə bağlı fəaliyyəti ətrafında yayılan yanlış və təhrif olunmuş məlumatlar ciddi müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən siyasi şərhçi Azər Həsrət bu cür dezinformasiyaların ilk dəfə olmadığını və ardıcıl şəkildə anti-Azərbaycan kampaniyasının bir parçası kimi həyata keçirildiyini bildirib.
Onun sözlərinə görə, bəzi beynəlxalq nəşrlər, xüsusilə də “Politico” kimi nəşrlər, daim anti-Azərbaycan fəaliyyəti ilə məşğul olan məlum şəbəkəyə xidmət edirlər. “Azərbaycan nə etsə də, onların xoşuna gəlməyəcək. Ölkəmiz necə davranırsa davransın, hər zaman nələrsə tapıb, uydurub bizə qarşı kampaniya aparmağa çalışacaqlar. Bu, artıq sistematik xarakter daşıyır və təsadüfi deyil,” – deyə Azər Həsrət vurğulayıb.
Azər Həsrət bildirib ki, qaz ixracı ilə bağlı Azərbaycanın bütün fəaliyyəti tam şəffaf şəkildə həyata keçirilir və bunu yoxlamaq da çətin deyil. O qeyd edib ki, Azərbaycan ümumiyyətlə Rusiyanın sanksiyalardan yayınmasına hər hansı bir dəstək göstərmir: “Bu işi görən başqa bir ölkə var və o da qonşuluğumuzda yerləşən Ermənistanıdır. Necə ola bilər ki, “Politico” Rusiyanın sanksiyalardan yayınmasına Ermənistanın açıq və aşkar dəstək verdiyini görmür və ya görmək istəmir? Amma Azərbaycanın etmədiyi hərəkətlərə görə ittiham irəli sürür və böhtan atır. Bu, məqsədli şəkildə həyata keçirilən anti-Azərbaycan kampaniyasının bir hissəsidir”.
Siyasi şərhçi əlavə edib ki, məlum şəbəkənin Avropadakı üzvləri “Politico” kimi nəşrlər vasitəsilə Azərbaycana qarşı mütəmadi olaraq əsassız ittihamlar irəli sürür. Xüsusilə də COP29 tədbirinin keçirildiyi bu məqamda belə çirkin kampaniyaların başlanması təsadüfi deyil. “Əlbəttə ki, bu məsələyə Azərbaycanın rəsmi şəxsləri lazımi cavabları verirlər,” – deyə o qeyd edib.
Bu məsələnin dezinformasiya kimi qiymətləndirilməsinə gəldikdə, Azər Həsrət qeyd edib ki, Azərbaycan tərəfi belə hallarda mütləq rəsmi mövqe ortaya qoymalıdır. Prezidentin köməkçisi Hikmət Hacıyev də məsələyə dərhal reaksiya verərək, özünün sosial media hesabında məsələni maddə-maddə izah edib və bu cür dezinformasiyaların yolverilməz olduğunu bildirib: “Azərbaycan hökuməti belə məsələlərə aydınlıq gətirməyə davam etməlidir. Çünki dezinformasiyanı hazırlayan və yayan tərəflər cavab almadıqda, digər tərəflər həmin məlumatları doğru hesab edir və bu da anti-Azərbaycan kampaniyasına dəstək verir. Hikmət Hacıyev hər zaman belə məsələlərə dövlətin ən yüksək səviyyəsindən əsaslandırılmış cavablar təqdim edib və bu dəfə də eyni addımı atıb. Bu yanaşma ən doğru yoldur”.
Azər Həsrət, eyni zamanda, əvvəlki illərdə Azərbaycan rəsmilərinin belə məsələlərdə bəzi hallarda passivlik nümayiş etdirdiyini, hətta ünvanlanan suallara cavab verməkdən çəkindiyini xatırladıb. O bildirib ki, belə hallarda dezinformasiyalar ölkənin əleyhinə işləyirdi. Lakin son illərdə bu yanaşma dəyişib: “Hazırda Hikmət Hacıyev bu məsələlərə konkret və peşəkar yanaşır, həm mövqe bildirir, həm də detallı açıqlamalar verir. Bu, yalnız ölkənin imicini qorumaq üçün deyil, həm də dezinformasiyaların təsirinə düşə biləcək tərəflər üçün əlavə məlumat mənbəyi rolunu oynayır”.
Hikmət Hacıyevin bir neçə gün əvvəl ABŞ senatoru Ed Markiyə verdiyi cavab da bu yanaşmanın bariz nümunəsidir. Qeyd edək ki, Ed Marki COP29 çərçivəsində Azərbaycana səfər etmiş və Hikmət Hacıyevdən görüş istəmişdi. Görüş zamanı bütün suallara aydınlıq gətirilməsinə baxmayaraq, senator ABŞ-a qayıtdıqdan sonra yalan və təhrif olunmuş açıqlamalar vermişdi. Hikmət Hacıyev isə ona maddə-maddə cavab verərək, bu məlumatların həqiqəti əks etdirmədiyini xatırlatmışdı.
Azər Həsrət qeyd edib ki, Azərbaycan rəsmilərinin belə dezinformasiyalara vaxtında cavab verməsi çox önəmlidir. Bu cavablar yalnız dövlət maraqlarını müdafiə etmək üçün deyil, həm də ictimai-siyasi fəallar, media nümayəndələri və siyasi şərhçilər üçün mühüm məlumat bazası yaradır. “Rəsmi açıqlamalar bizim üçün də mühüm rol oynayır. Çünki sabah hansısa dezinformasiyaya münasibət bildirərkən, rəsmi mövqelərə əsaslanmaq vacibdir,” – deyə o vurğulayıb.
Beləliklə, Azərbaycanın rəsmi mövqeyinin ardıcıl və əsaslandırılmış şəkildə təqdim edilməsi, ölkəyə qarşı həyata keçirilən dezinformasiya kampaniyalarının təsirsiz qalmasını təmin edir.
Maral Şahverdili