Cənubi Qafqaz

Nikol Paşinyan son parlament çıxışında Ermənistandakı müstəqillik bəyannaməsini “böyük problem və faciə” olaraq qiymətləndirib. Onun bu fikri, ölkənin tarixində mühüm yeri olan bu sənədin mənasına və müasir Ermənistandakı siyasi vəziyyətə necə təsir etdiyinə dair ciddi müzakirələrə səbəb olub. Paşinyanın bu açıqlaması, Ermənistanın müstəqilliyini elan etdiyi 1991-ci il tarixli bəyannamənin bəlkə də ən vacib məqamlarını yenidən gündəmə gətirib. Onun fikrincə, bu sənəd ölkənin gələcəyinə dair yanlış yönəlmiş və zərərli nəticələrə səbəb olub, xüsusən də müharibələr və iqtisadi çətinliklər baxımından. 

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan əslində ölkəsinin və xalqının əsas problemlərini olduqca dəqiq bilir, çünki onun müstəqillik bəyannaməsi ilə bağlı verdiyi açıqlamada bunu sübut edir. Paşinyanın fikrincə, müstəqillik bəyannaməsi Ermənistanın mövcudluğu qarşısındakı əsas əngəllərdən biridir. Yəni, əgər Ermənistan müstəqillik bəyannaməsinin məzmunu üzrə hərəkət edərsə, o zaman bütün qonşuları ilə eyni vaxtda müharibə aparmaq məcburiyyətində qalacaq. Çünki həmin sənəddə qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürülür.

O bildirib ki, Nikol Paşinyanın qeyd etdiyi məsələnin əsas məğzi ondan ibarətdir ki, müstəqillik bəyannaməsi Ermənistan dövləti və erməni xalqı üçün həm problem, həm də faciə xarakteri daşıyır. Paşinyan vurğulayır ki, ermənilər siyasi və ideoloji olaraq gözləri hansı tərəfə baxarsa, o əraziləri öz əraziləri kimi hesab edirlər və həmin əraziləri ələ keçirməyə cəhd göstərirlər. Bu isə erməniləri reallıqdan uzaqlaşdırır.  

Ekspert bildirib ki, baş nazirin açıqlamasında qeyd olunduğu kimi, erməni xalqı faktiki olaraq siyasi-ideoloji istiqamətdə xəyallar üzərində düşüncə formalaşdırıb. Ona görə də Paşinyan tez-tez Ermənistan cəmiyyətinə “real Ermənistan” modelini xatırladır. O, öz həmvətənlərinə anlatmağa çalışır ki, Ermənistan adlı dövlət hazırda mövcud olan sərhədləri delimitasiya edilməli olan dövlətdən başqa bir şey deyil. Həmin sərhədlərdən kənarda Ermənistan mövcud deyil. Böyük Ermənistan xülyalarına yaşamağa ehtiyac yoxdur.

Politoloqun fikrincə, Paşinyanın dediyi kimi, böyük Ermənistan xülyaları real Ermənistanın mövcudluğunu ciddi təhlükə altında qoya bilər.

Gültac Mehdizadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il