Yaxın günlərdə Amerikalılar növbəti prezidentləri üçün səs verərək, ABŞ-nin 47-ci prezidenti olaraq Donald Trampı seçdilər. O seçkilərdən öncə və seçki ərəfəsində də dünyada sülhün bərqərar olmasına şərait yaradacağını, xüsusilə də Rusiya-Ukrayna və İran-İsrail müharibəsində atəşkəs üçün danışıqlar yolunu tapacağını qeyd etmişdi. Bu baxımdan da, Trampın hakimiyyətə gəlişindən sonra bütün dünyanı maraqlandıran sadəcə bir məsələ var: Tramp vədlərinə sadiq qalacaqmı?
Mövzu ilə bağlı Cross Media Analitik Qrupunun eksperti, Yaxın Şərq məsələləri üzrə mütəxəssis Vüqar Zifəroğlu qeyd edib ki, Donald Trampın yeni prezidentlik dönəmində Yaxın Şərqdə müharibə ehtimalları ilə bağlı bəzi faktorlar yenidən gündəmə gələ bilər:
"Trampın Yaxın Şərq siyasəti, onun əvvəllər tətbiq etdiyi yanaşmalara əsaslana bilər, lakin yeni qlobal və regional şərtlərə uyğun olaraq fərqli bir strategiyanın da izlənməsini istisna etmək olmaz. Bu əsasən İsrail faktoru və eləcə də bölgədə baş verən proseslərlə bağlıdır.
İsrailin Livana, Suriyaya və İrana mümkün hücumları ilə bağlı aşağıdakı amillər nəzərdən keçirilə bilər. İlk növbədə vurğulamaq lazımdır ki, Tramp administrasiyasının 2018-ci ildə İranla nüvə razılaşmasından çıxması, ABŞ-İran münasibətlərində ciddi gərginlik yaratmışdı. Trampın növbəti prezident dönəmində, İrana qarşı daha sərt mövqe tuta biləcəyi gözləniləndir. Bu, İranın nüvə proqramına qarşı daha aqressiv addımlar və ya İsrailin təhlükəsizlik məsələlərində dəstəklənməsi ilə özünü göstərə bilər".
Eyni zamanda İsrail uzun müddətdir ki, Livan və Suriyada İranın dəstəklədiyi proksi qüvvələrə qarşı aktiv əməliyyatlar aparmaqdadır:
"Trampın administrasiyasının bu əməliyyatlara daha ciddi dəstək verməsi ehtimalı yüksəkdir. Tramp adminstrasiyasına gözlənilən təyinatlarla bağlı yayılan xəbərlər də bunu deməyə əsas verir. ABŞ-ın bölgədəki mövqeyini gücləndirmək, eləcə də İranın təsirini azaltmaq üçün bu təhdidlərə qarşı müttəfiqləri ilə daha sərt addımlar atması ehtimal olunur. Başqa bi məqam isə ərəb ölkələri ilə İsrailin münasibətlərinin hansı istiqamətdə davam edəcəyi ilə bağlıdır. Xatırlatmaq istərdim ki, Tramp dövründə bəzi ərəb dövlətləri ilə İsrail arasında normallaşma prosesləri başladı və “İbrahim razılaşması” imzalandı. Tramp yeni prezidentliyi dönəmində də bu prosesi davam etdirməyə çalışacaq".
Vüqar Zifəroğlu əlavə edib ki, bununla belə, genişmiqyaslı bir müharibənin başlanması həm ABŞ, həm də İsrail üçün risklidir, çünki bu, Yaxın Şərqdə vəziyyəti daha da qeyri-sabit edə və qlobal təhlükəsizlik mühitinə mənfi təsir göstərə bilər. Bu mənada geniş miqyaslı müharibə ocaqlarının yaranması ehtimalı aşağıdır, lakin mövcuddur.
Aytac Kərimova