ABŞ-ın seçilmiş prezidenti Donald Trampın yaxın işçi heyətinə daxil olan milyarder Elon Mask ilə Trampın yüksək səviyyəli məsləhətçilərindən Boris Epshteyn arasında yeni idarəetmə kabineti təyinatları ilə bağlı müzakirələrin ikili arasında gərginliyə səbəb olduğu iddia edilib.
Crossmedia.az ABŞ-dan yayımlanan "Axios" saytının adları açıqlanmayan və müzakirəyə şahid olan mənbələrə istinadən verdiyi xəbərə görə, ABŞ Prezidentliyinə seçilən Trampın seçki kampaniyasına milyonlarla dollar ianə ilə dəstək verən Mask ilə Trampın hüquq məsləhətçisi Epshteyn arasında "qızğın bir müzakirə" baş verib.
Mənbələrin iddiasına görə, Trampın Florida ştatındakı Mar-a-Lago iqamətgahında keçirilən bir axşam yeməyində Mask, Epshteynin kabinet təyinatlarına təklif etdiyi namizədlərin keyfiyyətlərini sorğulayıb və bu, Epshteynin əsəbiləşməsinə səbəb olub. Mənbələr həmçinin Muskın, Epshteyni kabinetə seçilən şəxslər barədə detalları mətbuata sızdırmaqda ittiham etdiyini, Epshteynin isə bu ittihamı rədd etdiyini bildirib.
Bu müzakirəni "böyük bir partlayış" kimi xarakterizə edən mənbələr əlavə edib ki, Mask Trampa kabinet təyinatları ilə bağlı "təzyiq" göstərib. Digər tərəfdən, tərəflər hələlik bu müzakirə iddiaları ilə bağlı açıqlama verməyib.
Tesla və SpaceX-in Baş İcraçı Direktoru (CEO) Mask, ABŞ Prezident seçkiləri müddətində Respublikaçı namizəd Donald Trampın kampaniyasına verdiyi dəstəklə diqqət çəkib.
Trampa dəstək üçün Pensilvaniya ştatının Filadelfiya şəhərində ilk dəfə təkbaşına mitinq keçirən Mask, Trampı dəstəkləyən siyasi fəaliyyət komitəsi "America PAC"-ın kampaniyasını imzalayanlardan seçki gününə qədər hər gün 1 nəfərə lotereya ilə 1 milyon dollar verəcəyini açıqlamışdı.
Emil Bağızadə