ABŞ hərbçiləri Suriyada İranyönümlü qruplaşmalarla əlaqəli doqquz obyektə zərbələr endirib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, bu zərbələr İranın dəstəklədiyi qruplaşmaların ABŞ və koalisiya qüvvələrinə qarşı gələcək hücumları planlaşdırmaq və həyata keçirmək qabiliyyətini azaldacaq. Bəs bu proseslər ABŞ-İran savaşına, daha böyük münaqişə ocağının yaranmasına səbəb ola bilərmi?
Məsələ ilə bağlı politoloq Natiq Miri Crossmedia.az-a açıqlamasında bildirib ki, əslində ABŞ və İran arasında birbaşa müharibənin olmaması üçün bu cür proksi, muzdlu-terrorçu qüvvələrdən istifadə olunur:
" İran birbaşa prosesdə iştirak etmədiyi üçün bunu sübut etmək çətindir. Hər kəsə bəllidir ki, bu proksi qüvvələri maliyyələşdirən, silahlandıran İran dövlətidir. Onlar prosesdə birbaşa iştirak etmədən, vəkalətən bu savaşı aparırlar və özlərinin geosiyasi maraqlarını təmin edirlər. Ona görə də bu, zaman-zaman bölgədə ABŞ və koalisiya qüvvələri arasında toqquşmalara səbəb olur. Əgər bir tərəfdə İranı proksi qüvvələr ilə ittiham etmək mümkündürsə, ABŞ-nin rəhbərlik etdiyi koalisiya qüvvələrini də ittiham etmək mümkündür. Sual olunur ki, ABŞ-nin və ya koalisiya qüvvələrinin Suriyada nə işi var? Yəni bu koalisiya qüvvələrinin yerləşdiyi ərazi Suriyanın ərazisdir. Və bu ərazilərdə yerləşməklə Suriyanın ərazi bütövlüyünü pozublar".
Digər tərəfdən politoloq vurğulayıb ki, bu koalisiya qüvvələri və ABŞ Suriyada mövcud olan PKK Kürd terrorçuları vasitəsilə Suriyanı parçalayıb bütün enerji daşıyıcılarını "sümürüb" yeni bir Kürd dəhlizi, terror dəhlizi yaratmaq fikrindədirlər:
" Əgər bir tərəfdən İran ittiham olunursa, başqa tərəfdən ABŞ-nin özünü ittiham obyektinə çevirmək təbii olardı. Buna görə də zaman-zaman həm Suriyada, həm də regionda, istər İraqda, istər Liviyada, istərsə də Qırmızı dənizdə (Husilər) İranın proksi qüvvələri ilə ABŞ-nin dəstəklədiyi terrorçu qüvvələrin toqquşmalarını biz görürük. Bu gün dünyada savaşlar birbaşa deyil, vəkalətən aparılır. Və biz belə bir dünya ilə üz-üzəyik. Ona görə də, fikrimcə, bu cür savaşların iki dövlət arasında böyük bir müharibəyə gətirəcəyini düşünmək doğru olmazdı. Bu geosiyasi bir mübarizədir. Zaman-zaman İranın dəstəklədiyi qüvvələr ABŞ-nin maraqları olan obyektlərə hücum edəcək, digər tərəfdən də ABŞ-nin rəhbərlik etdiyi koalisiyalar bu proksi qüvvələri zəiflətmək üçün onların mövqelərinə zərbələr vuracaq. Biz 2011-ci ildən bu cür səhnələşdirilmiş teatrı müşahidə etməkdəyik".
Gülşad İbrahimova