Afrika

Afrikalı döyüşçü qrupları arasında Çin Xalq Respublikasının (ÇXR) istehsalı olan silahlar yayılıb.

Bu barədə Crossmedia.az saytı jamestown.org saytına istinadən xəbər verir.

Çin Xalq Respublikasında (ÇXR) istehsal olunan silahlar, ÇXR müdafiə podratçılarının regionda təsirini artırması ilə getdikcə daha çox Afrika ölkələrindəki silahlı qrupların əlinə keçir. Bir çox Afrika hökumətləri Pekin ilə silah tədarükü müqavilələri bağlayıb, nəticədə ÇXR qitənin əsas silah təchizatçısına çevrilib. Hərçənd silahların yaraqlı qrupların əlinə necə keçdiyi tam aydın deyil, korrupsiyanın ÇXR istehsalı olan silahların qitəyə axınında böyük rol oynadığı ehtimal olunur. Son illərdə ÇXR-in hərbi-sənaye kompleksində geniş yayılan korrupsiya, bu sistemin ali səviyyələrinə qədər çatıb. Bu fonda, Pekinin nəzarətindən kənarda fəaliyyət göstərən Afrikadakı ÇXR silah şirkətlərinin də korrupsiya fəaliyyətlərinə qarışma ehtimalı yüksəkdir. Eyni zamanda, regionda fəal olan Çin cinayət qruplarının iştirakı da nəzərəçarpandır.

Sentyabrın sonunda Malidə yerləşən və Əl-Qaidə ilə əlaqəli Camaat Nəsr əl-İslam vəl Müslimin (JNIM) təşkilatı Bamakoda 70-dən çox insanın həyatına son qoyan hücumlar təşkil edərək, Afrikanın Sahel bölgəsindəki varlığını gücləndirməyə davam edib (Sinxua, 18 sentyabr, 20 sentyabr). JNİM-in ÇXR istehsalı olan müxtəlif silahlara çıxışı var. Bu, qeyri-dövlət subyektlərinin ÇXR-in hərbi texnikasına geniş çıxışı olduğu nümunələrdən biridir — Myanma da digər bir önəmli misaldır.

Malidə yerləşən bu terror qrupu ÇXR istehsalı olan geniş bir silah arsenalına sahibdir. Mali ordusu tərəfindən yayılan təbliğat xarakterli videolarda ÇXR-in dövlətə məxsus müdafiə podratçısı Norinco (中国兵器工业集团; 北方工业) tərəfindən istehsal edilən Type 80 pulemyotu, Type 81-1 avtomatı və yüksək partlayıcı tank əleyhinə mərmilərlə təchiz edilmiş ən azı iki Type 69 reaktiv qumbaraatanı (RPQ) kimi müxtəlif silahlar görünür (Militant Wire, 22 sentyabr). 

Norinco, Sahel regionunda, xüsusən də Malidə hərbi təchizat təminatında getdikcə daha aktiv rol oynamaqdadır. Keçən yay yayımlanan videolarda Mali xüsusi təyinatlılarının Norinco istehsalı olan CS/VP11 Lynx bütün ərazi nəqliyyat vasitələri, W85 zenit pulemyotları və Jianshe Industries (云南建设工业集团) tərəfindən istehsal olunan JS 9 mm avtomat silahları ilə təchiz edildiyi göstərilmişdir (BiliBili, 27 avqust 2023). Keçən ay Pekində keçirilən Çin-Afrika Əməkdaşlıq Forumu (FOCAC) zamanı Norinco ilə yeni bir müqavilə imzalanaraq Mali ordusuna əlavə silah tədarükü nəzərdə tutulub.

Son illərdə JNIM, qiymətli və davamlı olduğu üçün yüksək qiymətləndirilən cənub Mali gül ağacının qeyri-qanuni yığılması və ticarətindən qoruyucu rüşvət sistemi vasitəsilə genişlənməsini maliyyələşdirmişdir (ISS Afrika, 19 iyun). 2018-ci ildə Malili jurnalist Amadou Traoré, Malidə qızılgül ağacının ticarəti ilə əlaqədar geniş meşə qırılması və cinayət fəaliyyətlərini ifşa edərək, bir sıra beynəlxalq araşdırmaların başlanmasına səbəb olmuşdur (Anonim Korrupsiya, 13 sentyabr 2023). Hesabatlara görə, Malidən ixrac olunan qızılgül ağacının əksəriyyəti ÇXR-də sona çatır və bu ticarətdə Mali və Seneqalda fəaliyyət göstərən Çin cinayət sindikatları mühüm rol oynayır (South China Morning Post, 22 may 2022; PPLAAF, 11 sentyabr 2023). ÇXR-də qeyri-qanuni yollarla əldə edilən Mali ağaclarının ticarəti o qədər yayılıb ki, bəzi onlayn satıcılar artıq bu məhsulu ÇXR-in texnoloji nəhəngi Baidu-nun biznes platforması Aicaigu-da satışa çıxarır (Aicaigou, 10 oktyabr). Bununla belə, JNİM-in ÇXR istehsalı olan geniş silah anbarının mənşəyi və ÇXR cinayət sindikatları ilə əlaqəsi hələ də qeyri-müəyyən olaraq qalır. Malinin cənubundakı kənd sakinləri yerli ÇXR cinayət sindikatlarının JNİM-ə müdafiə pulu ödədiklərini bildirsələr də, bu iddialar hələ təsdiqini tapmayıb və əlavə araşdırma tələb edir (ECOWAS, noyabr 2023).

Şərqi Konqo Demokratik Respublikasında, əsasən Tutsi üsyançılarından ibarət olan 23 Mart Hərəkatı (M23) ÇXR istehsalı olan silahlardan istifadə edərək, Qoma əyalətinin paytaxtına hücum etmiş və şəhəri talan etməklə bölgədə böyük ziyan yaratmışdır (BMT, 20 fevral; Afrika Müdafiə Forumu, 5 mart). Konqo ordusu tərəfindən ələ keçirilən M23-ə məxsus silah və avadanlıqların fotoları göstərir ki, bu təchizatların əksəriyyəti ÇXR-dən, xüsusilə Norinco və hərbi geyim üzrə ixtisaslaşan Xinxing şirkətlərindən alınmışdır. Konqolu-belçikalı müdafiə analitiki Jan-Jak Vondo Omanyundu yerli media ilə müsahibəsində qeyd etmişdir ki, “FARDC [Konqo ordusu] tərəfindən ələ keçirilən M23 silahlarının demək olar ki, hamısı Çin istehsalıdır” (China Global South Project, 12 iyul, 2022).

BMT Təhlükəsizlik Şurasının son hesabatına görə, M23 qruplaşması qonşu Ruanda və Uqandadan əhəmiyyətli maliyyə və maddi dəstək alır. Bu ölkələr ÇXR istehsalı olan silahları geniş miqyasda əldə edir (Birləşmiş Millətlər Təşkilatı; ReliefWeb, 4 iyun). Son illərdə Ruanda Norinco və digər firmalardan artilleriya sistemləri və digər silahlar satın almışdır. Şanxayda yerləşən Deekon Group isə Ruanda ordusu üçün hazırladığı hərbi geyimləri öz internet səhifəsində reklam məqsədilə paylaşır (Deekon Group, 8 oktyabr). ÇXR və Ruanda arasında sıx hərbi və müdafiə əlaqələri mövcuddur; Pekin, bu ilin əvvəlində Ruandaya rəsmi müdafiə attaşesini təyin etmişdir (ÇXR-in Ruandadakı səfirliyi, 21 fevral). Uqandalı bir jurnalistin 2021-ci ildəki araşdırmasına görə, Uqanda ordusu Norinco və Poly Technologies kimi Çin firmalarından silah alır (The Independent [Uqanda], 12 dekabr). Ötən ilin noyabrında Norinco, pilotsuz uçuş aparatlarına dair tədqiqat mərkəzi yaratmaq üçün Uqanda ordusu ilə əməkdaşlıq etmişdir (MODVA, 29 noyabr 2023). Ruanda və Uqandanın ÇXR istehsalı silahlara geniş çıxışı və M23 hərəkatına dəstəyi, üsyançı qrupun ÇXR istehsalı arsenalının mənşəyinə işıq tutur.

Artan M23 təhlükəsinə qarşı çıxmaq üçün Konqo Demokratik Respublikası (KDR) ordusu ötən il Çin Aerokosmik və Texnologiya Korporasiyasından (CASC) üç CH-4 hücum dron sistemi alaraq ÇXR müdafiə sənayesinə üz tutmuşdur (Afrika Kəşfiyyatı, 22 may 2023). Həmin ilin sonunda Norinco-nun törəmə şirkəti Norin Mining, KDR-nin Şimali Kivu əyalətində M23-ün başçılıq etdiyi üsyançı qrupların cənubunda, Katanqa əyalətinin Lubumbaşi şəhəri yaxınlığında kobalt və mis mədənlərinə nəzarət etməyə çalışmışdır. KDR dövlət mədən konqlomeratı olan Gécamines, qərardan xəbərsiz olduğunu bildirərək bu satışın qarşısını almışdır (Africa Confidential, 11 oktyabr). Lubumbaşi, Şimali Kivuda M23 tərəfindən idarə olunan ərazidən təxminən 900 mil cənubda yerləşsə də, qrup 2014-cü ildə şəhərə geniş hücumlar etmişdir (BBC, 7 yanvar 2014).

ÇXR müdafiə podratçıları getdikcə Afrika bazarına nüfuz edir; ÇXR bu il qitənin ən böyük silah tədarükçüsü kimi Rusiyanı keçib (ADF, 23 iyul). Tapançalardan tanklara qədər geniş çeşiddə silah istehsal edən Norinco, 70-dən çox ölkədə ofisləri ilə bu genişlənmənin önündə gedir. Onun Seneqalda, Dakar şəhərindəki son genişlənməsi Qərbi Afrika bazarındakı böyümə hədəflərini göstərir (Norinco, 8 oktyabr; SCMP, 21 avqust 2023). Norinco-nun veb saytına görə, bu şirkət Afrikadakı mədənlərə (qızıl, kobalt və palladium mədənləri də daxil olmaqla) nəzarət edir, regional mis ticarətində fəal iştirak edir və fəaliyyətlərini genişləndirməyi planlaşdırır (Norinco, 8 oktyabr). Bu şirkətləri silahlarından istifadə edən silahlı qruplarla birbaşa əlaqələndirən kifayət qədər dəlil olmasa da, ÇXR daxilindəki son hadisələr bu şirkətlərin fəaliyyətinə daha çox işıq salır.

2021-ci ildən etibarən Pekin korrupsiya ittihamlarına cavab olaraq Norinco şirkətinin iki rəhbərinə qarşı cəza tədbirləri həyata keçirib. 2021-ci ilin oktyabrında Çin rəsmiləri Norinco-nun keçmiş sədri Yin Jiaxu’nu rüşvət almaqda və qanunsuz qazanc əldə etməkdə günahlandırdılar (Xalq Gündəlik, 25 oktyabr 2021). Yin 2002-2018-ci illərdə yüksək vəzifələrdə çalışarkən “böyük məbləğdə” pul və hədiyyələr qəbul etmişdi (Global Times, 4 aprel 2021; CCDI, 30 sentyabr 2021). 2022-ci ilin dekabrında səlahiyyətlilər, müdafiə və aerokosmik sektorda korrupsiya araşdırmaları çərçivəsində Norinco sədri Liu Şiquanı Çin Xalq Siyasi Məşvərət Konfransının 14-cü Milli Komitəsindən çıxartdılar. Liu öncə dövlətə məxsus Çin Aerokosmik Elm və Sənaye Korporasiyasında (CASIC) yüksək mövqelərdə fəaliyyət göstərmişdi (Çin Qısacası, 2 fevral; Global Times, martın 3-ü).

Bu cəzalar, Çində müdafiə sənayesində korrupsiyanın ciddi problem olduğunu göstərir. Afrika ölkələrində həyata keçirilən fəaliyyətlər və Pekin rəhbərliyinin nəzarət mexanizmləri arasındakı məsafə isə korrupsiyanın Çin silahlarının Afrika yaraqlı qruplarına qanunsuz yollarla çatdırılmasına şərait yaratdığını sübut edir. Afrikada cinayət elementlərinin iştirakı və dövlətlərdəki korrupsiya ehtimalları bu silahların mənşəyi haqqında əlavə araşdırma tələb edir (OCCRP, 25 may 2022; Afrika Hesabatı, 12 avqust; 14 may).

Çinin Myanmadakı təcrübəsi isə Mali və Konqo Demokratik Respublikası (KDR) kimi münaqişə bölgələrində Çin roluna işıq sala bilər. ÇXR, illərdir Myanmada hökuməti dəstəkləməklə yanaşı, eyni zamanda müxtəlif silahlı müqavimət qruplarına da maddi yardım göstərir (Çin Qısacası, 17 mart 2023; MLM, 31 iyul; South China Morning Post, 25 avqust). Malidəki JNIM və Konqodakı M23 qrupları nadir və yüksək dəyərli resurslara çıxış təmin edərək ÇXR üçün iqtisadi əhəmiyyətə malikdir. ÇXR-in qeyri-rəsmi olaraq bu qruplara dəstək verməsi mümkündür, lakin bu, Çinin Afrikadakı nüfuzuna mənfi təsir göstərə bilər. Üstəlik, Malidəki Vaqner muzdluları ilə JNİM arasındakı münaqişə – xüsusilə Vaqnerin ÇXR istehsalı olan silahlardan istifadə etməsi – ÇXR-in Rusiyayla Afrika məsələlərində məhdudiyyətsiz tərəfdaşlıq əlaqəsini gərginləşdirə bilər (Sinxua, 2 yanvar 2021).

Nəticə olaraq, ÇXR-in Afrikada silah bazarında üstünlük qazanmağa çalışması və ÇXR istehsalı olan silahların silahlı qruplara çatması regional təhlükəsizliyə ciddi təsir göstərir. ÇXR-in qabaqcıl silah texnologiyalarına çıxış əldə edən qeyri-dövlət aktorları Afrikadakı resurslara əsaslanan münaqişələri daha da qızışdıra bilər. Mövcud tendensiyalara əsasən, ÇXR-in müdafiə şirkətləri qitədə daha çox təsir sahəsi qazanmağa çalışdıqca, təhlükələr artacaq.

Gülay Qəribova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il