Noyabrın 13-də COP29 çərçivəsində “İqlim dəyişikliklərinin su hövzələrinin azalmasına mənfi təsiri” mövzusunda müzakirələr aparılıb.
Crossmedia.az xəbər verir ki, BMT Baş katibinin su məsələləri üzrə xüsusi nümayəndəsi Retno Marsudi su məsələsinin COP29-un əsas prioritetlərindən biri kimi müəyyən edilməsində Azərbaycanın liderliyini yüksək qiymətləndirib, daha geniş iqlim dəyişikliyi üzrə Bakı dialoqunun yaradılmasını alqışlayıb.
O, iqlim dəyişikliklərinin səbəb olduğu su problemlərinin insanların həyatına, gələcək nəsillərə təhlükə yaratdığını, bir çox su hövzəsində, xüsusən də çayda suyun azalmasının özü ilə bərabər aclıq problemini ortaya çıxartdığını deyib. Bildirib ki, iqlim dəyişikliyi su mənbələrinə və infrastrukturuna da ciddi ziyan vurur. Təkcə ötən il 32 milyon nəfər daşqın və seldən əziyyət çəkib, aşağı sahil zonasında yaşayan 680 milyon nəfər dəniz səviyyəsinin yüksəlməsi təhlükəsi ilə üz-üzə qalıb. Ona görə də su amili iqlim dəyişikliyi ilə bağlı müzakirələrə və fəaliyyətlərə daxil edilməlidir.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası Elm-Siyasət Platformasının (IPBES) son hesabatına istinad edərək iqlim dəyişikliyinin biomüxtəlifliyə və torpaq deqradasiyasına mənfi təsirlərindən söz açıb. Bildirib ki, bu təsirlər bir-biri ilə, həm də su hövzələri ilə əlaqəlidir. O, dünyanın müxtəlif yerlərində iqlim dəyişikliyinin ekosistemə, Xəzər dənizi də daxil olmaqla su hövzələrinə mənfi təsirləri barədə danışıb. Su hövzələri ilə bağlı məsələlərin ortaq mövzu olduğunu vurğulayan COP29 Prezidenti əlavə edib ki, kollektiv çağırışlar kollektiv həll tələb edir. Bildirib ki, COP29 çərçivəsində İqlim fəaliyyəti üçün su üzrə COP29 Bəyannaməsi qəbul olunacaq. Bəyannamə maraqlı tərəfləri iqlim dəyişməsinin su ehtiyatları, su hövzələri, su ilə əlaqəli biomüxtəliflik və su ekosistemlərinə təsirləri və səbəbləri ilə mübarizədə inteqrasiyalı yanaşmaları tətbiq etməyə, eləcə də Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) və Milli Adaptasiya Planları (NAP) da daxil olmaqla, milli iqlim siyasətlərində su ilə bağlı təsirlərin yumşaldılması və adaptasiya tədbirlərini uzlaşdırmağa çağırır.
Tədbirdə qeyd olunub ki, dünya okeanlarında suyun səviyyəsinin artacağı proqnozlaşdırılsa da, bir çox endoreik su hövzələrində əhəmiyyətli azalmalar müşahidə olunur. Dünya İqtisadi Forumunun məlumatına görə, 1990-cı ildən bəri dünyanın böyük göllərinin 53 faizi kiçilib. Xüsusilə Xəzər dənizi, Aral dənizi, Çad gölü, Titikaka gölü və Viktoriya gölünün ölçülərində kəskin şəkildə azalma var.
Dünyanın ən böyük daxili su hövzəsi olan Xəzər dənizində yaranan vəziyyət onun sularını bölüşən Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistana ciddi təsir göstərir.