Siyasi

Təyyarə qəzası ilə Tacikistanlı kəndlinin sözlərini birləşdirən iz…

2024-cü il ölkəmiz və insanlarımız üçün uğurlu bir il kimi başa çatmaqda idi. Amma təyyarə qəzası ovqatımızı pozdu, bizi matəmə saldı və əlbəttə ki, həm də düşündürdü. İndi “Bu qəza təsadüfidirmi?”, “Qəza olmaya bilərdimi?”, “Biz bu kimi hadisələri əvvəlcədən görməliydik, yoxsa belə hallar zərurətdir?” kimi çox sayda suala cavab vermək lazımdır.

Bu suallara cavab axtararkən ilk növbədə fikirləşirik ki, təyyarə texniki baxımdan istismara tam hazır idi. Qəhrəman pilotlarımız mümkün olmayanı etdilər. Onların fədakarlığı sayəsində xeyli sayda insan sağ qaldı.

Həm də düşünürük ki, biz şərəf və ləyaqətin nə olduğunu bilirik. Bəzən şərəf və ləyaqətin olmadığı yerdə belə, onu axtarırıq. Elə Bakı-Qroznı xətti ilə uçan sərnişin təyyarəsinə qarşı sərgilənən münasibətlə bağlı fikirləşdiyimiz və onu Qazaxıstanlı qardaşlarımızın göstərdiyi davranışla müqayisə etdiyimiz kimi…

Fakt isə budur ki, qəza ilə əlaqədar yaradılmış komissiya araşdırma aparır və yekun məlumat olacaq…

Bu məlumatdan asılı olmayaraq bilirik ki, dünyanın bütün aviaşirkətləri öz uçuş strategiyasını planlaşdırır və risklər haqqında hesablamalar edir. Qroznı şəhəri də bir aydan artıqdır ki, bombalanır. Şəhərin ətrafında yerləşən hərbi obyektlərə hücumların edilməsi isə müharibə aparan tərəf üçün adi haldır. Bu baxımdan Qroznıya, eləcə də Rusiyanın bütün istiqamətlərinə uçuş etmək risklidir. Belə olan halda yenə sual meydana çıxır: hazırda Rusiyanın bütün istiqamətlərinə təyyarə uçuşlarının həyata keçirilməsi zəruridirmi? Bu məsələni tənzimləmək mümkün deyilmi? Bəlkə bu barədə bir az düşünək…

Onu da bilməliyik ki, ruslarla dostluq bir yerə qədərdir. Necə ki, bunu Tacikistandan olan bir kəndli düzgün ifadə edib. Belə ki, Rusiyaya sanksiyalar tətbiq ediləndən az sonra Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrdən bütün məhsulların gömrüksüz ölkəyə daxil olunması haqqında qərar verilir. Tacik kəndli Rusiyaya ixrac etmək üçün bağından üzüm toplayır.  BBC-nin müxbiri ona deyir: “Yəqin eşitmisiniz ki, indi Rusiyaya göndərəcəyiniz məhsul üçün Sizdən rüsum istəməyəcəklər, nə qədər istəyirsinizsə, apara bilərsiniz”. Tacik jurnalistə cavab verir: “Rusun dostu yoxdur. İndi Rusiyanın bizə ehtiyacı var. Bu, ona görədir. Sabah ehtiyacı olmayanda, yenə də həmin Rusiya olacaq”.

Düşünürəm ki, tacik kəndlinin sözlərində həqiqət var və bundan nəticə çıxarılmalıdr…  

Pərviz Kazımi

Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru 

09:40 29.12.2024

Oxunuş sayı: 7461

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR