KİV: Putinin məqsədi NATO və Aİ-ni daxildən zəiflətməkdir
Rusiya Prezidenti Vladimir Putinin xüsusi xidmət orqanlarına 2026-cı il üçün NATO və Avropa İttifaqını (Aİ) daxildən zəiflətmək məqsədi qoyduğu iddia edilib.
Crossmedia.az “New York Times”-ə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, Qərb ölkələrinin Rusiyanın hibrid müharibə apardığı barədə xəbərdarlıqları Moskvanın təqdim etdiyi kimi histerika deyil. NYT yazır ki, 2025-ci ilin sonunda keçirilən qapalı müşavirədə Putin Rusiya strukturlarına NATO və Aİ-nin daxilində parçalanma yaratmağa yönəlmiş fəaliyyətləri gücləndirmək tapşırığı verib.
Məlumata görə, bu kampaniyanın əsas istiqamətlərindən biri Moldova olub. Qərb kəşfiyyatının qiymətləndirmələrinə əsasən, Kremlin prioritet hədəfləri sırasında Moldova Ukraynadan sonra ikinci yerdədir.
Nəşr iddia edir ki, söhbət yalnız seçkilərə müdaxilədən getmir. Rusiya xüsusi xidmət orqanlarının Serbiya, Bosniya və Moskva ətrafında Moldova vətəndaşlarının iştirak etdiyi təlim düşərgələri yaratdığı, burada onlara silahdan istifadə, polis maneələrini yarmaq, yanğın törətmək və dronlardan diversiya məqsədilə istifadə etmək kimi bacarıqlar öyrədildiyi bildirilir.
NYT-nin məlumatına görə, Moskva eyni zamanda siyasi təbliğat və səs alışı kampaniyası həyata keçirib. Kremlə yaxın moldovalı oliqarx İlan Şorla əlaqəli strukturlar vasitəsilə 150 mindən çox şəxsin cəlb edildiyi, minlərlə fəala isə etirazlarda iştirak, Rusiyayönlü məzmun yaymaq və Aİ-yə inteqrasiyaya qarşı kampaniya aparmaq üçün ödəniş edildiyi iddia olunur.
Nəşr, həmçinin bəzi pravoslav din xadimlərinin də bu fəaliyyətə cəlb edildiyini yazır. İddialara görə, yüzlərlə keşiş Rusiyaya səfər edib, maliyyə alıb və Moldovanın Avropaya inteqrasiyasına qarşı çıxış etməli olub.
Məlumata görə, Rusiyayönlü qüvvələr 2025-ci il parlament seçkilərini pozmağa nail olmayıb. Lakin NYT hesab edir ki, Kreml bu istiqamətdə fəaliyyətini davam etdirə bilər.
Nəşr qeyd edir ki, Moldova Moskva üçün strateji əhəmiyyət daşıyır. Ölkə Ukrayna ilə Avropa İttifaqı və NATO üzvü olan Rumıniya arasında yerləşir. Moldovaya nəzarətin əldə edilməsi Rusiyaya Ukrayna və Qərbə qarşı təzyiq imkanlarını artırmaq üçün əlavə mövqe verə bilər.
NYT-nin yazdığına görə, Putin hələ də Ukraynanın cənub hissəsini ələ keçirərək Moldova istiqamətində quru dəhlizi yaratmaq planından imtina etməyib.
21:08 14.08.2026
Oxunuş sayı: 45