Hindistanın neft qərarı dünyanı təəccübləndirdi: Rusiyanın payı rekord həddə çatıb
Hindistanın idxal etdiyi neftin təxminən yarısı Rusiyanın payına düşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Rusiyadan neft tədarükünün həcmi rekord səviyyəyə çatıb.
Məlumata görə, iyul ayında Hindistan Rusiyadan sutkada 2,47 milyon barel neft idxal edib. Bu, ölkənin ümumi neft idxalının 50,83 faizini təşkil edib. Göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 62,4 faiz çoxdur, lakin iyun ayında qeydə alınan rekord göstəricidən 4,8 faiz aşağıdır.
Bildirilir ki, ilin əvvəlində Hindistan neft emalı zavodları ABŞ-nin mümkün gömrük rüsumları ilə bağlı narahatlıqlar səbəbindən Rusiya neftinin alışını azaltmışdı. Lakin İranla bağlı gərginlik və Yaxın Şərqdən tədarükdə yaranan problemlər Hindistanı yenidən Rusiya neftinin idxalını artırmağa vadar edib.
Məlumata əsasən, aprel-iyul aylarında Yaxın Şərq ölkələrinin Hindistanın neft idxalındakı payı 43 faizdən təxminən 30 faizə enib.
Ekspertlər qeyd edir ki, bu rəqəmlər Rusiya neftinin Hindistanın enerji sisteminə nə qədər dərindən inteqrasiya etdiyini göstərir. Hindistan ehtiyac duyduğu neftin 90 faizindən çoxunu xaricdən alır və Rusiyadan tədarükün qəfil dayandırılması böyük həcmdə alternativ mənbə tapmaq zərurəti yarada bilər.
20:58 14.08.2026
Oxunuş sayı: 40