Erkən evlilik nənələrimizdən qalan adətdir - Rəy
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə bu ilin ilk 7 ayı ərzində erkən evliliklə əlaqədar 14 müraciət daxil olub. Aidiyyəti qurumlarla aparılan koordinasiyalı fəaliyyət nəticəsində 11 erkən evliliyin qarşısı alınıb.
Komitənin məlumatına görə, 2025-ci ildə Dövlət Komitəsi və qurumun tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən ümumilikdə 60 erkən evlilik halı ilə bağlı araşdırma aparılıb. Aidiyyəti qurumlarla birgə 41 erkən evlilik halının qarşısı alınıb, 12 fakt isə təsdiqini tapmayıb.

Mövzu ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Mehriban Zeynalova Crossmedia.az-a açıqlamasında bildirib ki, erkən nikahlarla bağlı tədbirlər son dövrlərdə daha da ciddiləşdirilib və bu sahədə qanunvericilik kifayət qədər sərtdir.
Onun sözlərinə görə, cəmiyyətin də erkən nikahlara münasibəti dəyişib və bu hallara qarşı dözümsüz yanaşma müşahidə olunur: “Əslində, erkən nikahla bağlı tədbirlər çox ciddiləşdirilib və kifayət qədər qanunvericilik sərtdir. İctimaiyyət də bu məsələdə kifayət qədər aktivdir və erkən nikahla bağlı qəbul edilməz, dözülməz bir münasibət sərgiləyir. İctimaiyyətin erkən nikahla bağlı münasibətinin qanunvericiliyə uyğun olması mübarizəni gücləndirir. Bu, yaxşı haldır”.
M.Zeynalova qeyd edib ki, əvvəlki illərlə müqayisədə erkən nikah hallarının azalması müşahidə olunur. Lakin onun sözlərinə görə, bu problemin səbəbləri yalnız maddi ehtiyaclarla bağlı deyil: “Təkcə maddi ehtiyac deyil. Bəzi hallarda stereotiplər, bəzi hallarda qarşı tərəfin gender ayrı-seçkiliyi və qız uşağının dəyərsizləşdirilməsi, qız uşağının daha çox istənilən formada idarə edilməsi və onun qərarının nəzərə alınmaması da amillərdəndir”.
Hüquq müdafiəçisi bildirib ki, təhlükəsizlik məsələsi də bəzi valideynlərin erkən nikaha yönəlməsində rol oynayır: “Təhlükəsizlik məsələsi də buradakı amillərdən biridir ki, ətrafda baş verən müzakirələr, qadınlarla bağlı səslənən fikirlər bəzi hallarda valideynlərin uşağın guya təhlükəsizliyini təmin etmək üçün bu fürsətləri öz xeyirlərinə və guya uşağın xeyirinə həll etməyə çalışdıqlarını göstərir”.
M.Zeynalovanın fikrincə, erkən nikahların qarşısının alınmasında əsas məsələlərdən biri halların vaxtında aşkarlanmasıdır: “Əlbəttə ki, əsas məsələ aşkarlamadır. Bu məsələdə də ictimaiyyət aktivdir, qaynar xəttə zəng vurulur və hüquq-mühafizə orqanları dərhal tədbirlərini görürlər. Risk qrupuna daxil olan ailələr müəyyənləşdirilməli və həmin ailələrlə davamlı iş aparılmalıdır:
“Risk qrupuna aid olan ailələrdə, hansı ki, ailə münasibətlərində qız uşaqları ilə ayrı-seçkilik və onların dəyərsizləşməsi, təhsildən uzaqlaşdırılması kimi hallar tətbiq olunur, bu risk xəritəsi hazırlanmalıdır. Erkən nikahla bağlı hansı rayonlarda, hansı ailələrdə risk olduğu müəyyənləşdirilməli və həmin ailələrlə iş davamlı şəkildə aparılmalıdır”.

Sosioloq Mail Yaqub isə açıqlamasında bildirib ki, erkən evlilik cəmiyyətimiz üçün yeni yaranmış hal deyil və bu yanaşmanın müəyyən tərəfləri keçmişdən gələn adət-ənənələrlə bağlıdır.
Onun sözlərinə görə, əvvəlki nəsillərdə, o cümlədən nənələrimiz arasında 14-15 yaşında ailə quranların olması bu ənənənin keçmişdən gəldiyini göstərir: “Erkən evlilik məsələsi bizim keçmiş adət-ənənələrimizdə də olub. Bir qədər keçən nəsillərdən olan insanlara baxın, məsələn, nənələrimiz 14-15 yaşında ailə qurublar. Yəni bu ənənə, adət-ənənə keçmişdən gəlir. Təzə peyda olan bir şey deyil, yeni tendensiya deyil”.
Sosioloq bununla belə, erkən evliliyin normal hesab edilməməli və qarşısının alınmalı olduğunu vurğulayıb:
“Demirəm ki , bu yaxşıdır, yox, təbiidir: “Anormallıq da bir təbii prosesdir. Təbii ki, bu aradan qaldırılmalıdır, bu normal deyil. Yetkinlik yaşına çatmamış, hüquqi baxımdan icazəli olmayan nikahların qarşısı mütləq alınmalıdır. Çünki insan evlilik üçün müəyyən psixoloji və fiziki hazırlığa çatmalıdır”.
M.Yaqubun fikrincə, erkən evliliklərin qarşısının alınması üçün yalnız hüquqi mexanizmlərin tətbiqi kifayət deyil: “Təkcə hüquqi mexanizm işləməlidir? Xeyr. Dəfələrlə deyilib ki, cəmiyyətdə xoşagəlməz halların, əyri halların qarşısını almaq üçün təkcə inzibati-hüquqi yollar kifayət etmir. Burada hüquqi maarifləndirmə işi aparılmalıdır”.
Sosioloq hesab edir ki, hüquqi maarifləndirmə davamlı aparılmalı və insanlar öz hüquqları barədə sadə, anlaşılan dildə məlumatlandırılmalıdır: “Hüquqşünaslar sosial şəbəkələrdə, efirlərdə, televiziyada, radioda daim, davamlı olaraq hüquqla qadağan olunmuş məsələləri asan dildə insanlara izah edirlər. Anlaşılan dildə izah edirlər ki, insanlar öz hüquqlarını, qayda-qanunları bilsinlər”.
O qeyd edib ki, xüsusilə bəzi ucqar kəndlərdə yaşayan insanların erkən nikahla bağlı qanuni məhdudiyyətlərdən xəbərsiz olması mümkündür: “Ola bilər bəzi ucqar kəndlərdə insanların xəbəri yoxdur ki, məsələn, 15 yaşında bir qızın nikaha girməsi qanunla qadağan olunur. Ola bilər bir insanın, bir ailənin bundan xəbəri olmasın”.
M.Yaqubun sözlərinə görə, hüquqi maarifləndirmə zamanı hüquqşünaslar mürəkkəb hüquqi terminlərdən deyil, insanların asan başa düşəcəyi ifadələrdən istifadə etməlidirlər: “Bunu da dediyim kimi, hüquqşünaslar etməlidirlər, davamlı olaraq. Bəzən hüquqşünaslar o qədər qəliz dildə danışırlar ki, heç kim onu başa düşmür. Psixoloqlar deyir ki, təsir etmək istəyirsənsə, insanlara asan danış. Asan, anlaşılan danışmaq təsir imkanlarından biridir. Hüquqşünaslar da bu imkandan mütləq istifadə eləməlidirlər”.

Psixoloq Ezgi Şahin isə bildirib ki, Azərbaycanda erkən evliliklə yanaşı, gənclərin, xüsusilə qızların evliliyə yönləndirilməsi və bu istiqamətdə təzyiqlərlə üzləşməsi halları da mövcuddur.
Onun sözlərinə görə, bəzi hallarda gənclərin gələcək həyat yoldaşlarını tanımasına, ünsiyyət qurmasına və bir-birini yaxından tanımasına imkan verilmir: “Azərbaycanda erkən evlilik, əsasən də qızlara motivasiya verilir. Oğlanlar da əvvəldən gələn kimi hər hansı bir təzyiqlə evləndirməyə qərar verirlər. Çox vaxt onların istəmədikləri bir insan olur və yaxud da danışmağa, görüşməyə icazə vermirlər ki, insanlar bir-birilərini tanısın və yaxud da bu yolda ömür boyu bir yerdə yaşayacaqlarını böyüklər onlara unutdururlar və beləliklə evləndirirlər”.
E.Şahin hesab edir ki, insanların bir-birini kifayət qədər tanımadan ailə qurması sonradan münasibətlərdə problemlərin yaranmasına və ayrılıqlara səbəb ola bilər:
“Boşanma sayları da artıb. Boşanma saylarının artmağını da mən buna bağlayıram. Çünki tanıya bilmirlər bir-birini və ailə içərisində heç kəs bir-birini tam-tamına tanıya bilməz, ta ki onlar bir-birini çöldən tanımadığı müddətcə. Belə olduğu halda evlənirlər və görürlər ki, xasiyyəti, qavrama və yaxud da qarşıdakı insanla eyni görüşə sahib deyillər. Bu vəziyyətdə də ayrılırlar və ya şiddətli ayrılıqları daha çox görmək mümkün olur”.
Psixoloqun sözlərinə görə, evlilik insan həyatında mühüm yer tutur, lakin yanlış evlilik insanın həyatında uzunmüddətli iz buraxa və travmatik nəticələrə səbəb ola bilər:
“Evliliyin çox önəmli olduğunu və insan həyatında çox-çox yer edildiyini deyirlər, amma başa düşmürlər ki, yanlış evlilik də insanın ömrünün 50%-ni aparır və dönüb arxaya baxanda böyük bir travmaya gətirib çıxardır, iz qoyur”.
E.Şahin vurğulayıb ki, əsas məsələ yalnız evlilik yaşının müəyyənləşdirilməsi deyil, düzgün və sağlam ailə münasibətinin qurulmasıdır: “Buna görə də əsas olan neçə yaşda evlilik deyil, necə düzgün evlilik sahib olduğundur, necə düzgün psixologiyada və psixoloji kimi yaxşı olan bir ailə qurduğundur. Gec olsa belə, əsas odur ki, özü istəyib, özü öz duyğusuna qərar verməlidir və özü tanımalıdır. Çünki ömür boyu qalan ömrünü həmin o insan evləndiyi şəxslə yaşayacaq”.
Psixoloq gənclərə erkən yaşda evlilik qərarı verməzdən əvvəl özlərini tanımağı, maariflənməyi və həyatı kəşf etməyi tövsiyə edib: “Gənclərə bunu tövsiyə eləyə bilərəm ki, erkən yaşda evlilik onların həyatlarına heç nə qatmaz. Özlərini tanımadan, özlərini bilmədən və yaxud psixoloji durumlarını bilmədən və yaxud həyatın onlardan nələr tələb etdiyini bilmədən, özlərini kəşf etmədən heç bir şəkildə evlilik kimi bir məsuliyyət qəbul etməsinlər. İlk öncə özlərini tanısınlar, maariflənsinlər, gəzsinlər və həyatı kəşf etsinlər. Daha sonrasında əgər öz ruhlarına oxşar və huzurlu şəxs çıxacaqsa, psixoloji sağlam şəxs çıxacaqsa, o zaman evliliyin daha yararlı olduğunu düşünürəm və həqiqətən də bu belədir”.
Zərnigar Hüseynli
11:50 10.08.2026
Oxunuş sayı: 52