Məhsullar tələf ola bilər - Fermerlərə xəbərdarlıq
Havaların kəskin isti və quraq keçməsi kənd təsərrüfatında məhsuldarlıq və məhsulun keyfiyyəti ilə bağlı ciddi risklər yaradır. Temperaturun yüksəlməsi bitkilərin suya tələbatını artırmaqla yanaşı, onların fizioloji proseslərinə də mənfi təsir göstərə bilər. Xüsusilə yüksək temperatur fonunda su təminatının düzgün təşkil olunması və bitkilərin stres amillərinə davamlılığının artırılması mühüm əhəmiyyət daşıyır.

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov mövcud vəziyyətlə bağlı Crossmedia.az-a açıqlamasında fermerlərin diqqət etməli olduğu məqamlardan danışıb:
“Havaların belə isti keçməsi ilk deyil. Əvvəllər də belə hallar olub. Bu, qlobal istiləşmə ilə bağlıdır və sonrakı illərdə də daha yüksək temperatur müşahidə oluna bilər. Ona görə də fermerlər və kəndlilər yalnız hava istiləşəndə, soyuq olanda və ya intensiv yağışlar yağanda təlaşa düşməməlidirlər. Əvvəldən bitkilərin immunitetinin möhkəm olması üçün çalışmalıdırlar. Bitkilər kəskin hava dəyişikliklərinə dözümlü olmalıdır. Onlar da canlıdır və immun sistemi möhkəmdirsə, müxtəlif stres amillərinə dözə bilirlər. Bunun üçün aqrotexniki qaydalara vaxtında əməl etmək, bitkiləri lazımi elementlərlə təmin etmək lazımdır ki, onlar hava dəyişikliklərinə davamlı olsunlar”.
Ekspert qeyd edib ki, havaların istiləşməsi bitkinin suya olan tələbatını artırır: “Bu nəzərə alınmalıdır. Əgər su təminatında problem varsa, mütləq həmin problemin həlli ilə məşğul olmaq lazımdır. Azərbaycanın su ehtiyatları kifayət qədərdir. Sadəcə, suyun bölgüsündə və ya idarə edilməsində problem var. Bu problemi də bizim kəndlilər deyil, həmin sahəyə aid olan məmurlar həll etməlidirlər. Nəzərə alınmalıdır ki, yay aylarında bitkilərin suya ehtiyacı artır və kəndlilərin suya olan tələbatı davamlı şəkildə ödənilməlidir. Bu mütləq baş verməlidir. Əks halda, məhsuldarlıq aşağı düşəcək, məhsulun keyfiyyəti pisləşəcək və fermerlərimiz ziyana məruz qalacaqlar. Havanın temperaturu 35 dərəcəni keçəndə fotosintez prosesi dayanır. Bu da nəzərə alınmalıdır. Əgər fotosintez prosesi dayanırsa, deməli, hava istiləşən zaman bitkinin inkişafı da dayanır. Sonrakı mərhələdə bitkinin normal inkişaf etməsi üçün davamlı olaraq su ilə təminat həyata keçirilməlidir. Ümumilikdə isə bitki stres amillərinə müəyyən qədər dözümlülük göstərə bilir. Hava istiləşir, soyuq olur, zərərvericilər və xəstəliklər yaranır. Bitki bütün bunlara dözə bilir. Lakin bitki yalnız immuniteti möhkəm olduğu halda stres amillərinə davamlılıq göstərə bilər. Təəssüf ki, bizim kəndlilərimizin və fermerlərimizin əksəriyyəti, hətta 90 faizi bundan xəbərsizdir. Ola bilsin ki, bunu eşidiblər. Biz uzun illərdir, təxminən 30 ilə yaxındır ki, bu istiqamətdə maarifləndirmə aparırıq. Lakin bizim təklif etdiyimiz tədbirlər mütləq vaxtında həyata keçirilməlidir ki, bitkinin immun sistemi möhkəm olsun və kəskin hava dəyişikliklərinə, eləcə də digər biotik və abiotik stres amillərinə davamlılıq göstərə bilsin”.
Zeynəb Həsən
11:30 10.08.2026
Oxunuş sayı: 59