Yüksək intellektli qatillər: Onları cinayətə nə sövq edib?
Kriminal tarixdə törətdikləri çoxsaylı qətllərlə yanaşı, intellektual göstəriciləri ilə də diqqət çəkən şəxslər olub. Luis Garavito 138, Ted Bundy 30-dan çox, Jeffrey Dahmer 17, Ed Kemper 10, Rodney Alcala 8, Andrew Cunanan isə 5 nəfərin qətlində məsul şəxs kimi tanınıb. Onlardan bəziləri üçün yüksək IQ göstəriciləri qeyd olunur: Ted Bundy üçün təxminən 136, Ed Kemper üçün 145, Rodney Alcala üçün isə 160 rəqəmi geniş yayılıb. Lakin bu göstəricilərin hamısı eyni dərəcədə etibarlı mənbələrlə təsdiqlənməyib. Bu şəxslərin hekayələri isə bir məqamı gündəmə gətirir: yüksək intellekt insanı avtomatik olaraq yaxşı, vicdanlı və mənəviyyatlı şəxsə çevirirmi?

Mövzu ilə bağlı Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Crossmedia.az-a açıqlamasında bildirib ki, yüksək intellekt insana hadisələri daha dərindən analiz etmək, davranışlarının nəticələrini əvvəlcədən görmək və mürəkkəb situasiyalarda daha çevik qərarlar vermək imkanı yarada bilər.
Onun sözlərinə görə, həmin qabiliyyətlərin hansı istiqamətdə istifadə olunacağını isə intellektin özü müəyyən etmir:
“İnsan güclü analitik qabiliyyətlərini həm cəmiyyət üçün faydalı məqsədlərə, həm də yalnız şəxsi maraqlarını təmin etməyə yönəldə bilər. İntellekt daha çox insanın nəyi və necə edə bildiyini göstərir, mənəvi dəyərlər isə bunu hansı məqsədlə etdiyinə təsir göstərir”.
Psixoloq qeyd edib ki, empatiya məsələsinə də ayrıca yanaşmaq lazımdır:
“Başqa insanın hisslərini və düşüncələrini anlamaqla həmin hisslərə həssas yanaşmaq eyni anlayış deyil. İnsan qarşısındakı şəxsin nə düşündüyünü və nə hiss etdiyini çox yaxşı anlaya bilər. Lakin bu anlayışın mərhəmətli və vicdanlı davranışa çevrilməsi üçün emosional və mənəvi komponentlər də vacibdir”.
E.Rüstəmov bildirib ki, insan hansı davranışın doğru olduğunu çox yaxşı başa düşə və hətta bunu məntiqi şəkildə əsaslandıra bilər. Lakin konkret vəziyyətdə şəxsi maraqlarını üstün tutaraq fərqli davrana bilər:
“Bu səbəbdən insanı yalnız intellekt göstəricilərinə əsasən qiymətləndirmək doğru deyil”.
Psixoloqun sözlərinə görə, xarakter və mənəvi dəyərlər uzunmüddətli sosiallaşma prosesində formalaşır:
“Uşaqlıqdan müşahidə etdiyimiz davranış modelləri, valideyn münasibətləri, cəmiyyətin normaları, yaşadığımız müsbət və mənfi təcrübələr, məsuliyyət hissimiz və öz davranışımıza verdiyimiz qiymət zamanla şəxsiyyətimizin bir hissəsinə çevrilir”.
O qeyd edib ki, intellekt bu prosesi anlamağa kömək edə bilər, lakin insanın bildiyi ilə etdiyi arasında həmişə birbaşa əlaqə olmur.
E.Rüstəmov vurğulayıb ki, psixoloji baxımdan sağlam və yetkin şəxsiyyətin formalaşmasında idrak qabiliyyətləri ilə yanaşı, emosional yetkinlik, empatiya, məsuliyyət, vicdan, özünənəzarət və sosial dəyərlər də mühüm əhəmiyyət daşıyır:
“Yüksək intellekt böyük potensialdır, lakin həmin potensialın insanın özünə və ətrafındakılara hansı şəkildə təsir göstərəcəyi onun şəxsiyyət xüsusiyyətləri və mənimsədiyi dəyərlərlə sıx bağlıdır”.
Zərnigar Hüseynli
17:00 08.08.2026
Oxunuş sayı: 55