Virus yayılır, dərmanı isə yoxdur – özünüzü qoruyun
ABŞ-nin Nyu-York ştatında nadir rast gəlinən və gənələr vasitəsilə yayılan “Bourbon” virusuna ilk yoluxma halının qeydə alınması bu infeksiyanın yenidən diqqət mərkəzinə gəlməsinə səbəb olub. Mütəxəssislər bildirirlər ki, hazırda virusa qarşı xüsusi müalicə üsulu və ya təsdiqlənmiş vaksin mövcud deyil. Yoluxma halları çox nadir olsa da, xəstəliyin ağır klinik gedişi və ciddi fəsadlar törətmə ehtimalı səbəbindən səhiyyə qurumları əhalini ehtiyatlı olmağa çağırırlar. Bununla yanaşı, virusun əsasən gənə dişləməsi ilə yayıldığı və insanlar arasında geniş yayılma potensialının məhdud olduğu qeyd edilir. Bəs "Bourbon" virusunun əsas simptomları hansılardır? Xəstəliyin təhlükəlilik dərəcəsi nə qədər yüksəkdir? Virusun insanlar arasında yayılma riski və gələcəkdə daha geniş coğrafiyada yayılma ehtimalı ilə bağlı fikirlərinizi bölüşərdinizmi?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən
professor Adil Qeybulla qeyd edib ki, gənələr vasitəsilə yayılan "Bourbon" virusu
çox nadir rast gəlinən, lakin təhlükəli viruslardan biridir: “Bu virus təxminən
10–12 il əvvəl ABŞ-də aşkar edilib və ilk dəfə Kanzas ştatının "Bourbon" dairəsində
müəyyən edildiyi üçün ona “Bourbon virusu” adı verilib. Hazırda bu virusa qarşı
təsdiqlənmiş xüsusi dərman və ya vaksin mövcud deyil. Eyni zamanda, onun
yayılma intensivliyi ilə bağlı da dəqiq və geniş statistik məlumat yoxdur. Xəstəliyin
gedişi ağır keçir. Adətən yüksək hərarət, qızdırma, əzələ ağrıları, ümumi
halsızlıq və zəifliklə başlayır. Daha sonra qanda trombositlərin və leykositlərin
səviyyəsinin azalması kimi ciddi klinik əlamətlərlə davam edir”.

Professorvurğulayıb ki, sevindirici məqamlardan biri virusun əsas yoluxma yolunun tənəffüs yolu ilə olmamasıdır: “Buna görə də onun genişmiqyaslı epidemiya və ya pandemiya yaratmaq potensialı çox aşağı qiymətləndirilir. Bununla belə, gənə dişləməsi nəticəsində yoluxan şəxslərdə ciddi sağlamlıq problemləri yarana bilər. Ona görə də hesab edirəm ki, dünyanın hər hansı bir bölgəsində yeni və ya təhlükəli infeksiya yayılmağa başlayırsa, bütün ölkələr bunu diqqətdə saxlamalı, epidemioloji nəzarəti gücləndirməli və qabaqlayıcı tədbirlər görməlidirlər”.
Ayhan
20:00 03.08.2026
Oxunuş sayı: 56