Bu yağlardan istifadə etməyin
Fransada istehsal olunan məşhur La Ferme des Tertres markalı kərə yağlarında insan sağlamlığı üçün təhlükəli hesab edilən "Listeria monocytogenes" bakteriyasının aşkarlanması ölkədə ciddi qida təhlükəsizliyi həyəcanı yaradıb. Bununla əlaqədar Fransa hökumətinin qida təhlükəsizliyi platforması RappelConso sözügedən məhsulların təcili şəkildə satışdan geri çağırıldığını elan edərək, istehlakçılara həmin kərə yağlarını qətiyyən istifadə etməmələri barədə xəbərdarlıq edib. Mütəxəssislər bildirirlər ki, bakteriyanın törətdiyi listerioz ağır fəsadlara səbəb ola bilər və xəstəliyin əlamətləri məhsul istehlak edildikdən sonra hətta 8 həftəyədək müddətdə özünü göstərə bilər.

Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov
Crossmedia.az-a açıqlamasında qeyd edib ki, kərə yağı alarkən ilk növbədə məhsulun
etiketinə diqqət yetirmək lazımdır: “İstehsalçı, istehsal və son istifadə
tarixi, saxlanma şəraiti, tərkibi və mənşə ölkəsi mütləq yoxlanılmalıdır.
Qablaşdırması zədələnmiş, şişmiş və ya düzgün soyuducu şəraitdə saxlanılmayan məhsullar
alınmamalıdır. Xaricdən gətirilən məhsullarda isə həmin məhsulla bağlı geri
çağırılma və ya təhlükəsizlik xəbərdarlıqları olub-olmamasını rəsmi mənbələrdən
izləmək faydalıdır. Kərə yağı açıldıqdan sonra rəngində, qoxusunda və dadında hər
hansı qeyri-adi dəyişiklik müşahidə edilərsə, həmin məhsul istifadə edilməməlidir.
Listeria monocytogenes bakteriyası xüsusilə hamilələr, yaşlılar, azyaşlı
uşaqlar və immun sistemi zəif olan insanlar üçün ciddi sağlamlıq riski yarada
bilər. Bu bakteriya soyuducu temperaturunda belə çoxala bildiyi üçün məhsulun
düzgün saxlanılması da böyük əhəmiyyət daşıyır. İstehlakçılar yalnız etibarlı
istehsalçılara məxsus, rəsmi satış şəbəkələrində satılan və qida təhlükəsizliyi
tələblərinə uyğun istehsal edilmiş kərə yağlarını seçməlidirlər, onun təhlükəsizliyinə,
keyfiyyətinə və izlənilə bilən mənşəyinə üstünlük verməlidirlər. Bu yanaşma
qida mənşəli infeksiya riskini əhəmiyyətli dərəcədə azaldır”.
Ayhan
17:00 03.08.2026
Oxunuş sayı: 63