Qan testləri xərçəngi nə qədər dəqiq göstərir? – Əsas müayinə üsulu açıqlandı
Qida və Dərman Administrasiyasının yoğun bağırsaq xərçənginin erkən aşkarlanması üçün yeni qan testini təsdiqləməsi xərçəng diaqnostikasında yeni imkanların müzakirəsinə səbəb olub. Mütəxəssislər bildirirlər ki, erkən aşkarlama sağ qalma şansını artırsa da, qan analizləri hər zaman dəqiq nəticə verməyə bilər və əsas diaqnostik üsullar arasında digər müayinələr ön planda qalır.

Mövzu ilə bağlı dosent, tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Musəyi̇bov Crossmedia.az-a açıqlamasında bildirib ki, xərçəng xəstəliklərinin artmasında əsas amillərdən biri həyat tərzi və qidalanmadır:
"Ümumiyyətlə, xərçəng xəstəliyi — istər yoğun bağırsaq xərçəngi olsun, istər mədə xərçəngi, istərsə də süd vəzi xərçəngi — həm Azərbaycanda, həm də dünyada sürətlə yayılmaqdadır. Bunun əsas səbəblərindən biri qidalanma faktorudur. Daha sonra stress, travmalar, tütün məmulatlarından və alkoqollu içkilərdən həddindən artıq istifadə kimi amillər də xərçəng xəstəliklərinin həm cavanlaşmasına, həm də daha geniş yayılmasına təsir göstərir".
Onkoloqun sözlərinə görə, xərçənglə mübarizədə ən vacib amillərdən biri vaxtında müayinədən keçməkdir:
"Biz hər zaman qeyd edirik ki, erkən müayinə həyat xilas edir. Xəstəlik nə qədər tez aşkarlanarsa, müalicənin effektivliyi və sağ qalma ehtimalı bir o qədər yüksək olur. Bu baxımdan skrininq müayinələri xüsusi əhəmiyyət daşıyır. Buraya qan analizləri, kolonoskopiya, qastroskopiya, MRT və KT müayinələri daxildir".
F.Musəyi̇bov qeyd edib ki, xərçəng diaqnozunun dəqiqləşdirilməsində əsas rol patohistoloji müayinəyə məxsusdur:
"Bütün müayinələrin nəticələri birlikdə qiymətləndirilir və son olaraq patohistoloji müayinənin nəticəsinə əsasən xəstədə onkoloji xəstəliyin olub-olmaması dəqiq müəyyən edilir. Ona görə də vaxtında həkimə müraciət etmək çox vacibdir".
Ekspert bildirib ki, qan testləri müəyyən imkanlar yaratsa da, yoğun bağırsaq xərçənginin aşkarlanmasında əsas üsul hesab olunmur:
"Qan testləri burada o qədər də yüksək əhəmiyyət daşımır. Çünki yanlış nəticələrə rast gəlmək mümkündür. İstər onkomarkerlər, istərsə də digər qan analizləri bəzi hallarda dəqiq nəticə verməyə bilər. Ən dəqiq müayinə üsulları isə kolonoskopiya və qastroskopiyadır".
Onun sözlərinə görə, yoğun bağırsaq xərçəngindən şübhələnildikdə kolonoskopiya və biopsiya əsas diaqnostik mərhələlərdəndir:
"Əgər söhbət yoğun bağırsaqdan gedirsə, mütləq kolonoskopiya aparılmalıdır. Zərurət olduqda həmin müayinə zamanı biopsiya götürülür və nəticəyə əsasən xəstəyə dəqiq diaqnoz qoyulur. Xüsusilə polip və ya digər törəmələr aşkarlandıqda onların histoloji müayinəsi xəstəliyin müəyyənləşdirilməsi üçün əsas göstəricidir".
Zərnigar Hüseynli
16:00 03.08.2026
Oxunuş sayı: 68