Azərbaycan-Qırğızıstan münasibətləri yeni mərhələyə keçib
Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Respublikasına etdiyi dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Səfər çərçivəsində yüksək səviyyəli görüşlərin keçirilməsi, Azərbaycan–Qırğızıstan Dövlətlərarası Şurasının üçüncü iclasının təşkili, mühüm sənədlərin imzalanması və müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə dair əldə olunan razılaşmalar Bakı ilə Bişkek arasında strateji müttəfiqliyin daha da möhkəmləndiyini nümayiş etdirir. Siyasi dialoqdan iqtisadi və investisiya əməkdaşlığına, nəqliyyat-logistika layihələrindən humanitar əlaqələrə qədər geniş gündəliyi əhatə edən səfər, eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Bəs Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfərinin Azərbaycan–Qırğızıstan münasibətlərinin gələcək inkişafına hansı təsirləri olacaq?
Azərbaycan və Qırğızıstan münasibətlərinin hazırki vəziyyəti ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Allahverənov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Respublikasına dövlət səfəri kifayət qədər yüksək dəyərləndirilə biləcək səfərlərdən biridir: “Çünki burada biz iki qardaş respublika arasında münasibətlərin ən yüksək səviyyəyə çatdırılması istiqamətində birgə səylərin həyata keçirildiyini və eyni zamanda bu münasibətlərin yeni mərhələyə yüksəldilməsi ilə bağlı çox mühüm siyasi iradənin ortaya qoyulduğunu görürük. Bu baxımdan tam əminliklə deyə bilərik ki, Azərbaycan–Qırğızıstan münasibətləri yeni mərhələyə daxil olur. Burada müttəfiqlik münasibətlərindən strateji və iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsinə keçid açıq şəkildə özünü göstərir. Nəticə etibarilə iki ölkə arasında strateji tərəfdaşlığın artıq müttəfiqlik səviyyəsində qərarlaşdığını görürük. Bu isə ilk növbədə iqtisadiyyat, ticarət, nəqliyyat, energetika, kənd təsərrüfatı, mədəni və humanitar sahələrdə əməkdaşlığın dərinləşməsinə xidmət edən fəaliyyətlərlə müşayiət olunur. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan və qırğız xalqları arasında tarixən mövcud olan çox güclü bağlılıq, ortaq türk kimliyi, ümumi tarix, dil və mədəniyyət bu münasibətlər üçün möhkəm fundament yaradır. Məhz həmin fundament üzərində strateji tərəfdaşlığın ən yüksək səviyyədə qurulması mümkün olur. Bu gün iki dövlət arasında davam etdirilən əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər dost və qardaş ölkələri daha da yaxınlaşdırıb. Nəticə etibarilə bu tərəfdaşlığın artıq bir sıra mühüm mexanizmlər vasitəsilə həyata keçirildiyini görürük”.

Deputat qeyd edib ki, həmin mexanizmlər sırasında Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında Dövlətlərarası Şuranın artıq üçüncü iclasının keçirilməsi xüsusi əhəmiyyət daşıyır: “Bu, siyasi dialoqun daha yüksək səviyyədə həyata keçirilməsinə, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün konkret yol xəritəsinin müəyyənləşdirilməsinə, humanitar əməkdaşlığın isə yeni istiqamətlər üzrə inkişaf etdirilməsinə xidmət edən mühüm razılaşmalarla xarakterizə olunur. Dövlətlərarası Şuranın fəaliyyəti və digər institutlar arasında intensiv təmaslar onu göstərir ki, münasibətlər həqiqətən də müttəfiqlik səviyyəsinə yüksəlib və artıq bunun real nəticələri özünü göstərməkdədir. Burada ən önəmli məsələlərdən biri, şübhəsiz ki, siyasi dialoqdur. Siyasi müstəvidə formalaşan tərəfdaşlıq eyni zamanda hər iki ölkənin malik olduğu iqtisadi potensialdan səmərəli istifadə olunması üçün əlverişli şərait yaradır. Bu müttəfiqlik iqtisadi əməkdaşlığın dərinləşməsində də özünü açıq şəkildə göstərir. Nəzərə alsaq ki, bu gün ən vacib istiqamətlərdən biri enerji layihələrinin həyata keçirilməsi və nəqliyyat-logistika infrastrukturunun inkişafıdır, xüsusilə Orta Dəhliz üzərindən Çindən Avropaya daşınan beynəlxalq yüklərin Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Azərbaycan ərazisindən keçməklə Avropaya çatdırıldığını görürük. Bu isə beynəlxalq münasibətlər sistemində mühüm əhəmiyyət kəsb edən enerji təhlükəsizliyi və nəqliyyat-logistika layihələrinin uğurla reallaşdırıldığını göstərir. Qazaxıstanın da iştirak etdiyi bu əməkdaşlıq formatı tərəfdaşlığın hansı səviyyədə formalaşdığını nümayiş etdirən çox mühüm indikatorlardan biridir. Bununla yanaşı, ticarət dövriyyəsinin artırılması üçün də geniş potensial mövcuddur. Düşünürəm ki, gələcəkdə Azərbaycan və Qırğızıstan arasında həm ticarət dövriyyəsi, həm də qarşılıqlı investisiya siyasəti daha da genişlənəcək və bu, iqtisadi əməkdaşlığın dərinləşməsi üçün çox əlverişli şərait yaradacaq”.
A.Allahverənov qeyd edib ki, Azərbaycan–Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalı 200 milyon dollara çatdırılıb, bu da hər iki ölkənin iqtisadi sektorları üçün yeni imkanlar yaradır: “Nəticə etibarilə iqtisadi müstəvidə həyata keçirilən siyasətin daha səmərəli şəkildə tamamlanması və davamlı inkişafı üçün əlverişli zəmin formalaşır. Bundan əlavə, nəzərə alsaq ki, iki ölkə arasında artıq 100-dən çox sənəd imzalanıb və bu sənədlər müxtəlif sahələri əhatə edir, burada ən mühüm istiqamətlərdən biri də humanitar əməkdaşlıqdır. Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləridir. Bu prosesdə qırğız xalqının və Qırğız Respublikası hökumətinin fəal iştirakı yüksək qiymətləndirilir. Bu isə humanitar müstəvidə əlaqələrin nə qədər sıx olduğunu və onların davamlı şəkildə inkişaf etdirildiyini göstərir. Bu baxımdan Ağdam rayonunun Xıdırlı kəndində inşa edilən “Ayköl Manas” adına tam orta məktəbin tikintisində qırğız şirkətlərinin yaxından iştirakı və Qırğızıstan hökumətinin bu layihəyə verdiyi dəstək xüsusi qeyd olunmalıdır. Əgər humanitar əməkdaşlıqdan danışırıqsa, bu layihə böyük siyasi jest olmaqla yanaşı, tərəfdaşlığın yüksək səviyyədə qərarlaşdığını nümayiş etdirən mühüm təhsil infrastrukturu layihəsidir. Bu baxımdan iki ölkə arasında münasibətlərin məhz belə möhkəm bağlar üzərində inkişaf etdirilməsi ilə bağlı güclü siyasi iradənin mövcud olması, beynəlxalq platformalarda dövlətlərin bir-birini ardıcıl şəkildə dəstəkləməsi böyük uğur və nailiyyət kimi qiymətləndirilməlidir. Bütün bunlar iki xalqı daha da yaxınlaşdırır. Bu kontekstdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq məsələlərinə də xüsusi diqqət yetirmək lazımdır. Bununla yanaşı, ictimai diplomatiya sahəsində də Azərbaycan və Qırğızıstan arasında əlaqələrin sürətlə inkişaf etdiyini müşahidə edirik. Cari ildə Azərbaycan–Qırğızıstan universitetlərinin Birinci Əməkdaşlıq Forumunun Bakıda keçirilməsi də ictimai diplomatiya sahəsində görülən mühüm işlərin göstəricisidir. Nəticə etibarilə müxtəlif beynəlxalq platformalarda təmsil olunan bu iki dövlət dostluq və qardaşlıq münasibətlərini həmin platformalara da uğurla daşıyırlar. Bu isə yeni strateji hədəflərin müəyyənləşdirilməsinə, Türk dünyasının daha sıx inteqrasiyasına, iqtisadi əməkdaşlığın gücləndirilməsinə və regional sabitliklə dayanıqlı inkişafa xidmət edən yeni tərəfdaşlıq modelinin formalaşmasına imkan yaradır. Bu baxımdan həm iki dövlət arasında, həm də xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən birgə fəaliyyət artıq münasibətlərin ən yüksək səviyyədə qərarlaşdığını göstərir. Bu isə bütövlükdə Türk dünyasının həmrəyliyinin möhkəmləndirilməsinə, qarşılıqlı əməkdaşlığın genişlənməsinə və Avrasiya məkanının müxtəlif bölgələrini birləşdirən mühüm inteqrasiya layihələrinin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri həm geosiyasi baxımdan, həm geoiqtisadi nöqteyi-nəzərdən, həm də regional əməkdaşlığın yeni mərhələyə keçidi baxımından olduqca əhəmiyyətli və strateji xarakter daşıyan bir səfərdir”.
Ayhan
15:00 03.08.2026
Oxunuş sayı: 74