SOCAR-ın dividend ödənişləri 2027-2040-cı illərə təxirə salınıb
Hesablama Palatası Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) dividend daxilolmaları üzrə büdcə tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı nəzarətin gücləndirilməsini tövsiyə edib.
Crossmedia.az xəbər verir ki, bu məlumat Palatanın Fondun vəsaitlərinin formalaşdırılması və prioritet istiqamətlər üzrə sərf olunmasının yoxlanılmasının nəticələrinə aid hesabatında əks olunub.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi arasında 18 dekabr 2025-ci il tarixində imzalanmış Razılaşma protokoluna uyğun olaraq, SOCAR-ın dövlət tapşırıqlarının icrası üçün zəruri olan maliyyə resurslarının müəyyən hissəsinin "Cənub Qaz Dəhlizi" QSC-nin vəsaitləri hesabına təmin edilməsi nəzərə alınaraq, 2025-ci və 2026-cı illərdə ödənilməli olan dividendlərin cəmi 529 milyon ABŞ dolları (46 milyon ABŞ dolları və 483 milyon ABŞ dolları müvafiq olaraq) olmaqla 2027-2040-cı illər ərzində bərabər paylarla ödənilməsi qərara alınıb.
Bununla yanaşı, Protokolla nəzərdə tutulmuş 2025-ci ilə aid 123,2 milyon ABŞ dolları həcmində vəsaitin SOCAR-ın dividend transfertləri ilə bağlı olmasına baxmayaraq, ötən il SOCAR tərəfindən dividend köçürülmədiyi üçün həmin məbləğ üzrə ödənişlər də reallaşdırılmayıb.
Hesablama Palatası dividend daxilolmaları üzrə büdcə tapşırıqlarının yerinə yetirilməməsi hallarını nəzərə alaraq, dövlət payı olan müəssisələrin dividend siyasəti üzərində nəzarətin gücləndirilməsini, proqnoz parametrlərinin daha realist əsaslar üzərində hazırlanmasını və müvafiq normativ tələblərə riayət olunmasına nəzarətin artırılmasını vacib hesab edib.
17:32 31.07.2026
Oxunuş sayı: 49