İşğaldan azad edilmiş ərazilərdə 11 256 nəfərin məşğulluğu təmin edilib
İşğaldan azad edilmiş ərazilərdə 11 256 nəfərin məşğulluğu təmin edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Laçında müharibə veteranları və ailə üzvləri üçün yaradılmış biznes sahələrinə baxış zamanı məlumat verilib.
Biznes sahələrinə ziyarət işğaldan azad edilmiş ərazilərə qayıtmış sakinlərin, o cümlədən müharibə veteranları və onların ailə üzvlərinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə media nümayəndələrini əyani tanış etmək məqsədi daşıyıb.
İştirakçılara işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verilib.
Qeyd olunub ki, bu tədbirlər çərçivəsində həmin sakinlərdən artıq 11 256 nəfərin məşğulluğu təmin edilib. Onlardan 907 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb, 558 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub.
Media nümayəndələri əvvəlcə Vətən müharibəsi iştirakçısı olan Laçın rayon sakini Şahin İsgəndərov üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılmış arıçılıq təsərrüfatı və Vətən müharibəsi iştirakçısı Azər Qarayev üçün yaradılmış avtotəmizləmə xidməti sahəsi ilə tanış olublar.
Daha sonra jurnalistlər müharibə veteranı ailə üzvləri olan Ramin Həsənov üçün yaradılmış dönərxana, həmçinin Elvin Aslanzadə üçün qurulmuş kişi bərbərxanasının fəaliyyətinə də baş çəkiblər.
Proqram iştirakçıları dövlət dəstəyi ilə doğma yurdlarında öz bizneslərini quraraq fəaliyyətlərini uğurla davam etdirdiklərini bildiriblər.
12:16 30.07.2026
Oxunuş sayı: 46