"Sabah"ın tarixi uğuru Azərbaycan klub futbolunun inkişafının göstəricisidir – Şərh
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın "KuPS" klubunu mübarizədən kənarlaşdıran "Sabah" tarixində ilk dəfə avrokubokların əsas mərhələsində iştirak hüququ qazanıb. Bu nəticə Azərbaycan futbolunda mühüm uğur kimi qiymətləndirilir. Mütəxəssislər hesab edirlər ki, "Sabah"ın nailiyyəti təkcə klub üçün deyil, bütövlükdə Azərbaycan klub futbolunun inkişafının göstəricisidir.

Mövzu ilə bağlı Crossmedia.az-a danışan "Report" İnformasiya Agentliyinin İdman şöbəsinin rəhbəri Kənan Həsənov bildirib:
"Azərbaycanın futbol azarkeşləri dünən Finlandiyada tarixi bir gecənin şahidi oldular. Ümumiyyətlə, iyulun 28-i Azərbaycan futbolu tarixinə qızıl hərflərlə düşdü. "Sabah"ın nəticəsi təbii ki, çox böyük bir uğurdur. İlk növbədə onu nəzərə alaq ki, komanda cəmi dörd mövsümdür avrokuboklarda çıxış edir və bu dörd mövsüm ərzində 18 oyun keçirib, həmin 18 oyunda isə 10 qələbə qazanıb. Bu, heç də kiçik nəticə deyil. Statistik baxımdan həqiqətən çox qənaətbəxş göstəricidir. Onu da nəzərə alaq ki, "Sabah" avrokubokların əsas mərhələsinə vəsiqə qazanan dördüncü komanda kimi adını tariximizə yazdırdı. Bundan əvvəl "Neftçi", "Qarabağ" və "Qəbələ" eyni uğura imza atmışdı. Yəni "Sabah" avrokubokların əsas mərhələsində çıxış edəcək Azərbaycanın dördüncü komandası kimi tarixə düşdü. Üstəlik, daha bir önəmli məqam ondan ibarətdir ki, komanda Çempionlar Liqasının cari mövsümündə keçirdiyi dörd oyunun hamısında qələbə qazanıb. Bu da çox önəmli nəticədir".
O, bildirib ki, bu, Azərbaycan klub futbolunun inkişafından xəbər verir: " "Qarabağ"ın davamlı şəkildə avrokubokların qrup mərhələsində çıxışına azarkeşlər artıq öyrəşmişdilər. Bu mövsümdən isə "Sabah" da onlara qoşulacaq və avrokubokların əsas mərhələsində mübarizə aparacaq. Düzdür, komanda hələ ki, Çempionlar Liqasında mübarizəni davam etdirir və artıq üçüncü təsnifat mərhələsinə vəsiqə qazanıb. Ola bilsin ki, komanda daha da irəliləsin. Amma bu mərhələdə uduzsa belə, Avropa Liqasında mübarizəni davam etdirəcək. Orada da məğlub olacağı təqdirdə UEFA Konfrans Liqasının liqa mərhələsində iştirakı artıq yüz faiz təmin olunub. Sadəcə, dediyim kimi, Çempionlar Liqasının və ya Avropa Liqasının əsas mərhələsində çıxış etmək şansı hələ də qalır. Bu isə üçüncü təsnifat mərhələsinin və pley-off oyunlarının nəticələrindən asılıdır. Ona görə də bu məsələdə tələsməyə ehtiyac yoxdur.
Fakt faktlığında qalır ki, "Sabah" nəticədən asılı olmayaraq bu payız ölkəmizi avrokubokların əsas mərhələsində təmsil edəcək. Bu isə Azərbaycanın futbol azarkeşləri və futbolsevərləri üçün çox xoş hadisədir. Bu o deməkdir ki, payızda, qış fasiləsinə qədər "Sabah"ın ifasında avrokubok oyunlarının şahidi olacağıq. İnşallah, digər komandalarımızdan da biri və ya ikisi bu uğuru qazanar və avrokubokların əsas mərhələsində iki Azərbaycan komandasının çıxışını izləyə bilərik. Təbii ki, az əvvəl də dediyim kimi, bütün bunlar Azərbaycan klub futbolunun inkişafının göstəricisidir. Ona görə də "Sabah"ın bu nəticəsini yüksək qiymətləndirmək lazımdır. Təki uğurlar davamlı olsun".
Zeynəb Həsən
14:00 29.07.2026
Oxunuş sayı: 43