Rusiyada təhsilin riskləri: Azərbaycanlı ailələr bunu nəzərə almalıdır
Müharibənin davam etdiyi bir ölkəyə övlad göndərmək artıq sadəcə təhsil seçimi deyil, təhlükəsizliklə bağlı ciddi qərardır. Son vaxtlar bəzi ailələrin Rusiyadakı universitetlərə üz tutduğu bildirilir. Lakin müharibənin yaratdığı qeyri-müəyyənlik, dəyişən hüquqi və təhlükəsizlik şəraiti, eləcə də xarici vətəndaşların üzləşə biləcəyi risklər bu qərarın bütün tərəflərinin diqqətlə qiymətləndirilməsini zəruri edir.
Bu gün əsas məsələ diplom deyil, gənclərin təhlükəsizliyidir. Müharibə şəraitində vəziyyət qısa müddətdə dəyişə, yeni məhdudiyyətlər və gözlənilməz risklər yarana bilər. Valideynlər qərar verməzdən əvvəl yalnız universitetin adını deyil, ölkədəki real vəziyyəti, rəsmi xəbərdarlıqları və övladlarının təhlükəsizliyini də nəzərə almalıdırlar.
Milli Məclisin deputatı Elnarə Akimova Crossmedia.az-a açıqlamasında bildirib ki, belə hallarda əsas məsuliyyət ilk növbədə valideynlərin və ailələrin üzərinə düşür:

"Müharibə şəraitində olan istənilən ölkəyə, istər Rusiya, istər Ukrayna, istərsə də silahlı münaqişə riski yüksək olan digər dövlətlərə ali təhsil məqsədilə övlad göndərmək ciddi və məsuliyyətli qərardır. Müasir informasiya dövründə həmin ölkələrdəki təhlükəsizlik vəziyyəti, hüquqi risklər və gündəlik həyat barədə kifayət qədər məlumat əldə etmək mümkündür. Buna görə də belə seçimlərin məsuliyyəti ilk növbədə qərarı verən şəxslərin üzərinə düşür".
E.Akimova qeyd edib ki, bəzi valideynlər qərar verərkən təhlükəsizlikdən daha çox digər amilləri ön plana çəkirlər:
"Təəssüf ki, bəzi hallarda valideynlər övladlarının gələcəyini planlaşdırmaqdan daha çox hərbi xidmətlə bağlı narahatlıqlar, diplom əldə etməyin daha asan yolu və ya digər şəxsi motivlərlə hərəkət edirlər. Halbuki belə qərarlar emosiyalarla deyil, mövcud risklər nəzərə alınaraq verilməlidir".
Deputat vurğulayıb ki, Azərbaycan dövləti vətəndaşlarına konsulluq dəstəyi göstərsə də, fərdi seçimlərdən doğan bütün risklərə görə məsuliyyət daşıya bilməz:
"Dövlət öz vətəndaşlarının konsulluq müdafiəsini təmin edir və zərurət yarandıqda diplomatik imkanlardan istifadə edir. Ancaq bu, ailələrin fərdi seçimlərindən irəli gələn bütün risklərin məsuliyyətini dövlətin üzərinə qoymur. Valideyn övladı üçün müharibə gedən ölkəni seçirsə, bu qərarın mümkün nəticələrini əvvəlcədən hesablamalıdır."
E.Akimova bildirib ki, məsələ yalnız Rusiya ilə məhdudlaşmır və digər münaqişə bölgələrinə də eyni yanaşma tətbiq olunmalıdır.
"Ukraynada da müharibə davam etdiyi halda həmin ölkənin ali təhsil müəssisələrində qeydiyyatda olan Azərbaycan vətəndaşları var. Bəzi hallarda tələbələr faktiki olaraq həmin ölkədə yaşamır, distant və ya formal qeydiyyat hesabına tələbə statusunu saxlayırlar. Bu isə ali təhsilin mahiyyəti və keyfiyyəti ilə bağlı ayrıca suallar yaradır".
Deputatın fikrincə, xaricdə təhsil seçərkən əsas meyar universitetin nüfuzu deyil, ölkənin təhlükəsizlik və hüquqi mühiti olmalıdır:
"Valideynlər anlamalıdırlar ki, övladın təhlükəsizliyi istənilən diplomdan və ya qısamüddətli maraqlardan daha önəmlidir. Müharibə şəraitində hüquqi vəziyyət və təhlükəsizlik mühiti qısa müddətdə dəyişə bilər. Buna görə də xaricdə təhsil seçərkən ilk növbədə ölkənin təhlükəsizlik vəziyyəti, hüquqi sabitliyi və gəncin sağlam akademik mühitdə təhsil alma imkanları nəzərə alınmalıdır".
Təhsil eksperti Məzahir Məmmədli isə açıqlamasında bildirib ki, Azərbaycanda qəbul prosesi uzun müddətdir həm abituriyentlər, həm də onların valideynləri üçün ciddi psixoloji gərginlik yaradır:

"Təhsil sistemi abituriyentləri və valideynləri uzun müddət stress altında saxlayır. Bu proses buraxılış imtahanlarından başlayır, daha sonra blok imtahanları ilə davam edir. İstənilən nəticəni əldə edə bilməyən gənclər üçün bu vəziyyət ciddi psixoloji təzyiq yaradır".
M.Məmmədlinin sözlərinə görə, son illər attestatla qəbul imkanlarının artması müəyyən mənada çıxış yolu yaratsa da, bundan sui-istifadə edənlər də meydana çıxıb:
"Hazırda bəzi şəxslər 'istənilən nəticə ilə xaricdə təhsil' vədləri verərək ailələri aldadırlar. Bu cür şirnikləndirici təkliflərə ehtiyatla yanaşmaq lazımdır. Valideynlər övladlarının gələcəyini etibarsız vasitəçilərə həvalə etməməlidirlər".
Ekspert hesab edir ki, ali məktəbə qəbul olunmayan gənclər üçün Azərbaycanda alternativ təhsil imkanları kifayət qədər genişdir:
"Bu gün peşə təhsil mərkəzləri yüksək səviyyədə kadr hazırlığı həyata keçirir. Belə müəssisələri bitirən gənclər əmək bazarına ali məktəb məzunlarından daha tez daxil ola bilirlər. Buna görə də valideynlər ilk növbədə ölkədaxili alternativləri qiymətləndirməlidirlər".
M.Məmmədli xüsusilə Rusiyada təhsil almaq istəyənlərin diqqətli olmasının vacibliyini vurğulayıb:
"Rusiyaya üz tutan tələbələrin valideynləri daha diqqətli olmalıdırlar. Hazırkı geosiyasi vəziyyət və müharibə şəraiti əlavə risklər yaradır. Bu amillər nəzərə alınmadan verilən qərarlar sonradan ciddi problemlərə səbəb ola bilər".
Ekspert əlavə edib ki, xarici universitet seçərkən həmin ali məktəbin diplomunun Azərbaycanda tanınıb-tanınmadığını əvvəlcədən araşdırmaq vacibdir:
"Təhsildə Keyfiyyət Təminatı Agentliyi dəfələrlə diplomları Azərbaycanda tanınmayan xarici ali təhsil müəssisələrinin siyahısını açıqlayıb. Təəssüf ki, bəzi gənclər bunu nəzərə almadan həmin universitetlərə qəbul olurlar və dörd il sonra diplomlarının tanınmaması problemi ilə üzləşirlər. Buna görə də seçim etməzdən əvvəl universitetin akkreditasiyası və diplomunun tanınması mütləq yoxlanılmalıdır".
Hüquqşünas Cavad Ağayev açıqlamasında bildirib ki, hərbi xidmət məsələsində əsas hüquqi meyar tələbənin vətəndaşlığı və ölkədə hansı statusla yaşamasıdır:

"Rusiyada təhsil alan Azərbaycan vətəndaşlarının hüquqi statusu onların xarici vətəndaş olmaları ilə müəyyən edilir. Onlar Rusiya vətəndaşı olmadıqları müddətdə, məcburi hərbi xidmətlə bağlı qaydalar onlara şamil edilmir".
C.Ağayev qeyd edib ki, bu sahəni tənzimləyən əsas normativ sənədlər Rusiya Federasiyasının 'Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi vəziyyəti haqqında' 115-FZ saylı Federal Qanunu və 'Təhsil haqqında' Federal Qanundur:
"115-FZ saylı Federal Qanun xarici vətəndaşların ölkəyə girişi, yaşayışı, miqrasiya statusu və təhsil hüquqlarını tənzimləyir. 'Təhsil haqqında' Federal Qanun isə xarici tələbələrin ali təhsil müəssisələrində hüquqlarını müəyyən edir".
Ekspert vurğulayıb ki, Rusiya qanunvericiliyinə əsasən məcburi hərbi xidmət yalnız Rusiya vətəndaşlarına şamil olunur:
"Azərbaycan vətəndaşı olan, tələbə vizası və ya təhsil məqsədli müvəqqəti yaşayış icazəsi ilə Rusiyada olan şəxslər məcburi hərbi xidmət subyekti hesab edilmir. Bu səbəbdən onların hərbi komissarlıq tərəfindən çağırılması üçün hüquqi əsas yoxdur".
Hüquqşünasın sözlərinə görə, buna baxmayaraq, praktikada müəyyən risklər də mövcuddur:
"Əgər tələbə sonradan Rusiya vətəndaşlığını qəbul edərsə və ya Rusiya qanunvericiliyi baxımından hərbi xidmət öhdəliyi yaradan status əldə edərsə, artıq ümumi qaydada hərbi uçota alınması və çağırış məsələsi gündəmə gələ bilər".
C.Ağayev əlavə edib ki, son illər Rusiya qanunvericiliyində xarici vətəndaşların müqavilə əsasında hərbi xidmətə qəbulunu nəzərdə tutan dəyişikliklər edilib:
"Müqavilə əsasında hərbi xidmət tamamilə könüllüdür və yalnız şəxsin razılığı ilə mümkündür. Rəsmi qanunvericilik xarici tələbələrin məcburi şəkildə hərbi xidmətə cəlb edilməsini nəzərdə tutmur. Bununla belə, müxtəlif beynəlxalq media orqanları və hüquq müdafiə təşkilatları bəzi hallarda xarici vətəndaşların müqavilə bağlamağa təşviq və ya təzyiqə məruz qalması barədə məlumatlar yayıblar. Bu hallar ümumi praktika kimi təsdiqlənməsə də, potensial risk kimi qiymətləndirilə bilər".
Ekspert Azərbaycan vətəndaşlarına hüquqi risklərdən qorunmaq üçün bir sıra tövsiyələr də verib:
"Rusiyada təhsil alan Azərbaycan vətəndaşları miqrasiya qeydiyyatını və tələbə statusunu daim qüvvədə saxlamalı, hər hansı hərbi sənədi və ya müqaviləni hüquqi məsləhət almadan imzalamamalıdırlar. Hərbi komissarlıqdan çağırış və ya hər hansı təzyiq hallarında isə universitetin beynəlxalq əlaqələr şöbəsinə, eləcə də Azərbaycanın Rusiyadakı diplomatik nümayəndəliyinə müraciət etmələri məqsədəuyğundur".
Nigar Xəlilli
18:40 27.07.2026
Oxunuş sayı: 61