Azərbaycanda neft hasilatı azalır: Perspektiv nə vəd edir?
Azərbaycan Dövlət Neft Fondunun 2026-cı ilin ilk yarısı üzrə hesabatı neft hasilatının azalması, qlobal bazarlardakı dalğalanmalar və ABŞ-İran gərginliyinin Fondun maliyyə göstəricilərinə təsirini bir daha ortaya qoyub. Aktivlərin 73,5 milyard dollardan 72,6 milyard dollara enməsi fonunda əsas sual bundan sonra neft gəlirlərinin ölkə iqtisadiyyatını nə dərəcədə dəstəkləyə biləcəyidir.

Neft məsələləri üzrə ekspert İlham Şaban Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanda neft hasilatının davamlı azalması Dövlət Neft Fondunun gəlirlərinə birbaşa təsir göstərir və yüksək neft qiymətləri belə bu azalmanı tam kompensasiya edə bilmir:
"Artıq bir neçə ildir ki, Azərbaycanda neft hasilatı hər il orta hesabla 1 milyon tondan çox azalır. Xüsusilə son beş ilin statistikası göstərir ki, hasilatdakı azalma davamlı xarakter daşıyır. Baxmayaraq ki, neftin qiyməti əksər hallarda proqnozlaşdırılandan yüksək olub, bu amil hasilatın azalmasının yaratdığı gəlir itkisini tam aradan qaldıra bilmir".
Ekspertin sözlərinə görə, hasilatdakı azalma kifayət qədər böyükdür:
"Hasilatın hər il təxminən 1 milyon ton azalması təqribən 7,5 milyon barel neft deməkdir. Belə bir itkini kompensasiya etmək üçün neftin qiyməti çox ciddi şəkildə yüksəlməlidir. Praktikada isə bu baş vermir".
İ.Şaban qeyd edib ki, cari ildə də yüksək qiymətlər gözlənilən nəticəni verməyib:
"ABŞ-İran qarşıdurması fonunda Azərbaycan neftinin orta satış qiyməti yüksək olub. Buna baxmayaraq, Dövlət Neft Fondunun altı aylıq hesabatı göstərir ki, Fondun gəlirləri azalmaqdadır. Bu isə onu göstərir ki, qiymət artımı hasilatın azalmasını kompensasiya etmək üçün kifayət etmir".
Ekspert bildirib ki, gəlirlərin azalması Fondun aktivlərinə də təsirsiz ötüşmür:
"Fondun gəlirləri azalırsa, təbii olaraq aktivlər də azalma meyli göstərir. Əgər əsas gəlir mənbəyi yalnız neft satışından formalaşarsa, bu proses gələcəkdə də davam edə bilər".
İ.Şabanın fikrincə, bu səbəbdən Neft Fondunun investisiya siyasəti xüsusi əhəmiyyət daşıyır:
"Məhz buna görə də neft satışından əldə olunan vəsaitlərlə yanaşı, Fondun aktivlərinin səmərəli idarə olunması və investisiya gəlirlərinin artırılması böyük əhəmiyyət kəsb edir. Son illər Dövlət Neft Fondunun bu istiqamətdə fəaliyyətini gücləndirməsi müsbət haldır. Əks təqdirdə, Fondun aktivlərində azalma daha böyük miqyas ala bilər".
Nigar Xəlilli
15:00 25.07.2026
Oxunuş sayı: 56