Azərbaycanda da sosial şəbəkələrə məhdudiyyət tətbiq olunacaq?
İnsanlıq tarixi göstərir ki, hər bir qadağa yeni bir dolaşıq yolun başlanğıcıdır. Lakin məsələ uşaqların intihara sövq edilməsi, məktəblərə daşınan silahlar və rəqəmsal istismar səviyyəsinə çatanda, qadağalar seçim deyil, zərurətə çevrilir. Fransa parlamentinin 270-dən çox səslə qəbul etdiyi tarix qərar bizə bir sualı açıq verir: Biz övladlarımızı alqoritmlərin insafına buraxacaq, yoxsa rəqəmsal gələcəyimizi öz əlimizlə formalşdıracağıq? Bu gün Avstraliyadan başlayan və Avropanı sarıyan bu böyük rəqəmsal təmizlik, sabah Azərbaycanın da qaçılmaz reallığına çevrilə bilər.

Məsələ ilə bağlı media eksperti, BDU-nun müəllimi Nəmənd Rüstəmov Crossmedia.az-a açıqlama verib.
"Bildiyimiz kimi, iyul ayının 21-də Fransa Parlamenti-onlarda da təxminən Milli Məclisin analoqudur-belə bir qərar qəbul elədi ki, yaşı 15-ə çatmamış yeniyetmələrin və uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa tətbiq edilsin.
Açığı, mən parlamentdə bu məsələləri diqqətlə izləməyə çalışırdım. Müxtəlif mənbələrdən aldığım məlumatlara və parlamentdə gedən gərgin müzakirələrə əsasən, yanılmıramsa, parlamentarilərin 70 faizə yaxını, yəni 270 nəfərdən çoxu bu qərara səs verdi, onu dəstəklədi. Düzdür, mübarizə çox gərgin keçdi, yəni hamı bunu birmənalı olaraq bəh-bəhlə qəbul eləmədi. Dediyim kimi, 270 nəfərdən çox, hətta 279 nəfər lehinə səs verdi, 81 nəfər isə bu qərarın əleyhinə çıxdı. Nəticə etibarilə, parlament səs çoxluğu ilə bu qərarı qəbul elədi və hazırda vəziyyət belədir".
Ekspert qeyd edib ki, Fransadan əvvəl, 2025-ci ilin dekabrında Avstraliya parlamenti də analoji bir qərar qəbul eləmişdi:
"Nəticədə Fransa Avropada ilk, dünyada isə ikinci dövlət oldu ki, sosial şəbəkələr vasitəsilə uşaqların psixikasına və həyat tərzinə mənfi təsir etmək ehtimalı olan audio-vizual kontentdən-yəni erotik, pornoqrafik materiallardan və müxtəlif şəbəkə oyunlarından-onları qorumaq üçün bu addımı atdı. Çünki bu oyunlar vasitəsilə çoxlu sayıda uşaq intihar etmişdi; onların beyni və psixologiyası buna hazır deyil.
Əks-arqumentlərdən biri də bu idi ki, Fransa hökumətinin, Fransa dövlətinin və parlamentinin bu addımı atmaqda məqsədlərindən biri öz vətəndaşlarını xarici informasiya ekspansiyasından qorumaqdır. Çünki bildiyimiz kimi, sosial şəbəkələr hansısa aparıcı dövlətlərin əlindədir və onlar zamanı gələndə bu imkandan bu və ya digər formada öz xeyirlərinə, yaxud başqalarının əleyhinə istifadə edə bilərlər. Ona görə də belə bir adım atıldı".
N.Rüstəmov əlavə edib ki, hazırda İspaniya və Böyük Britaniyada da bu tipli addımların atılması üçün hazırlıqlar gedir: "Yəni gözlənilir ki, Avropada İspaniya və Böyük Britaniya kimi demokratik dövlətlər də yaşı 15-16-ya çatmamış yeniyetmələr üçün bu qadağaları tətbiq etsinlər.
Dediyim kimi, müzakirələr ağır və gərgin keçdi, amma nəticə etibarilə bu qərar qəbul olundu. Hələ sentyabrın 1-də Fransa Prezidenti Makronun bu qərarı imzalaması gözlənilir. Qərarın icrasına nəzarətin isə 2027-ci ilin yanvarının 1-dən başlaması nəzərdə tutulur. Əgər proses bu cür devam eləsə və Makron fərmanı imzalasa, 2027-ci il yanvarın 1-dən bu qadağa qüvvəyə minəcək.
Proses bu qaydada həyata keçiriləcək: artıq sentyabrdan etibarən yetkinlik yaşına çatmayanların yeni sosial şəbəkə hesabı açması qadağan olunacaq. Yanvarın 1-dən isə bu vaxta qədər açılmış hesabların, yəni yetkinlik yaşına çatmayan uşaqların profillərinin aşkarlanıb ləğv olunması prosesi icra ediləcək. Bu, kifayət qədər ciddi və uzun bir prosesdir.
Avstraliyada qəbul olunan qərarda yetkinlik yaşına çatmayanların sosial şəbəkədən istifadəsinə şərait yaratdıqlarına görə valideynlərə məsuliyyət düşür, yəni onlar cəzalana və cərimələnə bilərlər.
Amma Fransanın qəbul etdiyi qanun layihəsində bu yoxdur. Orada bütün məsuliyyət bilavasitə sosial şəbəkə platformalarının üzərinə qoyulur və qaydaları pozduqlarına görə məhz sosial şəbəkələr cərimələnə bilər. Bax, belə maraqlı bir situasiya yaranıb. Hesab edirəm ki, bu proses ilk və son olmayacaq, bunun ardı gələcək".
O, məsələnin Azərbaycanla bağlı tərəflərinə də aydınlıq gətirib: "Azərbaycanda yetkinlik yaşına çatmayan uşaqların sosial şəbəkələrdən istifadəsi məsələsinə. Təbii ki, Azərbaycan da dünyanın bir parçasıdır. Bildiyimiz kimi, internet, smartfonlar və digər ağıllı cihazlar sürətlə həyatımıza daxil olub və bütün bunlar insanlara operativ şəkildə yeni informasiyaya çatmaq imkanı verir. Amma sosial şəbəkələrin bir mənfi tərəfi də odur ki, orada informasiya yayılarkən bəzən jurnalistika etikası gözlənilmir, sosial məsuliyyət dərk olunmur, peşə etikası korlanır. Ona görə də burada çoxlu təhdidlər var".
O, həmçinin bildirib ki, yetkinlik yaşına çatmayan şəxslərin sosial şəbəkələrdən istifadəsi, ilk növbədə, onların psixoloji, fizioloji və bioloji inkişafına çox pis təsir edir: "Bu, böyük riskdir. Düzdür, hazırda istifadədə olan cihazların əksəriyyətində internetdən və sosial şəbəkələrdən istifadəni tənzimləyən funksiyalar var. Məsələn, əksər televizor və telefonlarda "valideyn nəzarəti" funksiyası mövcuddur. Valideyn bu filterlər vasitəsilə övladının telefondan nə dərəcədə istifadə edə biləcəyini tənzimləyir və bəzi saytlara girişə qadağa qoyur. Bu, əslində işi bir xeyli yüngülləşdirir. Lakin biz bilirik ki, indiki uşaqlar texnologiyadan o qədər yaxşı xəbərdardırlar və zəkaları o qədər itidir ki, bu qadağalardan yan keçməyin yollarını rahatlıqla tapa bilirlər. Qəribəsi də budur ki, bütün zamanlarda qadağalar insanları yeni metodlar və yollar tapmağa məcbur edir. Bu da nəticə etibarilə hakimiyyətlə yetişməkdə olan gənclik arasında bir çəkişmə yaradır.
Məsələn, mən bu mövzuda bir müzakirəyə baxırdım. Avstraliyadakı Yeniyetmə Fəalların Assosiasiyasının rəhbəri-hələ 16 yaşı var idi və səsvermə hüququ yox idi-söz verirdi ki, zamanı gələndə, yetkinlik yaşına çatanda bu yeniyetmələr birləşib bu qərarı qəbul etmiş hökumətə və parlamentə qarşı çıxacaqlar, onları cəzalandıracaqlar: ən azından onlara səs verməyəcəklər. Belə maraqlı polemikalar, debatlar və mübarizələr başlayır. Uşaqlar özlərini haqlı sayırlar, hər kəs kimi hər şeydən sərbəst istifadə etmək istəyirlər. Amma sosioloqlar, psixoloqlar və böyüklər yaxşı dərk edirlər ki, sosial şəbəkələrdən vaxtından əvvəl və həddən ziyadə istifadə yetişməkdə olan nəsil üçün ciddi təhlükədir.
Hesab edirəm ki, bu müzakirələr geniş vüsət aldıqdan sonra Azərbaycandan da yan keçməyəcək. Əslində, bu fikir artıq müxtəlif ciddi instansiyalarda da səslənir. Güman edirəm ki, bununla bağlı araşdırmalar aparılır və yakın gələcəkdə oxşar müzakirələrin daha ciddi formada Azərbaycanda da başlayacağını, müvafiq addımların atılacağını istisna etmək olmaz".
Müsahibimiz tətbiq olunan məhdudiyyətlərin səbəblərini və arqumentləri də açıqlayıb:
"Yetkinlik yaşına çatmayanların sosial şəbəkə istifadəsinə qarşı gətirilən əsas arqumentlər bunlardır. Psixoloji travma: Uşaqlar 18 yaşına çatmamış şəxslər üçün nəzərdə tutulmayan zərərli audio-vizual kontentlərə baxırlar və bu, onlarda psixoloji travma yaradır.
Təhsildən yayınma və diqqət əskikliyi: Uşaqlar sosial şəbəkəyə aludə olmaqla kitab oxumağı arxa plana keçirirlər. TikTok, YouTube və Instagram-dakı qısa videolar onların səbrini tükəndirir, nəticədə davamlı mütaliə etmək və diqqəti toplamaq vərdişlərini itirirlər.
Təhlükəli oyunlar və zorakılıq: Yaxın keçmişdə sosial şəbəkələrdə yayılan oyunlar vasitəsilə uşaqlar intihara sövq edilirdi. Yaxud bu yaxınlarda Azərbaycan məktəblərinin birində şagird valideyninə məxsus silahı məktəbə gətirərək atəş açdı, müəllimini yaraladı. Eyni hadisə bir neçə gün sonra Türkiyədə təkrarlandı. Bu, Amerikada və Fransada da dəfələrlə baş verib.
Xüsusi xidmət orqanlarının və terror təşkilatlarının təsiri: Terror təşkilatları və xarici xüsusi xidmət orqanları sosial şəbəkələr vasitəsilə uşaqları idarə edib təxribatlara çəkə bilirlər. Məsələn, hazırda Ukrayna və Rusiya arasındakı müharibədə bu metoddan istifadə olunur. Həm Ukrayna, həm Rusiya xüsusi xidmət orqanlarının yetkinlik yaşına çatmayan uşaqlara pul verərək onları müxtəlif yerləri yandırmağa, partlayış törətməyə və dövlət əleyhinə tədbirlərə sövq etməsi faktlarla sübut olunub.
İnsan alveri və cinsi istismar: Əsas təhlükələrdən biri də uşaqların insan alverinin və cinsi istismarın qurbanına çevrilməsi riskidir.
En böyük təhdidlər bunlardır. Bu məsələni nəzarətə almaqla sözügedən təhlükələri qismən azaltmaq imkanımız yarana bilər. O fikirdəyəm ki, sosial şəbəkələrə girişin yaş məhdudiyyəti prinsipi ilə tənzimlənməsi bizi bir çox təhlükələrdən qoruya bilər. Yenə deyirəm, qadağalardan yan keçməyin yolları qısa zamanda tapılacaq, bu təbiidir. Lakin bütün hallarda, düşünülmüş və planlı tədbirlər həm cəmiyyətin, həm də uşaqlarımızın gələcəyi üçün faydalı ola bilər. Mən də təxminən o qənaətdəyəm ki, bu məsələ üzərində ciddi düşünməyin və detalları dəqiqləşdirməyin vaxtıdır".
Turqut Ansari
13:00 24.07.2026
Oxunuş sayı: 54