Azərbaycan-İsrail strateji tərəfdaşlığı: Enerji, təhlükəsizlik və İran amili
Sovet İttifaqının dağılmasından sonra İsrail Cənubi Qafqaz ölkələri ilə münasibətlərini inkişaf etdirməyə başladı. Ermənistan xarici siyasətdə əsasən Rusiya və İrana yaxınlaşdığı halda, Azərbaycan İsraili müstəqil xarici siyasətinin mühüm tərəfdaşlarından birinə çevirdi. Azərbaycanda əsrlərdir mövcud olan yəhudi icmasının fəaliyyəti də bu münasibətlərin möhkəmlənməsinə töhfə verib.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Jerusalem Post"da dərc olunan təhlildə qeyd olunub.
Məqalədə bildirilir ki, İsrail Azərbaycanla tərəfdaşlığına görə üzr istəməməlidir. Müəllifin fikrincə, İsrail istehsalı olan silah sistemləri 2020-ci ildə Qarabağ müharibəsində Azərbaycanın hərbi üstünlük qazanmasına, 2023-cü ildə isə əməliyyatların nəticəsinə mühüm təsir göstərib.
Təhlildə qeyd olunur ki, Azərbaycan da öz növbəsində İsrailə enerji və kəşfiyyat sahələrində dəstək verib, ölkədəki yəhudi icmalarının və İsrail nümayəndəliklərinin təhlükəsizliyini təmin edib, həmçinin regional təzyiqlərə baxmayaraq əməkdaşlığı davam etdirib.
Məqalədə vurğulanır ki, 2025-ci ildə Azərbaycanın ixrac etdiyi neft İsrailin ümumi neft idxalının təxminən yarısını təşkil edib. Müəllif bunu "silah müqabilində neft" deyil, qarşılıqlı strateji asılılıq kimi qiymətləndirir.
Təhlildə İran amilinə də xüsusi yer ayrılıb. Bildirilir ki, Azərbaycan İran sərhədi boyunca təhlükəsizlik riskləri və İran İslam İnqilabı Keşikçiləri Korpusunun fəaliyyəti ilə üzləşir, İsrail isə regionda İranın yaratdığı təhlükələrlə mübarizə aparır.
Məqalədə qeyd olunur ki, 2026-cı ilin martında Azərbaycan hüquq-mühafizə orqanları İranın Bakı-Tbilisi-Ceyhan neft kəmərinə, İsrail səfirliyinə, sinaqoqa və Dağ yəhudiləri icmasının liderlərindən birinə qarşı planlaşdırıldığı iddia edilən hücumların qarşısını alıb.
Müəllif hesab edir ki, Azərbaycan və İsrail arasında kəşfiyyat, kibertəhlükəsizlik, hava hücumundan müdafiə və kritik infrastrukturun qorunması sahələrində əməkdaşlıq iki ölkənin strateji tərəfdaşlığını daha da gücləndirir.
12:43 24.07.2026
Oxunuş sayı: 39