Yunanıstanda güclü yağışlar sel və torpaq sürüşmələrinə səbəb olub
Yunanıstanda güclü yağışlar nəticəsində bir sıra bölgələrdə torpaq sürüşmələri və daşqınlar baş verib, Fessaliya bölgəsinin sakinlərinə təcili xəbərdarlıq göndərilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Ftiotis bölgəsində torpaq sürüşmələri yollarda hərəkəti çətinləşdirib. Yamaclardan qopan iri qaya parçaları Dilofo və Perivoli yaşayış məntəqələrini birləşdirən yolun bir hissəsini bağlayıb.
Pelion yarımadasında isə üç çay məcrasından çıxıb, Platanias qəsəbəsinin küçələrini su basıb. Səlahiyyətlilər sakinlərə sel təhlükəsi ilə əlaqədar binaların yuxarı mərtəbələrinə qalxmağı tövsiyə ediblər.
Əlverişsiz hava şəraiti səbəbindən bəzi bölgələrdə milli bayramla bağlı şagird paradları ləğv edilib, Sporad adalarına bəzi bərə reysləri dayandırılıb. Meteorologiya xidməti güclü yağış və fırtınaların gecə saatlarınadək davam edə biləcəyi barədə xəbərdarlıq edib.
20:36 28.10.2026
Oxunuş sayı: 48