Messinin karyerası bitir?- Son DÇ göstərdi ki...
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il FIFA Dünya Çempionatı İspaniyanın çempionluğu ilə başa çatıb. Belə ki, finalda Lionel Messinin çıxış etdiyi Argentina yığması minimal hesabla məğlub olub. Bununla da futbol azarkeşlərinin "taleyin təsadüfü" adlandırdığı maraqlı hekayə gerçəyə çevrildi. Vaxtilə UNICEF-in xeyriyyə aksiyası çərçivəsində körpə Lamin Yamalı qucağında saxlayıb ona çimizdirməyə kömək edən Messi, illər sonra Dünya Çempionatının finalında artıq İspaniya millisinin liderinə çevrilən Yamalın komandasına uduzdu. Sual yaranır ki, Messinin bundan sonrakı fəaliyyəti bitəcəkmi, yoxsa davam edəcək ?

Bu barədə Crossmedia.az-a danışan idman jurnalisti Kənan Həsənov Argentina yığması üçün bu dəfəki Dünya Çempionatını uğursuz hesab etmir: "Komanda heç də əsas favoritlərdən hesab olunmurdu. 2022-ci ildə keçirilən Dünya Çempionatının qalibi olsa belə, Argentinanın şansları yüksək qiymətləndirilmirdi. Hətta heyətində Messi kimi dahi futbolçu olsa da, vəziyyət dəyişmirdi. Əsas favoritlər, təbii ki, Fransa və İspaniya hesab olunurdu. Sonrakı sıralarda isə İngiltərə, Argentina və digər yığmalar göstərilirdi. Ona görə də Argentinanın finala yüksəlməsi komanda üçün kifayət qədər uğurlu nəticədir. Nəzərə alsaq ki, Argentina İspaniya kimi əsas favorit olan milliyə qarşı son saniyələrə qədər, hətta əlavə vaxta gedən oyunda belə müqavimət göstərdi. Hətta oyunun sonunda hesabı bərabərləşdirmək üçün imkan da yaxaladı".
Ekspert vurğulayıb ki, Argentinanın potensialından danışarkən ilk növbədə Messi amili ön plana çıxır: "Komandanın Dünya Çempionatında sərgilədiyi oyun da göstərdi ki, komanda bir növ 39 yaşlı veteran Messiyə arxalanır və ona güvənir. Yəni Messidən gözləntilər daha çoxdur. Bunu biz xüsusilə İngiltərə ilə oyunda bir daha gördük. Komanda hesabda geri olarkən məsuliyyəti Messi öz üzərinə götürdü və onun məhsuldar ötürmələrindən sonra Argentina rəqibini məğlub edərək finala yüksəldi. Ona görə də həm Argentina, həm də Messi üçün bu Dünya Çempionatı qətiyyən uğursuz deyil. Messinin millidəki karyerasına nöqtə qoyacağı ilə bağlı hələlik konkret heç bir məlumat yoxdur. Bu barədə özü də hər hansı açıqlama verməyib. Argentina Futbol Federasiyası da bu barədə heç bir bəyanat yaymayıb. Ona görə də qarşıdakı günləri gözləmək lazımdır. Amma bu Dünya Çempionatı göstərdi ki, Messi hələ də yığma üçün faydalı ola bilər".
K.Həsənov əlavə edib: "Zarafat deyil, 39 yaşlı futbolçu turnirdə keçirdiyi 8 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə verib. Bu, onun komandası üçün nə dərəcədə faydalı futbolçu və əsl lider olduğunun göstəricisidir".
Turqut Ansari
17:45 21.07.2026
Oxunuş sayı: 81