Rusiya Azərbaycan bazarını itirmək istəmir, çünki…- RƏY
Qlobal iqtisadi qeyri-müəyyənlik və geosiyasi gərginliklərin davam etdiyi bir dövrdə Azərbaycan və Rusiya iqtisadi əməkdaşlıqda müsbət dinamikanın qorunduğunu bəyan edirlər. Xarici işlər naziri Ceyhun Bayramovun sözlərinə görə, Hökumətlərarası Komissiyanın fəaliyyəti və ticari-iqtisadi əlaqələrin inkişafı iki ölkə arasında əməkdaşlığın əsas dayaqlarından biri olaraq qalır. Bu tendensiyanın uzunmüddətli perspektivdə davamlılığı isə iqtisadi baxımdan xüsusi maraq doğurur.

ReAL partiyasının sədri Natiq Cəfərli Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Rusiya arasında iqtisadi münasibətlər qarşılıqlı maraqlara əsaslanır və hər iki ölkə bu əməkdaşlığın davam etdirilməsinmi istəyir:
"Azərbaycanın mövqeyi bərabərhüquqlu, qarşılıqlı hörmətə və hər iki tərəfin maraqlarının qorunmasına əsaslanan münasibətlərin davam etdirilməsidir. Bu, düzgün və praqmatik yanaşmadır. Azərbaycan Rusiya ilə ticarət əlaqələrinin inkişafına xüsusi önəm verir”.
Onun sözlərinə görə, Rusiya uzun illərdir Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır:
"Rusiya hər il Azərbaycanın ilk üç ticarət tərəfdaşı sırasında yer alır. Həm ixrac, həm də idxal baxımından iki ölkə arasında iqtisadi əlaqələr böyük həcmə malikdir. Azərbaycanın kənd təsərrüfatı məhsullarının əhəmiyyətli hissəsi Rusiya bazarına ixrac olunur."
N.Cəfərli qeyd edib ki, mövcud iqtisadi münasibətlər Rusiya üçün də strateji əhəmiyyət daşıyır:
"Rusiya hər il Azərbaycana milyardlarla dollar dəyərində məhsul ixrac edir. Mövcud iqtisadi şəraitdə Azərbaycan bazarı Rusiya üçün də vacib istiqamətlərdən biridir. Bu bazarın itirilməsi Moskvanın maraqlarına uyğun deyil."
O, hesab edir ki, iki ölkə arasında ticarət əlaqələrinə qarşılıqlı asılılıq prizmasından deyil, qarşılıqlı fayda baxımından yanaşmaq daha doğru olardı:
"Bəzən elə təəssürat yaradılır ki, Azərbaycan iqtisadi baxımdan Rusiyadan daha çox asılıdır. Halbuki ticarət dövriyyəsinə baxdıqda görünür ki, Rusiya da Azərbaycan bazarından ciddi iqtisadi gəlir əldə edir. Bu səbəbdən qarşılıqlı hörmətə əsaslanan, sabit və proqnozlaşdırıla bilən münasibətlər hər iki ölkənin maraqlarına xidmət edir."
Nigar Xəlilli
19:00 18.07.2026
Oxunuş sayı: 79