İstehsalat təcrübəsi keçən tələbə və şagirdlər üçün MÜHÜM XƏBƏR
İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində növbəti hüquqi addım atılıb. Milli Məclisin qəbul etdiyi dəyişikliklə könüllülər, eləcə də istehsalat təcrübəsi keçən tələbə və şagirdlər üçün sığorta haqqının ödənilməsi mexanizmi müəyyənləşdirilir. Dəyişiklik əmək bazarına yeni qoşulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və sığorta sisteminin daha effektiv işləməsi baxımından diqqət çəkir.

Təhsil eksperti İlqar Oruc bu barədə Crossmedia.az-a açıqlamasında bildirib ki, istehsalat təcrübəsi keçən tələbə və şagirdlərin, eləcə də könüllülərin istehsalatda bədbəxt hadisələrdən icbari sığorta sisteminə cəlb edilməsi Azərbaycanın təhsil sistemi və əmək bazarı üçün mühüm institusional yenilikdir:
"Bu hüquqi dəyişiklik peşə hazırlığı prosesinin təhlükəsizliyinin təmin olunması və təhsil-biznes əməkdaşlığının gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. İlk növbədə, bu addım peşə hazırlığı prosesində risklərin idarə olunması mədəniyyətinin formalaşmasına xidmət edəcək”.
Ekspertin sözlərinə görə, təcrübəçilərin sığortalanması işəgötürənləri əmək mühafizəsi standartlarını daha ciddi tətbiq etməyə sövq edəcək:
"Təcrübəçilərin icbari sığortaya cəlb olunması şirkətləri risklərin idarə olunması sistemini yenidən nəzərdən keçirməyə məcbur edəcək. Sığorta hadisələrinin qarşısını almaq üçün müəssisələr əmək mühafizəsi qaydalarını təcrübəçilərə də tam şəkildə tətbiq edəcək, təhlükəsizlik infrastrukturunu təkmilləşdirəcək və fərdi mühafizə vasitələrinin keyfiyyətini artıracaqlar. Bu isə istehsalat zamanı travma və peşə xəstəlikləri riskinin azalmasına səbəb olacaq."
İ.Oruc bildirib ki, yeni mexanizm tələbələrdə əmək hüququ və təhlükəsizlik mədəniyyətinin formalaşmasına da müsbət təsir göstərəcək:
"Rəsmi sığorta mexanizminin mövcudluğu gənclərdə erkən yaşlardan əmək hüququ, sığorta və təhlükəsizlik mədəniyyətinin formalaşmasına kömək edəcək. Tələbələr özlərini hüquqi baxımdan qorunan tərəf kimi hiss edəcək və təhlükəsizlik qaydalarına daha məsuliyyətlə yanaşacaqlar”.
Ekspert hesab edir ki, dəyişiklik təhsil müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlığın inkişafına da təkan verəcək:
"Əvvəllər istehsalat təcrübəsi zamanı bədbəxt hadisə baş verdikdə məsuliyyətin bölüşdürülməsi ilə bağlı mübahisələr yaranırdı. İcbari sığorta mexanizmi maliyyə və hüquqi risklərin müəyyən hissəsini sığorta sistemi üzərinə götürməklə münasibətləri daha şəffaf və aydın edəcək. Bu da işəgötürənlərin tələbələri istehsalat təcrübəsinə cəlb etməkdə tərəddüdlərini azaldacaq”.
Onun fikrincə, qəbul edilən dəyişiklik dual təhsil modelinin inkişafına da mühüm dəstək verəcək:
"Dual təhsil sistemi beynəlxalq təcrübədə özünü doğrultmuş modeldir və Azərbaycanda da bu istiqamətdə işlər genişlənir. Yeni hüquqi mexanizm təhsil müəssisələrinin tələbələri müəssisələrə göndərərkən sosial müdafiə baxımından daha arxayın olmasına imkan verəcək və bizneslə təhsil müəssisələri arasında əməkdaşlığı gücləndirəcək”.
İ.Oruc əlavə edib ki, bu dəyişiklik gənclərin əmək bazarına inteqrasiyasını asanlaşdırmaqla yanaşı, qeyri-rəsmi məşğulluğun azalmasına da töhfə verəcək:
"Tələbə və könüllülərin qeydiyyata alınaraq sığortalanması formal məşğulluğun əhatə dairəsini genişləndirəcək, gizli əmək münasibətlərinin qarşısının alınmasına kömək edəcək. Ümumilikdə bu dəyişiklik peşə təhsilinin keyfiyyətini artıracaq, insan kapitalının qorunmasına xidmət edəcək və biznes subyektlərinin sosial məsuliyyətini daha da gücləndirəcək”.

Sosioloq Elçin Bayramlı isə açıqlamasında bildirib ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı icbari sığorta sistemi dünyanın əksər ölkələrində tətbiq olunur və işçilərin sosial müdafiəsinin əsas mexanizmlərindən biridir:
"Bu sistem işçilərin təhlükəsizliyinin qorunmasına, istehsalatda bədbəxt hadisə baş verdikdə onların müalicə xərclərinin qarşılanmasına, əmək qabiliyyətinin itirilməsi və ya ölüm halında isə ailəsinə kompensasiya ödənilməsinə xidmət edir. Azərbaycanda da bu sistemin təkmilləşdirilməsi işçilərin hüquqlarının daha etibarlı qorunması baxımından müsbət addımdır”.
Ekspertin sözlərinə görə, icbari sığorta üzrə ödənişlər işçilərin əməkhaqqından deyil, işəgötürənlərin vəsaiti hesabına həyata keçirilməlidir:
"Müəssisələr, idarələr və şirkətlər sığorta haqlarını öz gəlirləri hesabına ödəməlidirlər. Bu vəsait işçilərin əməkhaqqından tutulmamalıdır. Əsas məqsəd işçilərin təhlükəsiz əmək şəraitində çalışmasını təmin etmək və hər hansı istehsalat qəzası baş verdikdə onların və ya ailələrinin maddi baxımdan çətin vəziyyətdə qalmamasıdır”.
E.Bayramlı qeyd edib ki, sığorta sistemi işəgötürənlər üçün ciddi maliyyə yükü yaratmır:
"Hər bir işçi üzrə aylıq sığorta ödənişləri böyük məbləğ təşkil etmir. Belə hadisələr də tez-tez baş vermədiyi üçün formalaşan sığorta fondu zərərçəkənlərə kompensasiyanın ödənilməsi üçün kifayət edir. Bu baxımdan həm işçilər, həm də işəgötürənlər üçün balanslı mexanizmdir”.
Sosioloq hesab edir ki, təkcə sığorta mexanizminin tətbiqi kifayət deyil, əmək təhlükəsizliyi sahəsində nəzarət də gücləndirilməlidir:
"Şirkətlərin sosial məsuliyyəti yalnız sığorta haqqı ödəməklə məhdudlaşmamalıdır. İşçilər təhlükəsiz əmək şəraiti ilə təmin edilməli, lazımi mühafizə vasitələri və avadanlıqlarla təchiz olunmalıdır. Xüsusilə tikinti və digər riskli sahələrdə təhlükəsizlik qaydalarına ciddi əməl olunmalı, pozuntular aşkar edildikdə isə müvafiq cərimələr tətbiq edilməlidir”.
Onun fikrincə, bu dəyişiklik həm işçilər, həm işəgötürənlər, həm də dövlət üçün faydalıdır:
"İcbari sığorta sistemi işçilərdə inam yaradır. Onlar bilirlər ki, gözlənilməz hadisə baş verərsə, sosial müdafiə ilə təmin olunacaqlar. Bu, əmək məhsuldarlığına da müsbət təsir göstərir. Eyni zamanda işəgötürənlər üçün ciddi maliyyə yükü yaratmır, dövlət isə vətəndaşların əmək hüquqlarının daha effektiv qorunmasını təmin etmiş olur. Ümumilikdə bu dəyişiklik beynəlxalq təcrübəyə uyğun, müsbət və zəruri addımdır”.

İqtisadçı- ekspert Rəşad Həsənov açıqlamasında bildirib ki, istehsalat təcrübəsi keçən tələbələrin və könüllülərin icbari sığorta sisteminə cəlb edilməsi müsbət və uzun müddətdir gözlənilən hüquqi dəyişiklikdir:
"Bu günə qədər həmin şəxslər üçün müvafiq hüquqi təminatın olmaması ciddi çatışmazlıq idi. Çünki könüllülər və istehsalat təcrübəsinə cəlb olunan şəxslər də muzdlu işçilər kimi əmək prosesində müxtəlif risklərlə, o cümlədən istehsalat qəzaları ilə üzləşirlər. Buna baxmayaraq, onlar əməkhaqqı almayan və digər sosial təminatlardan yararlanmayan şəxslər olduqları halda, bu risklərə qarşı sığortalanmamışdılar”.
Ekspert qeyd edib ki, bu məsələ ilə bağlı uzun illərdir müxtəlif təkliflər səsləndirilirdi:
"Bu istiqamətdə hüquqi boşluğun aradan qaldırılması zəruri idi və məsələ dəfələrlə gündəmə gətirilmişdi. Qəbul edilən dəyişiklik könüllülər və istehsalat təcrübəsi keçən şəxslər üçün minimum hüquqi və əmək münasibətlərinin formalaşdırılması baxımından mühüm addımdır."
R.Həsənovun sözlərinə görə, yeni mexanizm həm hüquqi münasibətlərin təkmilləşdirilməsinə, həm də gənclərin təcrübə proqramlarına marağının artmasına müsbət təsir göstərəcək:
"Bu dəyişiklik proseslərin hüquqi çərçivəsinin daha da təkmilləşdirilməsinə, münasibətlərin leqallaşdırılmasına və daha sağlam əməkdaşlıq mühitinin formalaşmasına xidmət edəcək. Eyni zamanda insanlar könüllü fəaliyyətə və istehsalat təcrübəsində iştiraka daha böyük maraq göstərəcəklər. Çünki onlar biləcəklər ki, əmək fəaliyyəti zamanı baş verə biləcək risklər qarşısında hüquqi və sosial baxımdan müəyyən təminatlara malikdirlər”.
Nigar Xəlilli
10:30 16.07.2026
Oxunuş sayı: 62