Fermerin gəlirliliyini artırmadan insanların kənddə qalmasını gözləmək real deyil - İqtisadçı
Azərbaycanda kənd yerlərindən şəhərlərə doğru miqrasiyanın sürətlənməsi uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatı, xüsusilə aqrar sektor üçün ciddi təhlükələrdən xəbər verir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına baxmayaraq, əmək qabiliyyətli gənc nəslin kütləvi şəkildə kəndləri tərk etməsi daxili istehsalın zəifləməsi və idxaldan asılılığın artması riskini yaradır. Qeyd etmək lazımdır ki, artıq təkcə gənc nəsil yox, ortayaşlı insanlar da kəndlərdən şəhərlərə axın edir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli mövcud vəziyyəti kəskin tənqid edib. Onun sözlərinə görə, dövlətin regionların inkişafı ilə bağlı qəbul etdiyi proqramlar və bəyanatlar real nəticələrlə üst-üstə düşmür: "Dövlət uzun illərdir regionların inkişafı ilə bağlı proqramlar qəbul etdiyini bəyan edir. Hətta indiyədək 4 belə proqrama 19 milyard manat vəsait xərclənib, lakin praktik nəticələr hələ də gözlənilən səviyyədə deyil. Əgər aparılan siyasət tam effektiv olsaydı, kəndlər boşalmaz, gənclər kütləvi şəkildə şəhərlərə köçməzdi. Regionlarda yeni, yüksək maaşlı iş yerlərinin yaradılması, qeyri-neft sektorunun inkişafı və kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılması istiqamətində real dönüş hiss olunmur. Sözlə verilən vədlərlə əməli nəticələr arasında fərqin qalması bu sahədə əsas problemlərdən biridir".

A.Nəsirli qeyd edir ki, kəndlərin boşalması birbaşa ölkənin ərzaq təhlükəsizliyinə zərbə vurur və daxili bazarda qiymətlərə təzyiq yaradır: "Kəndi əsasən əmək qabiliyyətli və gənc insanlar tərk edir, nəticədə torpaqların bir hissəsi istifadəsiz qalır, istehsal həcmi azalır, fermer təsərrüfatlarının davamlılığı zəifləyir. Bu proses davam edərsə, daxili bazarda yerli kənd təsərrüfatı məhsullarının payı azala, idxaldan asılılıq arta bilər. Belə bir şəraitdə qiymətlərə də təzyiq yaranması mümkündür. Regionlarda iqtisadi aktivliyin zəifləməsinin qarşısını almaq üçün uzun illərdir səsləndirilən proqram və strategiyaların real nəticələrini görmək çətindir. İnfrastruktur layihələri həyata keçirilsə də, insanların kənddə qalmasını təmin edən dayanıqlı gəlir mənbələri kifayət qədər formalaşdırılmayıb. Gənclər yüksək gəlir, keyfiyyətli təhsil, səhiyyə və sosial xidmətlər üçün şəhərlərə üz tutur. Bu isə göstərir ki, problem təkcə kənd təsərrüfatı deyil, ümumilikdə regionların iqtisadi cəlbediciliyinin zəif olmasındadır. Kiçik və orta fermer təsərrüfatlarının qorunması üçün güzəştli maliyyə resurslarına çıxış genişləndirilməli, subsidiya mexanizmləri daha səmərəli və şəffaf işləməli, məhsulların satış bazarına çıxışı asanlaşdırılmalı, emal sənayesi regionlarda inkişaf etdirilməlidir. Eyni zamanda kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi, kooperasiya modelinin genişləndirilməsi və aqrar sığorta sisteminin effektiv işləməsi vacibdir. Bunlar olmadan, yəni fermerin gəlirliliyini artırmadan insanların kənddə qalmasını gözləmək real deyil. Regional iqtisadi balansın qorunması üçün təxirəsalınmaz addımlar atılmalıdır. Kəndlərdə yalnız aqrar sektor deyil, emal müəssisələri, logistika mərkəzləri, turizm, xidmət və kiçik sənaye sahələri inkişaf etdirilməli, sahibkarlıq üçün vergi və maliyyə stimulları artırılmalıdır. İnsanlar yalnız sosial yardım və ya subsidiya hesabına deyil, sabit və gəlirli iş imkanları hesabına kənddə qalmağa maraq göstərirlər".
Fatimə Cabbarlı
15:30 15.07.2026
Oxunuş sayı: 55