İlham Əliyev - zamanı qabaqlayan lider
24 dekabr 1961. Bu adi bir tarix deyil. Bu tarix Azərbaycanın gələcək uğurlarından, sosial-iqtisadi yüksəlişindən, beynəlxalq aləmdə nüfuzundan və ən əsası Qarabağın azadlığından xəbər verir. 24 dekabr 1961-ci il Heydər Əliyev və Zərifə Əliyeva ailəsində dünyaya gələn İlham Əliyev, təkcə ailəsinin deyil, bütöv Azərbaycanın ümidinə çevrildi.
Heydər Əliyev kimi müdrik lider və Zərifə Əliyeva kimi görkəmli alim öz bilik və dəyərləri ilə İlham Əliyevin formalaşmasında həlledici rol oynadılar. İlham Əliyevin ailədən aldığı təhsil və tərbiyə onu həm əxlaqi dəyərlərə sadiq vətəndaş, həm də müdrik lider kimi yetişdirdi.
Müasir Azərbaycanın təməlini atan təhsil yolu:
İlham Əliyevin intellektual yüksəlişi 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna (MGİMO) daxil olması ilə başladı. Bu nüfuzlu universitetdən məzun olan İlham Əliyev aspirantura təhsilini də burada başa vuraraq, akademik sahədə uğurlar əldə etdi. Bir müddət pedaqoji fəaliyyətlə məşğul olaraq beynəlxalq münasibətlərin nəzəri və praktiki əsaslarını öyrətdi. Bu gün o, dünyanın 17 nüfuzlu universitetinin fəxri doktorudur və dünyanın ən çox dil bilən liderləri sırasında yer alır. İlham Əliyevin mükəmməl təhsili və geniş dünyagörüşü Azərbaycanın beynəlxalq aləmdə yüksək səviyyədə təmsil olunmasına imkan yaradır.
Siyasi fəaliyyətin başlanğıcı:
İlham Əliyev siyasi fəaliyyətinə 1995-ci ildə Azərbaycan Milli Məclisinə deputat seçilməsi ilə başladı. 2001–2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi ölkəmizi beynəlxalq platformada layiqincə təmsil etdi. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev, atasının siyasi kursunu davam etdirərək ölkəni daha yüksək zirvələrə qaldırdı.
Sosial-iqtisadi rifah və beynəlxalq əlaqələr:
Prezidentliyinin ilk illərindən İlham Əliyev Azərbaycanı iqtisadi cəhətdən gücləndirmək, sosial rifahı yüksəltmək və ölkəni beynəlxalq müstəvidə güclü oyunçuya çevirmək üçün genişmiqyaslı islahatlar həyata keçirdi. Onun təşəbbüsü ilə həyata keçirilən TANAP və TAP layihələri Azərbaycanı dünya enerji bazarının mühüm iştirakçısına çevirdi. Xarici siyasətdə balanslı mövqe tutaraq Azərbaycanı regional və qlobal münaqişələrdən uzaqda tutdu.
Müzəffər Ali Baş Komandanın Qarabağ Zəfəri:
İlham Əliyevin liderliyi və müdrik siyasəti onun adını Azərbaycan tarixinin ən önəmli səhifələrinə həkk etdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusu 30 il işğalda olan torpaqları azad edərək ərazi bütövlüyümüzü bərpa etdi. O, 2023-cü ilin sentyabrında bir günlük antiterror tədbiri ilə ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tamamilə bərpa etmiş oldu. Bu tarixi zəfərlər, təkcə hərbi qələbə deyil, həm də siyasi və diplomatik uğurun nəticəsi idi.
Quruculuq və inkişaf dövrü:
Qarabağın azad edilməsindən sonra başlanan genişmiqyaslı quruculuq işləri regionu yenidən çiçəkləndirdi. Son dörd ildə 3 beynəlxalq hava limanı inşa edildi, müasir məktəb, xəstəxana, universitet bir sözlə normal yaşayış şəraiti üçün lazım ola biləcək bütün nüanslar ən kiçik ayrıntısına qədər düşünülərək hazırlandı.
Azad edilmiş ərazilərdə həyatın bərpası prosesi məcburi köçkünlərin öz yurdlarına qayıtmasını təmin etdi və etməkdədir. İlham Əliyev, təkcə müasir Azərbaycanın qurucusu deyil, həm də xalqının qəlbində möhkəm yer tutan bir liderdir. O, müasir dövrün tələblərinə uyğun strateji qərarları və balanslı siyasəti ilə Azərbaycanın inkişafını təmin edir. Bu gün İlham Əliyevin liderliyi altında Azərbaycan regionun və dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. Onun atdığı hər bir addım Azərbaycan xalqının rifahına, birliyinə və gələcəyinə xidmət edir.
"Azərbaycan ötən 21 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında bütün ali hədəflərinə çatıb" deyən Milli Məclisin deputatı Aydın Hüseynov Crossmedia.az saytına müsahibə verib:
-Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən 21 illik inkişaf yolunu necə qiymətləndirərdiniz?
-Azərbaycanın zəngin dövlətçilik tarixinə möhtəşəm 21 il kimi yazılan ötən dövrdə Prezident İlham Əliyev Azərbaycanı sürətlə inkişaf etdirərək, onu bölgənin lideri və söz sahibi olan, dünya birliyində öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətə çevirib. Müasir Azərbaycanın memarı Ümummilli lider Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən müdrik iqtisadi siyasət nəticəsində ötən 21 il ərzində Azərbaycanda misli görünməmiş quruculuq işləri aparılmış, xüsusilə də iqtisadi, sosial sahələrdə möhtəşəm uğurlara imza atılmışdır.
Sözsüz ki, bu nailiyyətlərin hər birinin təməlində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik irsi və unikal inkişaf modeli dayanır. Xalqın gələcəyini düşünən əbədiyaşar lider zamanı qabaqlayaraq, ölkəyə rəhbərliyinin bütün dövrlərində respublikamızın davamlı inkişafı, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində çox böyük işlər görmüş, Azərbaycanın strateji maraqlarının təmin edilməsi üçün zəruri və qəti addımlar atmışdır.
Cənab İlham Əliyevin yetkin siyasətçi kimi formalaşmasında birbaşa Heydər Əliyev faktorunun əvəzolunmaz rolu vardır. Eyni zamanda, özünün unikal siyasi dühası, zəngin elmi fəaliyyəti, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda tədqiqatçı-alim kimi püxtələşməsi və diplomatiya, beynəlxalq münasibətlər sahəsində peşəkar kadr kimi özünü təsdiq etməsi qarşısılalınmaz siyasi istedadının formalaşmasında mühüm rol oynamışdır. İlham Əliyev gənc yaşlarından dövlətin iqtisadi-siyasi ənənələrinin və inkişaf modelinin yaranmasında yaxından iştirak etmiş, həmin illərdə ölkəmizin iqtisadi həyatında xüsusilə vacib faktora çevrilmiş enerji diplomatiyasının uğurlarında misilsiz xidmətləri olmuşdur. Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışdığı dövrdə neft müqavilələri ilə bağlı aparılan gərgin müzakirələrdə birbaşa iştirak edən İlham Əliyevin “Əsrin müqaviləsi”nin birbaşa Azərbaycanın milli maraqları və mənafeyinə uyğun hazırlanması və imzalanmasında praqmatik, əzmkar fəaliyyətinin mühüm nəticələri olmuşdur.
1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev deputat olduğu dövrdə geniş və çoxşaxəli fəaliyyət göstərmiş, qanun yaradıcılığında yaxından iştirak edərək ali qanunvericilik orqanı hakimiyyətinin fəaliyyətinə yenilikçi siyasətçi kimi sanballı töhfə vermişdir. Millət vəkili kimi seçildiyi Qaradağ rayonun problemlərini dərindən öyrənmiş, həlli üçün təxirəsalınmaz təsirli addımlar atmış, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqələrinə müntəzəm qayğı göstərmişdir. Əhalinin müxtəlif təbəqələrinin nümayəndələrinə, qaçqınlara, məcburi köçkünlərə və Qarabağ müharibəsinin əlillərinə qayğısı, Qaradağ rayonunda və ölkənin digər bölgələrində apardığı böyük quruculuq işləri doğma xalqa göstərilən bu qayğının parlaq təzahürləri kimi qiymətləndirilir.
Məhz İlham Əliyevin yorulmaz fəaliyyəti, qətiyyətli çıxışları sayəsində erməni təcavüzkarları Avropa Şurasında ifşa olumuş, Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağ haqqında, qondarma “Dağlıq Qarabağ problemi” barədə Qərb dünyasında oybektiv rəy formalaşmasında dönüş yaranmış, həmin münaqişəyə düzgün siyasi qiymət verilmiş, həlli yolunda mühüm addımlar atılmışdır. Avropa Şurasında Ermənistanın təcavüzkar, işğalçı dövlət kimi tanınmasında, erməni terrorçuluğunun beynəlxalq terrorizmin tərkib hissəsi olmasının sübuta yetirilməsində, nəzarətdən kənarda qalan Dağlıq Qarabağın narkotiklərin ötürücü məntəqəsinə və terror yuvasına çevrilməsinin Avropa və dünya ictimaiyyətinə çatdırılmasında İlham Əliyevin böyük xidmətləri olmuşdur.
Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən İlham Əliyev, həm də görkəmli partiya xadimidir. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) Sədridir. İlham Əliyev YAP-ın I qurultayında (1999) partiya Sədrinin müavini, II qurultayında (2001) isə birinci müavini seçilmişdir. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn İlham Əliyev əhalinin geniş kütlələrinin Yeni Azərbaycanın quruculuğuna səfərbər olunmasında olduqca səmərəli fəaliyyət göstərir. 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına İlham Əliyev başçılıq etmişdir. Məhz onun rəhbərliyi ilə YAP həmin seçkilərdə parlaq qələbə çalmış və Milli Məclisdə böyük əksəriyyəti qazanmışdır.
2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkiləri Azərbaycanın ictimai-siyasi həyatında mühüm əlamətdar hadisə kimi qalmış, müasir siyasi tariximizə yeni mərhələnin başlanması kimi daxil olmuşdur. Bununla da ölkəmizdə keyfiyyətcə yeni inkişaf mərhələsi başlanıb. Cənab Prezidentin Azərbaycan xalqı və dövlətinə qazandırdığı ən böyük müjdə tarixi Zəfərin əldə edilməsi və ərazi bütövlyünün təmin olunmasıdır.
-Aydın müəllim, prezident İlham Əliyevin çoxşaxəli prezidentlik fəaliyyətindən nə deyə bilərsiniz?
-Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəlməsindən sonra əsas fundamental işi güclü Azərbaycanı qurmaq və iqtisadi qüdrətini artırmaqla bir nömrəli problemimizi - Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizi azad edilməsini həll etmək idi. Dövlətin ali siyasi kürsüsünə yiyələnmiş siyasi lider torpaqlarımızın 20 faizinin erməni işğalı altında olması kimi ağrılı və çətin bir mirası üzərinə götürmüş, güclü ordu və güclü dövlət konsepsiyasının əsas fundamental sütunu olan güclü və yeni iqtisadiyyat quruculuğu məsuliyyətinin altına girmişdir. Eyni zamanda, beynəlxalq siyasi və iqtisadi münasibətlər sistemində hələ də yeri və rolu zəif olan Azərbaycanın etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi qüdrətini artırmaq Onun qarşısında dayanan əsas məsələlərdən idi. Ümumilikdə, bütün bu faktorların öz gerçək həllini tapmasında baçlıca vəzifə güclü iqtisadiyyatın formalaşdırılmasından ibarət idi.
Ölkəmizin iqtisadi imkanlarının artması digər sahələrdə də mühüm addımların atılmasını şərtləndirdi. İqtisadi müstəqilliyimiz siyasi müstəqillik üçün stimul rolunu oynadı. Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzu daha da artdı, ayrı-ayrı ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri möhkəmləndi, diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsi kimi daim diqqətdə saxlanıldı, artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həlli ilə bağlı möhkəm hüquqi baza formalaşdı, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşdı.
Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Zəfərlə Ermənistanın işğalına son qoydu, ərazi bütövlüyünü təmin etdi və Ali Baş Komandan İlham Əliyev ən böyük missiyasını və Ata vəsiyyətini yerinə yetirdi. Hazırda Zəfər missiyası azad edilmiş ərazilərdimizdə uğurla davam etdirilir.
Qələbədən sonrakı 4 il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 18 milyard ABŞ dolları vəsait ayrılmışdır. Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul edilmiş və uğurla icra edilir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir.
- Azərbaycanın iqtisadi-sosial uğurlarını necə dəyərləndirirsiniz?
-Cənab Prezidentin 2004-cü ildən başlayaraq Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı üzrə dörd dövlət proqramı qəbul edilmişdir. Bu proqramlar çərçivəsində 100 mlrd. manatdan çox investisiya qoyulmuşdur ki, bunun nəticəsində regionlarımızın siması başdan-başa dəyişmişdir. “Əsrin müqaviləsi” ilə Xəzər hövzəsini xarici investorlar üçün açan, Xəzərlə Qara dəniz və Aralıq dənizini birləşdirəcək enerji infrastrukturunun əsasını qoyan Ulu Öndər Heydər Əliyevin neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində yaranan imkanlar qarşıya qoyulan genişmiqyaslı vəzifələrin tam həcmdə yerinə yetirilməsi üçün mühüm zəmin yaratmış, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi transmilli qaz arteriyaları yaranmışdır. Bununla da dünyanın enerji xəritəsində yeni mənzərə formalaşıb.
2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan qazının tarixdə ilk dəfə olaraq Avropaya ixracına start verildi.
Bu irimiqyaslı neft və qaz layihələri ilə yanaşı 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, 2018-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin və 2023-cü ildə Ələt Azad İqtisadi Zonasının açılışı ilə Azərbaycan və Bakı regionun ən böyük ticarət və logistika mərkəzinə, Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhliz nəqliyyat marşrutlarının mərkəzinə çevrilib.
Bu gün Azərbaycan regionumuzda ən böyük mülki hava, Xəzər dənizində isə ən böyük dəniz yük donanmalarına malik ölkədir. Dövlət başçısının rəhbərliyi dövründə ölkəmizdə 8 beynəlxalq hava limanı tikilmiş və yenidən qurulmuşdur. Laçın hava limanı istismara verildikdən sonra beynəlxalq hava limanlarının sayı 9-a çatacaqdır.
Hazırda Prezident İlham Əliyev Azərbaycanın “yaşıl enerji” ölkəsi statusunun dünya miqyasında möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparır.
Cənab Prezident tərəfindən aparılan uğurlu, qətiyyətli siyasət, həyata keçirilən dövlət proqramları və iqtisadi layihələr Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına təkan verməkdədir.
Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycanın ümumi daxili məhsulu real ifadədə 3,7 dəfə artıb. Bu, son iki onillikdə qlobal miqyasda əldə olunan ən yaxşı iqtisadi nailiyyətlərdən biridir. Ötən 21 il müddətində qeyri-neft sektoru üzrə ÜDM 3,4 dəfə, dövlət büdcəsinin xərcləri 31 dəfə artmışdır.
Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3700 manatdan çoxdur. Xarici ticarət dövriyyəsi 10,8 dəfə, o cümlədən ixrac 16,1 dəfə artmışdır. 2003-cü illə müqayisədə 2022-ci ildə adambaşına düşən ÜDM 3 dəfəyə yaxın artaraq, 13 256 manat təşkil etmişdir. Aparılan çoxşaxəli iqtisadi siyasət nəticəsində davamlı iqtisadi inkişaf təmin olunmuşdur.
Birbaşa xarici borcun həcmi azalaraq hazırda ümumi daxili məhsulun 8faizini təşkil edir. Azərbaycanın xarici valyuta ehtiyatları son 20 ildə 47 dəfədən çox artaraq 72 milyard dolları keçib.
Bu dövr ərzində sərmayələrin ümumi həcmi 310 milyard ABŞ dollarından çoxdur və onlardan 200 milyard dolları qeyri-enerji sektoruna yatırılıb.
Prezident İlham Əliyevin zəngin çoxşaxəli və unikal dövlətçilik təcrübəsi və bənzərsiz fəaliyyəti təsdiqləyir ki, Azərbaycanda dövlət quruculuğu çox etibarlı və möhkəm əllərdədir. Azərbaycan regionun lider dövləti statusunda həm də regional iqtisadi güc faktorudur.
Beləliklə, Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan müasir, güclü və inkişaf edən bir dövlətə çevrilmişdir. Həyata keçirilən strateji siyasət, milli maraqların qorunması və regionda təsir gücünün artırılması Azərbaycanın gələcəkdə də uğurlarını təmin edəcəkdir. İlham Əliyevin yorulmaz fəaliyyəti, əzmkar siyasəti və xalqına bağlılığı müstəqil Azərbaycanın zəfər dolu yolunu daha da işıqlı etmişdir. Bu yolda Prezident İlham Əliyev lider, xalq isə onun ən güclü dayağıdır.
Ayhan Ağarzayev
14:35 23.12.2024
Oxunuş sayı: 14402