AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov: Fransa - İspaniya matçı erkən finaldır
ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatının yarımfinal mərhələsinin Fransa - İspaniya oyunu erkən final hesab edilir.
Bu barədə Crossmedia.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.
67 yaşlı mütəxəssis bu gün baş tutacaq matçla bağlı fikirlərini bölüşüb:
"Turnirin bu mərhələsində zəif komanda qalmadığı üçün şanslar, demək olar ki, bərabərdir. Heyət dərinliyi, taktiki hazırlıq və bura qədər gəldikləri yola əsasən komandaların şanslarını bərabər hesab edirəm. Fransa - İspaniya cütü erkən final hesab edilir".
V.Sadıqov Fransa millisi haqqında fikirlərini bölüşüb:
"Kilian Mbappenin liderlik etdiyi komanda yarımfinaladək çox inamlı gəlib. Mundialın əsas favoritlərindən biri olduqlarını sübut edirlər. Fiziki güc, hücum xəttinin kəsərliliyi və böyük turnirlərdə təcrübə onların əsas üstünlüyüdür".
Təcrübəli mütəxəssis son Avropa çempionu İspaniyanın DÇ-2026-da da iddialı olduğunu sözlərinə əlavə edib:
"Heyətdə gənc ulduz futbolçular var. Komanda sürətli ötürmələrə əsaslanan dinamik oyunu ilə turnirin ən baxımlı futbol sərgiləyən komandasıdır. Düşünürəm ki, Fransanın müdafiəçiləri qarşısında onların işi asan olmayacaq".
Xatırladaq ki, Fransa - İspaniya oyunu bu gün, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cütün qalibi finalda İngiltərə - Argentina duelinin güclüsü ilə üz-üzə gələcək. Həlledici qarşılaşma iyulun 19-da keçiriləcək.
12:41 14.07.2026
Oxunuş sayı: 56