Rusiya mediasının isterikası: Şuşa konfransı niyə Moskvanı qorxutdu?
İyulun 6-da Şuşada Mədəni və Etnik Müxtəliflik Mərkəzi İctimai Birliyinin təşkilatçılığı və “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin tərəfdaşlığı ilə “Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar” adlı beynəlxalq konfrans keçirilib. Tədbirə Azərbaycan, ABŞ, Fransa, Litva, Polşa, Çexiya, Almaniya, İsrail, Türkiyə və Gürcüstan daxil olmaqla 10 ölkədən ekspertlər, elm adamları və ictimai xadimlər qatılıb. Konfrans iştirakçıları dünyada milli azlıqların etnik kimliklərinin, dillərinin və mədəniyyətlərinin yox olmaq təhlükəsi ilə üzləşdiyini ön plana çıxarıblar. Xüsusilə Rusiyada yaşayan xalqların assimilyasiyası və mədəni basqı məsələləri geniş müzakirə olunub. Litva Seyminin sabiq üzvü, Litva Media Assosiasiyasının direktoru Gintaras Songaila Çərkəz (Adıge) xalqının tarixi faciəsi və mədəniyyətinin yox olmaq təhlükəsi haqqında məruzə ilə çıxış edib. O, Rusiyanı Çərkəzlərə qarşı keçmişdə törədilən soyqırımı tanımağa və hazırda davam edən basqılara son qoymağa çağırıb. Bu mövzular Rusiya mediasında Azərbaycana qarşı qərəzli kampaniyanın güclənməsinə səbəb olub. Bəzi Rusiya mənbələri konfransı Rusiyanın ərazi bütövlüyünə qarşı addım kimi təqdim etməyə çalışıblar. Halbuki tədbirin iştirakçıları konkret ölkəyə qarşı deyil, bütün dünyada etnik müxtəlifliyin qorunması problemini ümumi kontekstdə müzakirə ediblər. Rusiya ərazisində yüzlərlə etnik qrupun assimilyasiyaya məruz qalması və mədəni itkilər statistikası bu ölkənin adının tez-tez çəkilməsini təbii edir.Konfrans bir daha göstərdi ki, Azərbaycan multikulturalizm və tolerantlıq siyasətini uğurla həyata keçirən ölkə kimi bu sahədə beynəlxalq müzakirələrə ev sahibliyi edə bilir. Rusiya qərəzli məlumat yaymaq əvəzinə Azərbaycanın bu siyasətini öyrənsə daha konstruktiv yanaşma olardı.
Tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Şuşa şəhəri həm Azərbaycanın, həm də bütövlükdə Qafqazın mədəni, siyasi və rəmzi paytaxtı statusunu günbəgün möhkəmləndirməkdədir: "2026-cı il iyulun 6-da Şuşada işə başlayan Mədəni və Etnik Müxtəliflik Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, "İpək Yolu" Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin tərəfdaşlığı ilə "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" adlı beynəlxalq konfrans qlobal miqyasda insan hüquqları, yerli xalqların dirçəlişi və dekolonizasiya (müstəmləkəçilikdən azad olma) prosesləri baxımından tarixi bir mərhələyə çevrildi. Dünyanın 10 fərqli ölkəsindən — Azərbaycan, ABŞ, Fransa, Litva, Polşa, Çexiya, Almaniya, İsrail, Türkiyə və Gürcüstandan vətəndaş cəmiyyəti nümayəndələrinin, tanınmış elm adamlarının və hüquq müdafiəçilərinin qatıldığı bu platforma Rusiya Federasiyası daxilində sıxışdırılan yerli xalqların səsinin dünyaya çatdırılmasında əhəmiyyətli rol oynadı. Tarixçi-alim olaraq mənim də iştirak etdiyim bu konfrans çərçivəsində dinlənilən məruzələr, keçirilən açıq və genişmiqyaslı müzakirələr Rusiya siyasi və media təbliğat maşınında əsl isterika və təşviş dalğası yaradıb. Xüsusilə çərkəz, saxa (yakut) və buryat xalqlarının milli kimliklərinin yox edilməsi, onların iqtisadi, mədəni və sosial hüquqlarının Moskva mərkəzi rəhbərliyi tərəfindən qəsb olunması, həmçinin azərbaycanlıların üzləşdiyi sistemli təqiblər beynəlxalq kürsüdən ifşa edildikcə, Rusiya mediası bu adi və demokratik fikir mübadiləsini "milli təhlükəsizlik təhdidi" kimi qələmə verməyə başladı. Moskva illərdir gizlətməyə çalışdığı imperializm reallığının aşkara çıxmasından qorxur. Lakin bu narahatlığın fonunda Azərbaycanı və Şuşa konfransını "etnik məsələləri siyasiləşdirməkdə" ittiham edənlərin öz tarixi və müasir trayektoriya sənədlərinə baxdıqda, rəsmi Moskvanın böyük bir siyasi ironiya içində boğulduğu aydın görünür. Rusiya mediasının Şuşada yerli xalqların milli fəlakətlərinin dilə gətirilməsindən duyduğu narahatlığı anlamaq üçün ilk növbədə çar Rusiyası, sovet imperiyası və müasir Rusiya dövlətçiliyinin təməlində dayanan etnik təmizləmə və "assimilyasiya maşını"nın tarixinə nəzər salmaq lazımdır. Rusiyanın imperiya ambisiyaları əsrlər boyu xüsusilə türk, müsəlman və Qafqaz xalqlarının qan dənizində boğulması hesabına reallaşdırılıb".

M.Ağalarlı qeyd edib ki, XVI əsrdə Kazan və Həştərxan xanlıqlarının qəddarlıqla süquta yetirilməsi ilə başlayan rus ekspansiyası yerli türk-müsəlman əhalinin kütləvi qırğını və zorla xristianlaşdırılması ilə müşayiət olunmuşdur. XIX əsrdə isə Qafqazın işğalı prosesi burada yaşayan türk-müsəlman xalqlarının faciələrinin əsasını qoymaqla yanaşı, həmçinin bütöv bir xalqın — çərkəzlərin böyük fəlakətinə səbəb oldu. Konfrans müzakirələrində Türkiyənin Ege Universitetinin professoru Abdullah Temizkanın qeyd etdiyi kimi, Rusiya tarixən Qafqaz coğrafiyasına yalnız hərbi istehkam kimi baxıb, burada möhkəmlənmək üçün yerli xalqları parçalamaq, üz-üzə qoymaq və təkləmək siyasəti yürüdüb. Litva Seyminin sabiq üzvü Gintaras Songailanın konfransda təqdim etdiyi tarixi faktlara görə, XIX əsrdə çərkəzlərin 90%-i sistemli şəkildə çar Rusiyası tərəfindən soyqırımına məruz qalıb, tarixi vətənləri tamamilə dağıdılıb. Tbilisi Dövlət Universitetinin professoru Merab Çuxuanın elmi araşdırmalarına əsasən, bu gün dünyada çərkəzlərin sayı 6.2 milyon nəfərə yaxın olsa da, onların cəmi 10%-i öz tarixi yurd yerlərində yaşayır. Rusiyanın Soçi şəhəri daxil olmaqla, geniş bölgələr tarixi çərkəz torpaqlarıdır. Lakin müasir Rusiya rəhbərliyi toponimik saxtakarlıqlar edərək bu xalqın tarixi yaddaşını silməyə, onları öz yurdlarına yadlaşdırmağa çalışır. Konfransda məruzə ilə çıxış edən Türkiyənin Çukurova Universitetinin tədqiqatçısı, çərkəzəsilli professor Cahit Aslan Şimali Qafqazdan sürgün edilmiş bir çox yerli xalqı ehtiva edən çərkəz üst kimliyinin hazırda fərqli ölkələrdə ailə xatirələri, mədəni rituallar və anım mərasimləri vasitəsilə kollektiv yaddaşlarını ayıq saxlamağa çalışdıqlarını bildirib. O, SSRİ dövründə Kremlin qaraçaylara, balkarlara və çeçenlərə qarşı həyata keçirdiyi sürgünlərin kollektiv yaddaşda dərin izlər buraxdığını söyləyib. Alim kollektiv yaddaşın sadəcə keçmişi xatırlama forması deyil, həm də gələcəyi inşa etmək iradəsi olduğunu və kimliyin yalnız bu yaddaş sayəsində canlı qaldığını diqqətə çatdırıb. Rusiyanın imperialist siyasəti Azərbaycan xalqının da tarixində dərin, sağalmaz yaralar qoyub. XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının Çar Rusiyası tərəfindən işğalından sonra xalqımız amansız təzyiqlərlə üzləşdi. "İpək Yolu" Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Aida Eyvazlı Göytürkün konfransda xatırlatdığı kimi, 1918-ci ildə qurulan müstəqil Cümhuriyyətimiz cəmi 2 il sonra yenidən rus-sovet işğalına məruz qaldı. SSRİ dövründə Zəngəzur və Dərələyəz kimi tarixi Azərbaycan torpaqları süni şəkildə bizdən qoparılaraq Ermənistana birləşdirildi. 1937-ci ilin repressiyalarında xalqın intellektual elitası, ziyalıları məhv edildi. Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlı dövlət səviyyəsində deportasiya olundu və minlərlə insan sürgün yollarında tələf oldu. Bu qanlı zəncir sovet imperiyasının sonunda — 1990-cı ilin 20 Yanvarında rus ordusunun Bakıda dinc əhalinin qanını tökməsi ilə və nəhayət 1992-ci ildə Rusiyanın 366-cı alayının birbaşa iştirakı ilə Xocalıda 700-ə yaxın dinc insanın soyqırıma məruz qalması ilə davam etdi".
Tarixçi həmçinin Konfransda təmsil olunan digər yerli xalqların — saxalıların və buryatların da durumu bu tarixi müstəmləkəçilikdən fərqlənmədiyini qeyd edib: "Tədbirə onlayn formatda qoşulan "Azad Saxa Hərəkatı"nın lideri Raisa Zubarevanın bildirdiyi kimi, dünyanın almaz, qızıl, neft və təbii qaz baxımından ən zəngin bölgəsi olan Saxa (Yakutiya) Respublikasının sərvətləri üzərində qərarlar Moskvada qəbul edilir. Saxa faktiki olaraq öz iqtisadi gələcəyi olmayan bir xammal müstəmləkəsinə çevrilib, yerli xalq isə sosial və infrastruktur problemləri içində boğulur. "Buriyad Gürün" hərəkatının təsisçisi Zurtan Xaltarov da Sibirin ən böyük yerli xalqı olan buryatların Rusiyada fundamental hüquq və azadlıqlarının tamamilə tapdalandığını, dillərinin ictimai-siyasi həyatdan sıxışdırılaraq rus dili ilə əvəz edildiyini diqqətə çatdırıb. Şuşada qeyri-hökumət təşkilatlarının təşkil etdiyi və sırf humanitar, mədəni hüquqlar mövzusuna həsr olunmuş bu sərbəst görüşü Rusiya mediasının bu qədər aqressiya ilə qarşılamasının arxasında dərin geosiyasi qorxular dayanır. Rusiya qlobal arenada özünü həmişə "anti-imperialist" bir güc kimi sırımağa çalışır. Lakin Şuşada çərkəz, saxa və buryat fəalların çıxışları göstərdi ki, əsl klassik, amansız və xammal istismarına əsaslanan müstəmləkəçilik elə Rusiyanın öz daxilindədir. Bu həqiqətin 10 ölkənin nümayəndələrinin gözü qarşısında açılması Moskvanın xarici siyasət mifini darmadağın edir. Şuşa artıq beynəlxalq miqyasda ədalətin, işğala son qoyulmasının və milli iradənin simvoludur. Azərbaycanın 30 illik Ermənistan işğalına (hansı ki, bu işğal birbaşa Rusiyanın hərbi-siyasi dəstəyi ilə saxlanılırdı) son qoyaraq qazandığı tarixi zəfər, Rusiyanın zülmü altında yaşayan digər xalqlar üçün böyük bir ümid və ilham mənbəyinə çevrilib. Rusiya tanklarının bu gün Bakıda "Hərbi Qənimətlər Parkı"nda sərgilənməsi tarixi ədalətin təntənəsidir və Moskva bu "Zəfər modelinin" digər əzilən xalqlara nümunə olmasından qorxur. Ən böyük ironiya isə ondan ibarətdir ki, otuz il boyunca Azərbaycan torpaqlarında separatizmi maliyyələşdirən, qanunsuz xuntanı silahlandıran və suveren dövlətləri parçalayan bir ölkənin mediası, indi Şuşada azad fikirlərin səslənməsini "etnik məsələlərin siyasiləşdirilməsi" kimi qələmə verir. Bu, siyasi riyakarlığın ən bariz nümunəsidir. Rusiyanın yürütdüyü şovinist siyasət sadəcə yerli azlıqlarla məhdudlaşmır, həm də ölkədə yaşayan digər xalqlara, xüsusən də azərbaycanlılara qarşı dövlət səviyyəsində fiziki zorakılıq və dözümsüzlük şəklində təzahür edir. Bunun ən acınacaqlı və qanlı nümunəsi konfransın təşkilatçısı olan Mədəni və Etnik Müxtəliflik Mərkəzi İctimai Birliyinin rəhbəri Seyfəddin Hüseynlinin (Səfərovun) bir daha tədbir iştirakçılarına xatırlatdığı ailə faciəsidir. Seyfəddin Hüseynlinin beynəlxalq kürsüdən fəryad edərək səsləndirdiyi faktlar Rusiyanın hüquq-mühafizə sisteminin iç üzünü açır: 2025-ci il iyunun 27-də Yekaterinburq şəhərində yaşayan dinc azərbaycanlı ailəsinin evinə Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qəfil və əsassız basqın təşkil edilib. Qadınların və azyaşlı uşaqların gözü qarşısında ailə üzvlərinə dözülməz işgəncələr və əzablar verilib. Bu vəhşi işgəncələr nəticəsində iki qardaş — Hüseyn Səfərov və Ziyəddin Səfərov amansızlıqla qətlə yetirilib. Ailənin digər üzvləri — Bakir Səfərov, Ayaz, Akif, Kamal Səfərovlar və başqaları hələ də Yekaterinburqda həbsdə saxlanılır. Onların barəsində heç bir hüquqi əsası olmayan, tamamilə tamaşa və şou xarakterli məhkəmələr qurularaq 10 ildən 20 ilə qədər ağır azadlıqdan məhrumetmə hökmləri çıxarılıb. Bu dəhşətli dövlət terrorunun genişlənməsi və güclənməsi faktı konfransda xüsusi olaraq vurğulandı".
M.Ağalarlə vurğulayıb ki, müasir Rusiyanın yerli xalqlara qarşı tətbiq etdiyi digər amansız müstəmləkəçilik forması isə onları Ukraynadakı müharibəyə məcburi cəlb etməkdir: " Fransadan konfransa qoşulan Dünya Çərkəz Agentliyi Hərəkatının təmsilçisi İbrahim Yaqanovun bildirdiyi kimi, Rusiya hüquq-mühafizə orqanları gecə basqınları ilə çərkəz gənclərini və digər azsaylı xalqların nümayəndələrini zorakılıqla həbs edir. Onlara yalnız iki seçim verilir: ya ağır işgəncələrlə dolu həbsxana, ya da cəbhədə ölüm müqaviləsi. Heç bir maraqları və öhdəlikləri olmadığı halda, minlərlə çərkəz və digər yerli xalqların gəncləri bu müharibədə "top yemi" kimi istifadə edilərək məhv edilir. Bu, mahiyyət etibarilə gizli və demoqrafik bir soyqırımı siyasətidir. Şuşa konfransında səslənən tarixi həqiqətlər, Rusiyanın çarizm və sovet dövründən qalan imperiya ambisiyaları, Yekaterinburqda Səfərov qardaşlarına qarşı törədilən dövlət terroru və digər yerli xalqların Ukrayna cəbhəsində məhv edilməsi faktları fonunda vəziyyəti elmi-siyasi cəhətdən qiymətləndirərkən aşağıdakı fundamental nəticələrə gəlirik: Öz daxilində çoxmilyonluq çərkəz xalqının tarixi yaddaşını silməyə çalışan, Soçi kimi tarixi çərkəz torpaqlarını ruslaşdıran, azərbaycanlı iş adamlarını ailəsinin gözü qarşısında işgəncə ilə qətlə yetirib, sağ qalanlarına 20 illik saxta hökmlər oxuyan bir dövlətin media qurumlarının hər hansı bir beynəlxalq humanitar foruma irad bildirməyə mənəvi, hüquqi və siyasi haqqı yoxdur. Rusiya mətbuatının qapıldığı isterika, əslində törədilən cinayətlərin beynəlxalq müstəvidə ifşa olunmasının gətirdiyi qorxudan başqa bir şey deyil. Konfransda İsraildə Çərkəz İcmasının Milli Şurasının sədri Rodin Nalgabetzin də qeyd etdiyi kimi, Azərbaycan mürəkkəb geosiyasi şəraitdə öz müstəqilliyini, dilini, suverenliyini və mədəni müxtəlifliyini qürurla qoruyan böyük bir ilham mənbəyidir. Azərbaycan tolerantlığı və multikulturalizmi dövlət səviyyəsində bir sərvət kimi saxladığı halda, Rusiya bunu bir təhdid kimi görür. Konfransın gedişində biz azərbaycanlı alimlərin, QHT nümayəndələrinin və çoxsaylı media əməkdaşlarının qonaqlarla canlı təması, həmçinin müzakirələr zamanı çərkəzlərə qarşı törədilən soyqırımı siyasətini dinləmək olduqca ağır və üzücü idi. Lakin bu tədbirdə Rusiya tərəfindən uzun illər boyu çərkəz xalqına qarşı yürüdülən bu qanlı siyasəti bizim qədər dərindən anlayan ikinci bir millət yox idi. Çərkəzəsilli professor Cahit Aslanın da çıxışında qeyd etdiyi kimi: “Bizi sizin qədər anlayan ikinci bir millət ola bilməz. Çünki siz azərbaycanlılar ən azı bizim qədər Rusiya tərəfindən soyqırım, deportasiya və dismkrininasiyaya məruz qalmısınız. Məhz buna görə də biz bu gün buradayıq — Şuşadayıq və sizin yanınızdayıq”. Məhz bu fundamental reallıqların və aparılan genişmiqyaslı müzakirələrin məntiqi yekunu olaraq, konfransın yekununda müxtəlif ölkələri təmsil edən vətəndaş cəmiyyəti nümayəndələri və tədqiqatçılar tərəfindən tarixi bir Bəyannamə qəbul edilmişdir. Sənəddə ümumi şəkildə vurğulanır ki, mədəni-etnik müxtəliflik və tolerantlıq hər bir dövlət üçün təhdid deyil, milli sərvət olmalıdır. Beynəlxalq konfrans iştirakçıları bəşəri bəyannamə və konvensiyaların yerli xalqların fundamental hüquqlarının, dillərinin və mədəni irslərinin qorunmasında real, işlək mexanizmlərə çevrilməsini tələb ediblər. Bəyannamədə Rusiyada yaşayan çərkəz, saxa, buryat, tatar, çeçen, ləzgi, avar, kumık və digər qeyri-rus xalqların etnik və dini mənsubiyyətinə görə ayrı-seçkiliyə, kollektiv cəzalandırmaya məruz qaldığı, xüsusilə gənclərin şantaj və zorakılıq yolu ilə Ukrayna cəbhəsinə göndərildiyi pislənilib, bu prosesin dərhal dayandırılması çağırışı edilib. Eyni zamanda, ölkədə "skinhed" dəstələrinin və digər şovinist qrupların qeyri-ruslara qarşı törətdiyi ksenofob hücumların qarşısının alınması, tarixdə törədilmiş soyqırımıların etiraf edilməsi və arxivlərin açılması tələb olunub. Sənədin yekununda isə etnik-mədəni harmoniyanın möhkəmləndirilməsində Azərbaycanın multikulturalizm modeli yüksək qiymətləndirilib və Şuşa Zəfərinin dünyada tarixi ədalətin bərpasının ən bariz rəmzi olduğu bütün bəşəriyyətə bəyan edilib. Rusiya təbliğat maşını nə qədər aqressivləşsə də, Şuşadan ucalan ədalət səsi artıq qlobal sferaya yayılmışdır. Səfərov qardaşlarının günahsız qanı, çərkəzlərin bitməyən böyük sürgün ağrısı, saxa və buryatların talan edilən sərvətləri göstərir ki, XXI əsrdə Rusiyanın tətbiq etdiyi bu müasir müstəmləkəçilik sistemi artıq gizlədilə bilməz. Şuşa rəmzi olaraq bütun əzilən xalqların vahid həmrəylik platformasına çevrilir və bu zəfər ruhu gec-tez tarixi ədalətin tam bərqərar olması ilə nəticələnəcəkdir".
"Dialoq və İnkişaf Naminə" İctimai Birliyinin sədri Çingiz Bayramov açıqlamasında qeyd edib ki, Azərbaycanda media azadlığı, söz azadlığı və fikir azadlığı mövcuddur: "Azərbaycan demokratik dövlətdir və ölkədə düşüncə azadlığı təmin olunur. Buna görə də istər qeyri-hökumət təşkilatları, istər siyasi partiyalar, istərsə də media öz fikirlərini sərbəst şəkildə ifadə edə bilirlər. Azərbaycanda heç kim siyasi baxışlarına, düşüncələrinə və ya mövqeyinə görə təqib olunmur. Eyni zamanda ölkəmiz tolerantlıq mühiti ilə seçilir. Azərbaycanın müxtəlif bölgələrində 20-dən çox xalq və etnik qrup uzun illərdir qardaşlıq şəraitində yaşayır. Burada üç səmavi din – islam, xristianlıq və yəhudi dininin nümayəndələri sülh və qarşılıqlı hörmət şəraitində fəaliyyət göstərirlər. Hətta elə yaşayış məntəqələri var ki, müxtəlif millətlərin və dinlərin nümayəndələri heç bir ayrı-seçkilik olmadan birgə yaşayırlar. Azərbaycanda müxtəlif xalqlar, etnik qruplar və yerli icmalar yaşayır və onların hüquqları dövlət tərəfindən qorunur. Bu, həm Konstitusiyada öz əksini tapıb, həm də dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət həmin xalqların dilinin, mədəniyyətinin, adət-ənənələrinin qorunub saxlanmasına və inkişafına daim dəstək göstərir".

Ç.Qənizadə bildirib ki, bir neçə gün əvvəl Şuşada keçirilən qeyri-hökumət təşkilatlarının beynəlxalq forumunda iştirak edən Litva Seyminin sabiq üzvü Gintaras Songailanın çıxışı zamanı bildirib ki, Rusiyada bəzi xalqların mədəniyyəti tədricən assimilyasiyaya məruz qalır və ruslaşma prosesi gedir: "Əslində bu, yeni fikir deyil. Hamıya məlumdur ki, Rusiya çoxmillətli federativ dövlətdir və onun tərkibində çoxsaylı respublikalar, muxtar qurumlar və müxtəlif xalqlar yaşayır. Həmin qonaq xüsusilə çərkəz xalqının mədəniyyətinin qorunması ilə bağlı narahatlığını ifadə edib. Bu isə ictimai təşkilat nümayəndəsinin şəxsi mövqeyidir və belə fikirlərin səsləndirilməsi tamamilə normaldır. Bunu şişirtməyə ehtiyac yoxdur. Çünki Rusiyanın özü də uzun illər müxtəlif məsələlərlə bağlı Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, media nümayəndələrinin və ya siyasi partiyaların səsləndirdiyi fikirləri geniş şəkildə işıqlandırıb, hətta bəzən iki ölkə arasında baş verən kiçik hadisələri belə şişirdərək təqdim edib. Əgər hansısa xarici QHT nümayəndəsi Rusiyada yaşayan müəyyən xalqların mədəniyyətinin qorunması ilə bağlı narahatlığını ifadə edirsə, burada qeyri-adi heç nə yoxdur. Hesab edirəm ki, həmin xalqların mədəni irsinin qorunmasına ilk növbədə Rusiya özü diqqət yetirməlidir. Buna görə narahat olmağa və ya bunu siyasi qalmaqala çevirməyə ehtiyac yoxdur. Azərbaycanda keçirilən beynəlxalq tədbirə gələn hər hansı xarici qonağın öz fikrini ifadə etməsi Azərbaycanın məsuliyyəti deyil. Heç kimin söz azadlığını məhdudlaşdırmaq olmaz. Sabah Rusiyadan və ya başqa bir ölkədən gələn hər hansı QHT nümayəndəsi də fərqli mövqe səsləndirə bilər. Əgər o, hansısa ölkədə insan hüquqlarının pozulduğunu və ya müəyyən problemlərin mövcud olduğunu bildirirsə, bu, həmin şəxsin şəxsi mövqeyidir. Azərbaycan dövləti xarici vətəndaşa “niyə bu fikri səsləndirdin?” deyə bilməz. Eyni qaydada Litvadan olan QHT nümayəndəsinin Rusiya ilə bağlı səsləndirdiyi fikirləri də Azərbaycanın rəsmi mövqeyi kimi təqdim etmək doğru deyil. Problem ondadır ki, Rusiya mediası bu açıqlamanı məqsədli şəkildə şişirdərək sanki həmin fikirlər Azərbaycan tərəfindən səsləndirilibmiş kimi təqdim etməyə çalışır. Halbuki bu sözləri Azərbaycan rəsmisi deyil, Litvadan gəlmiş, Avropa İttifaqına üzv ölkənin qeyri-hökumət təşkilatı nümayəndəsi səsləndirib".
Ayhan
12:00 13.07.2026
Oxunuş sayı: 72