İran: Hörmüzdə sabitliyi ABŞ və İsrail pozur
İran Xarici İşlər Nazirliyi Hörmüz boğazı ətrafında yaranmış gərginliyin əsas səbəbinin ABŞ və İsrailin hərəkətləri olduğunu bildirib
Crossmedia.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi bu barədə açıqlama yayıb.
Nazirliyin bəyanatında bildirilib ki, regionda dəniz yollarının sabitliyinə təsir edən əsas amil ABŞ və İsrailin fevralın 28-dən başlayan qanunsuz addımlarıdır.
İran Xarici İşlər Nazirliyi ABŞ-nin atacağı hər bir addıma “sarsıdıcı zərbə” ilə cavab veriləcəyini açıqlayıb.
Bəyanatın yayılmasından əvvəl Axios portalının müxbiri Barak Ravid ABŞ qüvvələrinin İranın cənubundakı Larak adasında yerləşən iki raket qurğusuna zərbə endirdiyini bildirmişdi. ABŞ rəsmisinin sözlərinə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri həmin qurğulardan Hörmüz boğazına dəniz minaları daşıyan raketlər buraxmağa hazırlaşırdı. Bu məlumat Reuters tərəfindən də ABŞ rəsmilərinə istinadən yayıb.
İran isə buna cavab olaraq İordaniyadakı ABŞ bazalarına raket zərbələri endirib. Məlumata görə, raketlərin böyük hissəsi hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Hörmüz boğazı son aylarda ABŞ və İran arasında qarşıdurmanın əsas gərginlik nöqtələrindən birinə çevrilib. Boğazdan keçən neft və digər enerji daşımalarının həcminin qlobal bazarlar üçün əhəmiyyətli olması səbəbindən burada yaranan hərbi gərginlik beynəlxalq enerji təchizatına da təsir göstərir.
09:51 31.08.2026
Oxunuş sayı: 59