Diqqətli olun: "Xaricdə təhsil" adı altında dələduzluq çoxalıb
Xaricdə təhsil son illər Azərbaycan gənclərinin ən çox üstünlük verdiyi istiqamətlərdən birinə çevrilib. Lakin bu marağın artması ilə paralel olaraq saxta vədlərlə vətəndaşların etibarından sui-istifadə edən şirkətlərin və özünü “təhsil eksperti” kimi təqdim edən şəxslərin sayı da çoxalıb. Xüsusilə qəbul imtahanları dövründə “universitetə getmədən onlayn təhsil”, “attestatla qəbul”, “diplomun mütləq tanınacağı” kimi vədlərlə aparılan reklamlar bir çox gənci və valideyni riskli seçimlərlə üz-üzə qoyur.
Məhz bu səbəbdən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) vətəndaşlara müraciət edərək bildirib ki, xaricdə təhsil, o cümlədən diplomların tanınması prosedurları ilə bağlı heç bir şirkət və ya şəxslə əməkdaşlıq etmir. Agentlik vurğulayıb ki, bəzi şirkətlərin və fərdi şəxslərin verdiyi vədlər gələcəkdə diplomun tanınacağına heç bir hüquqi zəmanət yaratmır.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Azərbaycan Gənc Alimi, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, bizim reallığımızdır: “Nəzərə alsaq ki, hazırda Azərbaycanda ali təhsil müəssisələrinə qəbul prosesi gedir və abituriyentlər imtahan nəticələrinə uyğun olaraq universitet seçimində iştirak edirlər, məhz bu dövrdə qəbul ola bilməyən abituriyentlərin və onların valideynlərinin etibarından sui-istifadə halları daha da geniş yayılır. Biz bunu təkcə bu il deyil, əvvəlki illərdə də dəfələrlə müşahidə etmişik. Bir çox fiziki və hüquqi şəxslər müxtəlif təhsil xidmətləri adı altında məhz qəbul ola bilməyən abituriyentlərin etibarından sui-istifadə edirlər. Onlara guya xarici universitetlərə qəbul etdirəcəklərini, attestatla qəbulun mümkün olduğunu, yaxud onlayn formatda ali təhsil ala biləcəklərini vəd edirlər. Nəticədə isə abituriyent dörd il ərzində həm külli miqdarda vəsait xərcləyir, həm də vaxtını itirir. Ölkəyə qayıtdıqdan sonra məlum olur ki, onun təhsil aldığı universitetin ya hüquqi statusu yoxdur, ya da həmin ali təhsil müəssisəsinin diplomu Azərbaycanda tanınmır və ciddi problemlər yaranır. Əlbəttə, xaricdə təhsil almaq yaxşı haldır. Amma abituriyentlər və valideynlər bu kimi məsələlərdə son dərəcə diqqətli olmalıdırlar”.
Ekspert qeyd edib ki, mən hər zaman eyni mövqedə olmuşam və bu gün də həmin fikirdəyəm: “Əgər bir şəxs Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında aşağı nəticə göstəribsə, hətta minimal keçid balını belə toplaya bilməyibsə, həmin şəxsin nüfuzlu xarici universitetdə təhsil almaq imkanının nə dərəcədə real olması barədə özü düşünməlidir. Bu sualı ilk növbədə abituriyentlər və onların ailələri özlərinə verməlidirlər. Təbii ki, xarici universitetlərin qəbul şərtləri fərqlidir, onların öz tələbləri var. Burada söhbət həqiqətən nüfuzlu ali təhsil müəssisələrindən gedir. Onsuz da hər il kifayət qədər gəncimiz dünyanın tanınmış universitetlərinə qəbul olur və uğurla təhsil alır. Lakin bununla yanaşı, saxta təhsil xidmətləri göstərən şəxslərin qurbanına çevrilənlərin sayı da kifayət qədərdir. Belə hallarda gənc dörd ildən sonra ölkəyə qayıdır və əlindəki diplomun tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edir. Lakin ona imtina cavabı verilir. Bunun səbəbi də aydındır. Çünki Agentlik diplomların tanınmasını dövlət tərəfindən müəyyən edilmiş hüquqi sənədlər və Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qaydalar əsasında həyata keçirir”.
İ.Orucov bildirib ki, Xarici ölkələrdə alınmış ali təhsil sənədlərinin tanınması ilə bağlı konkret meyarlar mövcuddur: “Həmin meyarlara əməl olunmadıqda diplomun tanınmasından avtomatik şəkildə imtina edilir. Xüsusilə Gürcüstan, Dağıstan, Ukrayna və digər ölkələrdə özlərini universitet kimi təqdim edən bəzi qurumlar fəaliyyət göstərirlər. Onlar əsasən qəbul imtahanlarında istədiyi nəticəni əldə edə bilməyən, kifayət qədər məlumatlı olmayan gəncləri hədəf seçirlər. Sonradan məlum olur ki, həmin “universitet”in öz ölkəsində belə akkreditasiyası yoxdur və ya sadəcə diplom satışı məqsədi daşıyan qurumdur. Əslində, onları universitet adlandırmaq belə düzgün deyil. Digər vacib məqam da “təhsil eksperti” anlayışı ilə bağlıdır. Hesab edirəm ki, son illər bu anlayışın mahiyyəti müəyyən qədər deformasiyaya uğrayıb. Ölkəmizdə əsl mənada təhsil eksperti sayı çox məhduddur. Bəs təhsil eksperti kimdir? Fikrimcə, təhsil eksperti dedikdə, bu sahədə dərin nəzəri biliklərə malik olan, elmi araşdırmalar aparan, praktik təcrübəsi olan, təhsil siyasəti və idarəçiliyi ilə bağlı ciddi fəaliyyəti mövcud olan şəxslər nəzərdə tutulmalıdır. Hətta ölkəmizdə tanınmış təhsil mütəxəssislərindən biri, mənim həmkarım Etibar Əliyev belə müəyyən dövrdə “təhsil eksperti” ifadəsindən istifadə etməkdən imtina etdiyini bildirmişdi. Bunun da səbəbi bu anlayışın nüfuzdan salınması idi. Səbəb nədir? Səbəb ondan ibarətdir ki, son illərdə müxtəlif şəxslər “təhsil eksperti” kimi təqdim olunurlar. Halbuki onların əksəriyyəti kurs rəhbərləridir. Sual yaranır: onların hansı elmi araşdırmaları var? Hansı kitabın müəllifidirlər? Hansı elmi dərəcəyə malikdirlər? Təhsil sahəsində hansı fundamental tədqiqat aparıblar? Bu meyarlar olmadan insan necə təhsil eksperti adlandırıla bilər? Təəssüf ki, bu yanlış tendensiya elə bir həddə çatıb ki, müxtəlif təhsil xidmətləri göstərən, manipulyasiya ilə məşğul olan, insanların məlumatsızlığından və çarəsizliyindən istifadə edən şəxslər də özlərini rahatlıqla “təhsil eksperti” kimi təqdim edirlər. Bu isə artıq cəmiyyət üçün təhlükəli haldır. Mən bunu dəfələrlə müşahidə etmişəm. Burada müəyyən məsuliyyət də aidiyyəti qurumların üzərinə düşür. Çünki təhsili dərindən bilməyən insanlar öz ətraflarında da özlərinə uyğun “təhsil ekspertləri” formalaşdırırlar. Halbuki hansısa tədbirə dəvət olunmaq və ya kiminsə tərəfindən “təhsil eksperti” adlandırılmaq həmin şəxsi ekspert etmir. Belə bir ekspertin elmi fəaliyyəti haradadır? Hansı araşdırmaların müəllifidir? Təhsil sahəsində hansı yeniliklərə imza atıb? Mən həmişə bu sualları verirəm.
Çox təəssüf ki, bunun qurbanı isə yenə də vətəndaşlar olur. Ona görə də valideynlər və abituriyentlər bu məsələlərdə son dərəcə diqqətli olmalıdırlar. Kiminsə dediyinə kor-koranə inanmaq olmaz. Mütləq araşdırmaq lazımdır.
Belə yanaşma həm peşəkar mütəxəssislərin nüfuzuna zərbə vurur, həm də cəmiyyətdə yanlış təsəvvür formalaşdırır. Həqiqi təhsil ekspertləri bu səbəbdən bəzən özlərini artıq bu adla təqdim etmək belə istəmirlər. Nəticədə uduzan tərəf peşəkar insanlar olur, cəmiyyət olur, məlumatı və təcrübəsi olmayan vətəndaşlar olur. Qazanan isə insanların çətin vəziyyətindən və məlumatsızlığından istifadə edərək bundan maddi gəlir əldə edən dələduzlar olur”.
Ayhan
20:30 11.07.2026
Oxunuş sayı: 70