Ermənistan Rusiyaya ixrac məhdudiyyətlərindən zərər çəkən fermerlərə kompensasiya ödəyəcək
Ermənistan hökuməti Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracına tətbiq olunan məhdudiyyətlərdən zərər çəkən fermerlərə və ixracatçılara təxminən 8,5 milyon dollar həcmində subsidiya ayıracaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, vəsait meyvə, tərəvəz və gül ixracatçılarının alternativ bazarlara çıxışı ilə bağlı xərclərinin qismən ödənilməsinə yönəldiləcək.
Nazirliyin məlumatına görə, hazırda Ermənistan meyvələrini 15, tərəvəzini 8, güllərini isə 25 ölkəyə ixrac edir.
Qeyd edək ki, may ayından etibarən Rusiyanın Rosselxoznadzor qurumu Ermənistandan kənd təsərrüfatı məhsullarının idxalına mərhələli şəkildə məhdudiyyətlər tətbiq edir.
Bununla belə, Rusiya hələ də Ermənistanın kənd təsərrüfatı məhsulları ixracının 90 faizdən çoxunun əsas bazarı olaraq qalır.
17:44 09.07.2026
Oxunuş sayı: 50