Muzey Mərkəzində yeni sərgi salonları açıldı
bp şirkəti öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları adından Azərbaycanın zəngin mədəni irsinin qorunması və təbliğinə yönəlmiş növbəti sosial sərmayə layihəsini uğurla başa çatdırıb. Layihə çərçivəsində Bakıda yerləşən Azərbaycan Dövlət Muzey Mərkəzinin son mərtəbəsində fəaliyyət göstərən sərgi salonu əsaslı şəkildə təmir olunaraq müasir muzey standartlarına uyğun yenidən qurulub və immersiv texnologiyalarla təchiz edilib.
Crossmedia.az xəbər verir ki, layihənin başa çatması münasibətilə Dövlət Muzey Mərkəzində yenilənmiş sərgi zallarının və “Azərbaycan təsviri sənətinin inciləri. Qızıl kolleksiya” adlı sərginin açılış mərasimi keçirilib.
Modernləşdirilmiş sərgi məkanı artıq təsviri sənət nümunələrinin qorunması və nümayişi üçün beynəlxalq standartlara cavab verən qalereyaya çevrilib. Beş zalı əhatə edən 385 kvadratmetrlik sərgi sahəsi tam yenilənib, müasir işıqlandırma, iqlimə nəzarət və təhlükəsizlik sistemləri quraşdırılıb. Bundan başqa, 150-dən çox çərçivə, 10 pyedestal və digər peşəkar sərgi avadanlıqları istifadəyə verilib, multimedia və audiovizual sistemlər, proyeksiya avadanlıqları, media-server və xüsusi proqram təminatı quraşdırılıb.
Yenilənmiş məkan Azərbaycan Dövlət Rəsm Qalereyasının 12 mindən artıq sənət əsərindən ibarət kolleksiyasının daha geniş auditoriyaya təqdim olunmasına imkan yaradır. Burada ilk dəfə olaraq Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Nadir Əbdürrəhmanov və Ömər Eldarov kimi görkəmli Azərbaycan rəssamlarının nadir əsərlərinin daimi nümayişi üçün şərait yaradılıb.
Tədbirdə dövlət və hökumət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, rəssamlar, sənətşünaslar, diplomatik korpusun üzvləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Daha sonra bp şirkətinin Kommunikasiya üzrə rəhbəri Tamam Bayatlı layihə haqqında məlumat verərək bildirib ki, yenilənmə işlərinin əsas məqsədi Azərbaycan təsviri sənətinin zəngin irsini müasir texnologiyalar vasitəsilə daha geniş auditoriyaya təqdim etmək və ziyarətçilər üçün interaktiv muzey təcrübəsi yaratmaqdır.
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Reala İsa-zadə layihənin ölkənin mədəni irsinin qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Tədbirdə çıxış edən bp-nin Xəzər, Orta Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə bildirib ki, layihə Azərbaycanın təsviri sənət irsinin gələcək nəsillər üçün qorunmasına və geniş ictimaiyyətə daha əlçatan olmasına xidmət edir.
Çıxışlardan sonra rəsmi qonaqların iştirakı ilə sərginin açılışını bildirən simvolik lent kəsilib. İştirakçılar müasir işıqlandırma, rəqəmsal həllər və immersiv texnologiyalarla təchiz olunmuş sərgi zallarını gəzərək “Azərbaycan təsviri sənətinin inciləri. Qızıl kolleksiya” sərgisi ilə tanış olublar.
Qeyd edək ki, ümumi dəyəri 420 min manat (247 min ABŞ dolları) olan layihə “Greentech Solutions” MMC tərəfindən həyata keçirilib. Yenilənmiş sərgi zalları və “Azərbaycan təsviri sənətinin inciləri. Qızıl kolleksiya” sərgisi yaxın günlərdə də ziyarətçilər üçün açıq olacaq.
Nigar Xəlilli
09:30 09.07.2026
Oxunuş sayı: 77